Belə deyirlər ki, sağlam qocalma və uzun ömür sürmək insanın özündən asılıdır. Bəşər övladı yaranan gündən hər bir şəxs uzun, sağlam ömür sürmək arzusu ilə yaşayıb, amma bu hamıya qismət olmayıb. Təsadüfi deyil ki, nağıl və əfsanələrimizdə dirilik suyu, insanı yenidən cavanlaşdıran alma, digər qidalar və möcüzəli vasitələr qəbulunun insan ömrünü uzatmasına aid rəvayətlər çoxluq təşkil edir. Dövrümüzə qədər gəlib çatan hədislərdə Adəm və Nuh peyğəmbərlərin, Loğmanın yaşının bir neçə yüz il olduğu göstərilir. Şübhəsiz ki, əsrlər boyu yaşlı, uzun ömürlü, fəal qocalıq həyatı keçirən, yazıb yaradan insanlar çox olub. Şair Molla Vəli Vidadi 100 il ömür sürüb. 99 il yaşayan məşhur rəsam Tissian ömrünün son günlərinə qədər rəssamlıq fırçasını əlindən qoymayaraq, ən gözəl əsərlərinin bir hissəsini 80 yaşdan sonra yaradıb. Ömrü boyu məsul vəzifələrdə çalışmış Uinston Çörçil 93 yaşında vəfat edib. Zəkası, ağlı, işgüzarlığı ilə seçilən türk dünyasının fəxri həkimi, professor İhsan Doğramacı 95 yaşa qədər ömür sürüb. Hazırda Yaponiyada, gündoğar ölkədə uzun ömür sürənlərin sayı az deyil.
Azərbaycanda da üzünömürlülər diyarı hesab olunan Qarabağ, Lənkəran, Şirvan, Quba, Naxçıvan bölgələrində sağlam qocalar, yaşı 100-ü keçənlər daha çox olub. Bu amil həmin bölgələrin səfalı və insanların təmiz və təbii ərzaqlarla qidalanması ilə izah edilir. Tam dəqiqləşmiş məlumatlar olmasa da, sənədlərə görə Şirəli Müslümov və Mahmud Eyvazov 150 ildən çox ömür sürüblər. Bu gün uzun yaşayan insanların sayının xeyli aşağı düşməsi, erkən ölümlərin sayının rekord həddə yüksəlməsi qeyri-infeksion xəstəliklər epidemiyası, arterial hipertoniya, ürəyin işemik xəstəlikləri, şəkərli diabet, xərçəng, avtomobil qəzaları və s. hesab olunur. Baxmayaraq ki, bu xəstəliklərin vaxtında diaqnoz qoyulması və müalicəsində çox böyük nailiyyətlər əldə olunub, amma hələ də gənc, orta yaşlarda olanlar arasında ölüm yüksək səviyyədədir. Lakin yaxın dövrədək, 50-60 il bundan əvvələ qədər, əsasən dağlıq ərazilərdə yaşayanlar arasında uzunömürlülərin sayı yüzlərlə ölçülürdü. Onlardan biri də vaxtilə adı bütün dünyda məşhurlaşmış Şrəli Müslümov idi.
Şirəli Müslümov 1805-ci ildə Lerik rayonunun Barzavu kəndində doğulub, 2 sentyabr onun dünyaya göz açdığı gündür. Şrəli baba 3 dəfə evlənərək 23 övlad sahibi olub. Onun iki arvadının adı məlum deyil. Amma yazılanlara görə, ölən gününə kimi yaddaşı iti imiş. Sonuncu arvadı isə Xatun Nuriyeva olub.1966-cı ildə Azərbaycan Kinostudiyası tərəfindən onun haqqında "Şirəli dağdan endi" adlı sənədli film çəkilib. Bu günün realllqlarından baxanda inanılmaz görünsə də o, 136 yaşında qız atası olub. Uzunömürlülüyünə görə adı Ginnesin Rekordlar Kitabına düşüb. Onun yaşını təsdiqləyən yeganə sənəd pasportu olub. Doğum haqqında şəhadətnaməsi və ya onu əvəz edən hər hansı sənəd olmadığından, onun yaşı şübhə doğurub. Şirəli Müslümov haqqında yayımlanan məlumatlar SSRİ dövrünə təsadüf etdiyindən, 1800-cü illərdə əhalinin siyahıya alınması, doğum tarixlərinin düzgün qeyd olunması və digər aidiyyati məsələlərin səhv olmaq ehtimalı da mövcuddur.
Fransız tarixçisi və sosioloqu Moşep Ud Tovem keçən əsrin 60-cı illərində çap olunmuş özünün "Qafqaz xalqları və onların mədəniyyəti" əsərində Azərbaycana da xüsusi yer ayırıb. Həmin əsərdə 1800-ci ildə əhalinin, əsasən də, siyahıya alınması yaş və doğum məsələlərinə aid olan bölməsində, Lerik (Zuvand-1930) camaatının düzgün siyahıya alınmasının həmin dövrdə qeyri-mümkün olmasını, yerləşdiyi çətin dağlıq şəraitinin, cənub mərkəzi ilə əlaqələrin və s. olmamasını yazıb. Sosioloq Şirəli Müslümovun doğum tarixinin düzgün olmamasını göstərməklə, 100 ilə yaxın yaşamasını, ölüm tarixinin isə 1973-cü ilə təsadüf etdiyini də qeyd edib. Deyilənə görə, o, pendir, meyvə, tərəvəz və balla qidalanırmış. Təkcə bulaq suyu içirmiş. Eyni zamanda, heç vaxt satışda olan çaylardan içməyib. Yığdığı dağ, çəmən, çöl bitkilərindən çaya uyğun olanlarını dəmləyib. Nadir hallarda qənd yeyib. Amma onu tanıyanların dediyinə görə, quzu ətinin kababından da imtina etmirmiş. Heç kimin köməyi olmadan bütün işlərini, o cümlədən ağır fiziki işlər görüb.
