Ölkəmizdə uşaqdan böyüyə elə bir adam tapılmaz ki, onun adını eşidəndə tanımasın.32 illik qısa ömrünə elə bir qəhrəmanlıq səhifəsi yazdı ki,bununla da qəlblərdə özünə yuva qurmağı bacardı. Əziz oxucu! Bu gün Qəhrəman Şəhidimizn dünyaya göz açdığı gündür və sizinlə birlikdə onu yad eləmək mənəvi borcumuzdur.
29 avqust 1960-cı ildə Çingiz Mustafayev Həştərxanda Kapustin Yar kəndində dünyaya gəlib. Atası Fuad Mustafayev hərbçi olub, anası Naxış Mustafayeva evdar qadın. 1964-cü ildə ailəsi ilə birlikdə Bakıya köçüb. Atası Fuad bəy onu özü kimi hərbçi görmək istəyirdi, bu səbəbdən də oğlunu Cəmşid Naxçıvanski adına hərbi liseydə oxumağa yollayır.
Üçüncü sinifdən onuncu sinifə qədər burada təhsilini davam etdirən Çingiz hərbi məktəbi yarımçıq saxlayıb, orta məktəbə getməyə başlayır. 167 saylı məktəbi 1977-ci ildə bitirən, Azərbaycan Tibb İnstitutunun tələbəsi adını qazanan Ç. Mustafayev 1970-ci ildə Azərbaycanda ilk disko-klub yaradıcısı oldu. O, Azərbaycanda ilk DJ kimi tanındı. Çingiz qısa həyatı boyu çox belə ilklərə imza atmağı bacardı. 1981-ci ildə Çingizin başçılığı ilə 12 nəfərdən “light Dj” və “texnik”lərdən olan “3M” adlı qrup yarandı. 1983-cü ildə Ç. Mustafayev institutu uğurla başa vuraraq təyinatla Şabran rayonunda üç il müddətində həkim kimi fəaliyyət göstərdi. İlk dəfə olaraq 1983-cü ildə Azərbaycan dilində “Dünənki keçdi” rep janrlı mahnı səsləndirilib. 1990-cı ilin 20 Yanvar hadisələri zamanı Çingiz yaralılara əlindən gələn köməyi əsirgəməyib.
Sovet qoşunlarının törətdiyi qanlı əməllərdən sarsılan gənc həkim, jurnalist olaraq xalqa daha çox xeyir verə biləcəyini, bütün baş verən haqsızlıqları dünyaya çatdırmaq imkanı qazanacağını düşünərək 1991-ci ilin noyabrından Azərbaycan Dövlət Televiziyasında jurnalist və reportyor kimi işə düzəlir. Lakin onun üçün Azərbaycan miqyasında fəaliyyət göstərmək kifayət deyildi. Onun reportajları Amerika və Avropanın aparıcı xəbər agentlikləri və televiziyalarına yol taparaq informasiya blokadası altında olan Azərbaycanın həqiqətlərini dünyada yayılmasına səbəb oldu. Dövlət televiziyasında mövcud olan senzura və sərt qadağalar Çingizin geniş fəaliyyət göstərməsinə, xalqa həqiqətləri çatdırmasına mane olurdu.
Və daha bir ilkə imza ataraq “215 kl” studiyası kimi müstəqil qurumun yaradılmasının təşəbbüskarı və yaradıcısı oldu. Çingiz Mustafayev Qarabağ müharibəsi haqqında səkkiz ay ərzində 18 sənədli film hazırlamağa nail olub. O, müharibəyə təkcə jurnalist kimi yollanmırdı. O, həm də səngərdə həkim, əsgər, zabit, hətta komandir kimi bir çox vəzifəni eyni anda daşıyırdı. Cəbhə bölgələrində mülki əhaliyə qarşı dəhşətli qəddarlığa əl atan ermənilərin qanlı əməllərini çəkərək dünyaya erməni faşizminin mahiyyətini açıb göstərirdi. Çingiz ölkənin döyüş gedən bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əsgərlər haqqında xüsusi reportajlarla yanaşı, Azərbaycanda gedən siyasi proseslər barədə də ətraflı informasiyalar verirdi.
Çingiz Mustafayev Azərbaycan tamaşaçısına çəkdiyi çoxsaylı süjetlərlə tanış olsa da, ölkə və dünya ictimaiyyəti onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı. Çingiz Mustafayevin məhz bu filmi Ermənistanın imicinə bütün dünyada ciddi zərbə endirdi. Yorulmadan çəkdi, müharibənin dəhşətlərini insanlara göstərdi, əsgərlərimizin qəhrəmanlığını xalqa nümayiş etdirdi. Ölüm qorxusu duymadan bir səngərdən digərinə atıldı, əsgərləri ruhlandırmağa çalışdı. İnsanları doğma yurdlarını tərk etməməyə çağırdı. Bəzən əsəbindən söydü, bəzən hirsindən ağladı. Amma qorxu hissinı əsla özünə yaxın buraxmadı.
Hətta başının üstündən güllələr vıyıldayıb keçəndə belə çəkilişləri saxlamırdı. 1992-ci ilin iyun ayının 15-ə qədər bir an belə yorulmadan çəkdi, həqiqətləri dünyaya göstərdi. Çox tələsirdi, sanki ömrünün yarıda qırılacağını bilirdi və daha çox iş görməyə çalışırdı. Xocalı rayonunun Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsi Çingizin bir az əsəbi, bir az çılğın, bir az da kövrək səsini ömürlük susdurdu. O, həmin gün ölümü ilə əbədiyyətə qovuşdu. O gün Çingiz yaşadığı həyatdan yaddaşlara köçdü. Bəlkə də öz ölümüni lentə alan dünyada ilk telereportyor idi. Bu, onun həyatda imza atdığı son” ilk” oldu.
Axırıncı sözləri ölümünü lentə alaraq “ölürəm” idi Çingizin. Rahat yat qəhrəman jurnalist, igid Vətən oğlu! Sənin nigaran qaldığın Vətən torpaqları artıq işğal altında deyil, azaddır. Şusa da , laçın da erməni daşnaklarından tam təmizlənib. Sənin Şəhidliyin minlərlə gəncə örnək oldu. Vətən yolunda bir an belə tərəddüd etmədən şəhadətə yüksələnlərin önündə gedənlərdən oldun. Məkanı cənnət Şəhidim, nur işində yat!