Lənkəranda “Riva Hill Lankaran Resort” otelində divandan və ütüdən istifadəyə görə müştəridən əlavə ödəniş alınır.
“Qafqazinfo” xəbər verir ki, bu iddia ilə vətəndaş K. Quliyeva sosial şəbəkələrdə məlumat paylaşıb.
O, oteldə qaldıqları otaqda elektrik çaydanın olmadığını, ütünün ödənişli verildiyini, otaqda olan divandan istifadəyə görə əlavə ödəniş alındığını bildirib. K. Quliyeva əlavə edib ki, indiyə kimi qaldığı heç bir oteldə bu cür xidmət olmayıb.
Məsələ ilə bağlı “Riva Hill Lankaran Resort”otelinin icraçı direktoru Loğman Qarayev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, şikayətçinin qeyd etdiyi divandan istifadəyə görə əlavə ödəniş otel qaydalarına daxildir:
“Müştəri 2 nəfərlik otağa əlavə olaraq 4 və 8 yaşlarında iki uşaq da gətirib. Bizim otelimizin qaydalarına görə, 6 yaşa qədər olan uşaqlara xidmətlər pulsuzdur. 6 yaşdan 12 yaşa qədər olan uşaqlar üçün ödənişin 50 faizi alınır. Bizdə əlavə yataq xidməti var. Divan üçün yataq dəsti, mələfə, balış və səhər yeməyi verilir. Onun da qiyməti 19 manatdır. Müştəri də bu xidməti seçib. Divanda oturmaq üçün biz heç kimdən pul almamışıq, ödənişi yataq dəsti üçün edib. Əgər 4 yaşlı uşağa yataq istəsəydi, pulsuz veriləcəkdi.
Ütüyə gəldikdə isə elə otellər var onu qiymətə daxil edir, eləsi də var etmir. Bizim otelin qaydalarına görə ütü ayrıca verilir. Çaydan daimi istifadə olunan əşya olduğu üçün pandemiyadan dolayı biz həmin xidməti müvəqqəti olaraq dayandırmışıq”.