O, saxladığı sürü ilə müntəzəm olaraq hər gün 15-20 km yol qət edib, xəstə vaxtında belə bir iş tapıb məşğul olmadan sakit olmayıb. Deyirmiş ki,tənbəllik ölümü tezləşdirir. Son gününə qədər özü əkib becərər, fiziki aktivliyini daim saxlayar, çox yeməz, daha çox dağda, yaylaqda çoban yeməkləri ilə qidalanarmış. Lerikdən başqa heç yerdə yaşamayıb, iqlimini dəyişməyib və müəyyən dövrlərdə paytaxta, rayon mərkəzinə köçmək təkliflərindən imtina edib. Şirəli baba ömrü boyu siqaret çəkməyib, spirtli içki dilinə vurmayıb. Bircə dəfə siqaretin dadına baxıb, onda da özünü pis hiss edib, həkim köməyinə ehtiyac duyub.
1973-cü ilin yanvarında o, sonuncu dəfə tibbi yoxlamadan keçəndə müəyyən olunub ki, 161 sm boyu olan Müslümovun çəkisi 56 kq-dır, dəqiqədə 16 dəfə nəfəs alıb-verir. Ürəyinin bir dəqiqədə döyüntüsü 76 dəfədir. Təzyiqi isə yüzün altmışa olub. Şirəli baba ömrünün son illərini yataqda keçirib. Savadı olmayıb, oxuyub - yazmağı bacarmayıb. Şirəli baba ilk dəfə ölümündən bir il əvvəl möhkəm xəstələnib. Və 1973-cü ildə vəfat edib. O, dünyasını dəyişəndə isə nəvəsinin artıq 100 yaşı varmış. Onun çox böyük ailəsi olub. Həm də qoca yaşında belə nəvə-nəticələrinin adlarını yadda saxlaya bilirmiş. Bu gün Lerikdə onun nəslinin davamçıları çoxdur.
Bəli, Azərbaycan vaxtilə üzunömürlülər diyarı kimi, bütün dünyada məşhurdu. Öz gücləri, fiziki imkanlarına uyğun əməklə məşğul olmaq bir tərəfdən yaşlı insanların ürək-damar, sinir tənəffüs sistemlərinin normal fəaliyyətinə səbəb olmaqla bərabər, digər tərəfdən həmin qocaların həyata bağlılığı, ailəyə, ev-eşiyə lazımlığı kimi mənəvi stimuluna səbəb olurdu. Gündəlik işlə məşğul olan qocaların təqaüdə çıxdıqdan sonra bekarçılıqdan əziyyət çəkdiklərinin hamımız çox şahidi olmuşuq. Qocaların ailədə, cəmiyyətdə, kollektivdə təcrübəli, dünya görmüş ağsaqqal, ağbirçək kimi sayılması, onların həyata bağlılığı, lazımlığının sübutu kimi ömrünün uzanmasına təsir edən amildir.Bir çox alimlərin müşahidə və tədqiqatlarına əsasən sübut edilib ki, müsəlman aləmində gündə 5 dəfə eyni vaxtda namaz qılan, ildə bir ay oruc tutan, özündə səbir, hövsələlik tərbiyə edən ruhanilər arasında yaşı 100-ə çatan qocalar çoxluq təşkil edirlər.
Elm onu da sübut edib ki, hər il oruc tutan şəxslərdə kor bağırsağın iltihabı(appendisit) xəstəliyinə heç vaxt rast gəlinmir. Din xadimləri, möminlərin uzun ömür sürmələrinin bir sirri də onların həyatda baş verənlərə, sarsıntılara qarşı səbirli olmaları, stressi yaxına buraxmamalarıdır. Hər şeyin Allahın iradəsi, məsləhəti ilə olmasına inam belə vəziyyətlərdə onları ürək-damar sisteminin kəskin xəstəliklərindən qoruyur. Uzunömürlülüyün səbəblərindən biri də həmin şəxslərin zərərli vərdişlər - siqaret çəkmə və spirtli içki qəbulundan uzaq olmalarıdır.
Ən əsas səbəb isə optimizm, xoş əhval, paxıllıq və həsədi yaxına qoymamaqdan qaynaqlanır. Əsas şərt uzun yaşamaq yox, sağlam qocalmaq, mənalı ömür sürməkdir. Ömür təkcə yaşanan günlərlə yox, yaddaşlarda qalan unudulmaz günlərlə də ölçülür. Məşhur mahnıda deyildiyi kimi, nə gözəl yaraşır insan gülmək.