Son zamanlar ictimai iaşə obyektlərin sahibləri nəinki xarici turistləri, hətta yerli vətəndaşları da aldadaraq “ciblərinə girirlər”.
Bu cür davranışlar həm turizmin inkişafına zərər vurur, həm də insanlarda restoranlara qarşı mənfi fikir formalaşdırır.
Bununla bağlı son hadisə “28 Mall” ticarət mərkəzi yaxınlığında yerləşən “Başkent” restoranında yaşanıb. Belə ki, restoranda sifariş olunan şirniyyatın ümumi məbləğindən əlavə ödəniş tələb olunub. Menyuda göstərilməyən bu ödənişin xidmət haqqı olduğu qeyd edilib.
Şikayətçi bildirib ki, oktyabrın 4-də restoranda 1 manat 10 qəpik məbləğində Poğaça sifariş verib, lakin hesab 1 manat 70 qəpik gəlib:
“Bu barədə mənə öncədən heç bir məlumat verilməmişdi. Sifariş verdiyim şirniyyatın menyuya uyğun olaraq hesabladıqda, əlavə məbləğin yazıldığını anladım. Məsələni aydınlaşdırdıqda isə bildirildi ki, 60 qəpik ofisiantın xidmət haqqıdır”.
Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən “Azad İstehlakçılar” İctimai Birliyinin rəhbəri Eyyub Hüseynov bildirib ki, əlavə xidmət haqqı tələb olunan zaman istehlakçını əvvəlcədən məlumatlandırmaq lazımdır:
“Türkiyənin servis adətləri sürətlə Azərbaycana daxil olur. Bu məsələ təxminən 6 aydır gündəmdədir. Hətta bu turizmin inkişafına da ciddi zərbə endirib. Bütün hallarda istehlakçı əvvəlcədən məlumatlandırılmalıdır.
Dünya ölkələrində istənilən yerdə istehlakçıya yaxşı xidmət göstərilən zaman istehlakçı bunu anlayır və əlavə pul ödəyir. İstehlakçı psixologiyası bu şəkildə formalaşıb. Lakin zorla ödəniş tələb etmək, hətta ödənişi qəbzə daxil etmək yolverilməzdir. Düzdür, qanun bunu qadağan etmir, əlavə xidmət haqqı tələb oluna bilər, lakin istehlakçı bu barədə əvvəlcədən məlumatlandırılmalıdır.
Bu kimi hallarda “Azad İstehlakçılar” Birliyinə yazılı şəkildə müraciət etsələr, əlavə alınan pulu biz geri qaytarılmasını və yaxud restoranlarda lövhələr asılmasını, istehlakçının əvvəlcədən məlumatlandırılmasını həyata keçirə bilərik.
Təəssüflər olsun ki, hazırda restoranlar, marketlər üçün heç bir qayda yoxdur. Lakin bu belə olmamalıdır, Nazirlər Kabineti mütləq şəkildə qaydalar hazırlayıb tətbiq etməlidir”.
Cebhe.info