İki min nəfərdən artıq "WOLT" işçisi avqust ayının 29-u tarixindən şirkətin irəli yürütdüyü iqtisadi şərtlərə etiraz olaraq tətil edir.
Millitv.az-ın məlumatına görə, etirazçıların vəkili Afiəddin Məmmədov Bizim.Media-ya bildirib ki, baykotun əsas səbəbi "WOLT" şirkətinin partnyor kuryerlərə qarşı tətbiq olunan yeni ödəniş sistemidir:
“Belə ki, daha öncə işçilər yaxınlıqda yerləşən məkanlardan eyni anda 2 sifariş götürərək, ayrı ünvanlara çatdırdıqları zaman, hər biri üçün ayrıca ödəniş alırdılarsa, hazırda "WOLT" şirkəti hər iki müştəridən ödəniş alır, ancaq, işçiyə yalnız birinin ödənişi olunur.
Vəkilin sözlərinə görə işçilər baykotun bitməsi üçün şirkətə qarşı üç tələb irəli sürüblər:
“Tələblər yerinə yetməyənədək baykot davam edəcək.
1. İkili daşımalarda hər daşıma üçün ayrıca qiymətlərin hesablanması.
2. Tarif 3 qəpikdən 6 qəpiyə qaldırılsın.Yəni 1 km-dən əlavə məsafələr üçün hər 100 metrə görə 3 qəpik deyil, 6 qəpik ödənilsin.
3. “Street Map” kimi tanınmayan yol xəritəsinin əvəzində “Waze” və “Google Map” kimi tanınan xəritələrdən istifadə olunsun”.
Vəkil açıqlamasına onu da əlavə edib ki, şirkət hadisə ilə bağlı yalan məlumatlar yaymaqda davam edir:
“Şirkət qeyd edir ki, baykota işçilərin çox az bir qismi qoşulub. Əslində isə 3000 işçidən 2000 işçi baykot elan edib. Əgər siz “Apple” və ya “Wolt.az” sisteminə daxil olsanız, burada sifariş verməyin mümkün olmadığını görəcəksiniz. Çünki işçilər sifarişləri götürmədiyi üçün şirkət “Offline” vəziyyətindədir”.
Baykota qoşulan “Wolt” işçisi İsa Aşumov 3 ildir ki, orada işləyib və sentyabrın 1-dən tətilə qoşulub. Onun sözlərinə görə 2021-ci ilin aprel ayında da, işçilərin qısa müddətli tətili olub.
Həmin zaman işçilərlə görüşən şirkət rəsmiləri qısa zaman müddətində onların tələblərinin yerinə yetirildiyini bildirsələr də, bu ilin avqustun 29-a kimi tariflərdə hələ də, düzəliş olmayıb:
“Avqustun 29-dan isə hər kilometrə görə aldığımız 8 qəpik 3 qəpiyə endirildi. Əsas etirazımız da məhz bu tariflə bağlıdır.
Biz eyni zamanda vergi ödəyicisiyik. O vaxt bizim ödədiyimiz DSMF 35-40 manat arası idi . İndi ödədiyimiz DSMF qiyməti isə əksinə olaraq qalxaraq 75-80 manat olub. Ümumi qazancımızın 5 faizi qədər gəlir vergisi ödəyirik. Bu şərtlər altında işləmək mümkün deyil”.
Mövzu ilə bağlı "WOLT" şirkəti ilə əlaqə yaratmağa çalışsaq da, suallarımıza cavab almaq cəhdlərimiz boşa çıxdı.
Qarşı tərəfin də açıqlamasını dərc etməyə hazırıq.