2019-cu il fevralın 5-dən 6-na keçən gecə episentri Şamaxının Pirqulu qəsəbəsində olan zəlzələdə evləri dağılan İsmayıllı rayonunun Tircan kənd sakinləri buna görə sığorta ödənişini ala bilmirlər.
Millitv.az musavat.com-a istinadən xəbər verir ki, vətəndaşlar Cahan Əhmədov və İslam Nəsirov bildiriblər ki, onların evləri icbari qaydada sığortalanıb və zəlzələdən sonra dağılan evlərinə görə təzminat ödənilmir.
İşə hazırda Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmməd Məmmədovun sədrliyi ilə baxılır.
Evləri dağılan vətəndaşlar qeyd edirlər ki, hazırda hakim Məmməd Məmmədov da prosesi onların əleyhinə aparır: “Biz öz çıxışlarımız və qanuna istinad edərək irəli sürdüyümüz arqumentlərlə vəsatətin əsassız olduğunu sübut etsək də, hakim şirkətin mövqeyindən çıxış edərək “Günaysığorta”nın əlavə ekspertiza keçirilməsi ilə bağlı vəsatətini təmin etdi.
Hakim Məmməd Məmmədov ekspertizaya sual ünvanladı ki, evlərin çıxarış olan hissəsinə nə qədər zərər dəyib. Ekspert isə cəmi 5 min manat zərər çıxartdı. Məmməd Məmmədov də bu rəyi iş materiallarına əlavə etdi. Biz buna etiraz edəndə isə hakim bizdən tualetə, hamama “kupça” tələb edir. Buna görə də məhkəmənin gedişatına öz etirazımızı bildiririk. Bir neçə instansiyada işi əlavə vəsatətlər, proseslərin təxirə salınması, əlavə ekspertizalarla illərlə uzadıb vətəndaşın təbbi hadisədə, zəlzələdə dağılan evinin pulunun verilməməsi şirkətin və qanunverici orqanın qanunlardan sui-istifadə edərək bizi rəzil vəziyyətinə salmaq istəyindən əmələ gəlir.
Bizi evsiz-eşiksiz qoyub, çətin şəraitdə yaşamaqdan bezib onların təklif etdiyi qəpik-quruşla razılaşmağımıza çalışırlar”.
Məhkəmə prosesi zamanı şirkət vəsatət verərək əlavə ekspertizanın keçirilməsini istəyib. Bu zaman yalnız çıxarışda (“kupça”da) qeyd edilən sahəyə dəyən zərərin hesablanmasını istəyib.
Vətəndaşların müraciətində qeyd edilir ki, şirkət həmçinin, evlərin tikintisinin qanuni, icazəli olub-olmaması barədə də arayış tələb edib.
Zəlzələdə evi dağılan vətəndaşlar buna etiraz ediblər:
"Həmin suallara cavab olaraq bildiririk ki, “İcbari sığortalar haqqında” qanuna görə vətəndaşın faktiki sahibliyində olan əmlakı sığortalanır və həmin qanunla faktiki sahibliyi həyata keçirənlər sığortalı şəxslər hesab olunur. Hazırki sığorta münasibətlərində faktiki istifadə hüququndan söhbət gedir. Yəni çıxarışın işin hallarına heç bir aidiyyəti yoxdur.
Məsələn, zəlzələ vaxtı bizim evin həyətyanı sahəsində, evdən bir qədər aralıda tualet və hamam da məhv olub. Amma sanitar qovşaq çıxarışda qeyd edilmir. Lakin faktiki olaraq onlara da mən sahiblik edirəm və fərdi yaşayış evimin tərkib hissəsidir. Amma sığorta şirkəti çıxarışa istinad edib ödənişindən imtina edir.
Vətəndaşlar qeyd edir ki, İsmayıllı Rayon İcra Hakimiyyəti evlərin icazə alınaraq tikilməsi, qanuni olması ilə bağlı arayış verib.
Artıq 3 ildir ki, bu mübahisə davam etdirilir və məhkəmələrdə süründürməçilik etməklə bizi evsiz qoyub”.
Qeyd edək ki, Səbail rayon məhkəməsinin hakimi Mədinə Bağırova C.Əhmədovla İ.Nəsirovun evlərinə ümumilikdə 28 min manat təzminat ödənilməsi haqda qərar çıxarıb. Sığorta şirkəti isə Cahan Əhmədova 401 manat, İslam Nəsirova isə 128 manat ödəniş edəcəyini elan edib.