Dünya sürətlə inkişaf edir, internetin olması dünyanı ovuc içi boyda balaca edib.
Obrazlı desək, uzaq Çində asqıranda ABŞ-da eşidilir.
Amma Azərbaycanda bu böyük sürətin əsər-əlaməti yoxdur.
Hətta bir müddət öncə yazdığımız məqalənin birində ölkəmizdəki internetin sürətini hamilə tısbağa sürəti ilə müqayisə etmişdik.
Bütün bunlara görə, məsuliyyət daşıyan Rabitə Nazirliyi isə susmağında davam edir.
Birdəfəlik bilmək lazımdır ki, İSTEHLAKÇI ilə Xidmət göstərən arasında qarşılıqlı öhdəlik, müqavilə var.
Əgər tərəflərdən biri öhdəliyi pozursa, qanun qarşısında məsuliyyət daşımalıdır.
Təəssüf ki, bizim qanunlarda istehlakçının hüququ qorunmur.
Belə ki, pulu vaxtında ödəməyən kimi cərimə gəlir, hətta işıq, qaz, internet kəsilir.
Amma səbəbsiz yerə qaz, işıq, su, internet kəsiləndə qarşı tərəf cərimə ödəmir.
Bu yazımızın mövzusu internet olduğu üçün bu sahəyə nəzər salaq.
Məlumdur ki, bu gün Azərbaycanda xeyli sayda internet provayderi var.
Bunlardan biri də CityNet internet xidmətləri provayderidir.
Şirkətin özü haqqında hazırladığı reklam məlumatlarına fikir verin:
Bakının bir neçə mərkəzi rayonlarını əhatə edən stabil, etibarlı və daim inkişaf edən provayderlərdən biridir. Biz FTTB (binaya optika) texnologiyası ilə işləyən fiber - optik şəbəkəmizi telekommunikasiya sahəsində lider şirkətlərin avadanlıqları vasitəsilə daim genişləndirir və modernizasiya edilir. Bu səbəbdən CityNet internet provayderinin istifadəçiləri yüksək sürətli internetlə yanaşı müxtəlif limitsiz internet tariflərindən də yararlanır.
240-a qədər rəqəmsal televiziya kanalı, internetə qoşulmanın 100 mbit/san qədər mümkünlüyü, 24 saat texniki dəstək, qoşulmanın rahatlığı, qoşulma üçün əlavə avadanlığın olmaması, xidmətdən avtomatik idarəetmə xidməti, onlayn ödəniş sistemi, bonus sürət və daimi kampaniyalar - bütün bu sadalanan üstünlükləri CityNet-ə qoşulan hər bir istifadəçi əldə edəcək
Sizə ən əsası - yüksək keyfiyyətli internet, Bakının mərkəzindən uzaqlığı, günün istənilən vaxtından və şəbəkə yüklənməsindən asılı olmayaraq daimi stabil və kəsintisiz internet xidmətini təmin edirik.
Bu səbəbdən CityNet internet xidmətləri provayderi qısa vaxt ərzində Bakı sakinləri arasında yüksək etimad qazanmışdır.Yüksək sürət və vahid lokal şəbəkə istifadə rahatlığını təmin edir.
CityNet internet xidmətləri provayderi – etibarlılıq, sərfəli tariflər və yüksək sürət!
Axırdada yazır: SƏN DƏ BİZƏ QOŞUL !
Atalar bu yerdə deyib ki, avazın yaxşı gəlir...
İndi gəlin görək, CityNet-in binəva, çarəsiz istifadəçiləri nə deyir:
Çox pis xidmətləri var. Qapıda gəlib qoşulmaq üçün özləri yalvarır. Mən onların fiber optik internetindən istifadə edirəm. Surətlərindən daim narazı olmuşam. Bu yaxında özləri gəlib qapıda əlavə İPTV yə qoşulma təklif etdilər. 18 man.(internet) + 11 man (İPTV) = 29 manat. Özlərini çox tərifləyəndən sonra, aldanıb razılıq verdim. Ödəniş günüm çatanda 29 manat ödədim, amma xəttimi açmadılar. Operator dedi ki, əlavə 9 manat borcun var. İzahını da belə verdilər ki, 11 gün artıq İPTV istifadə etmişəm, əlavə tarif dəyişiblər, sistemləri belə hesablayıb və s., müxtəlif bəhanələr gətirdilər. Bir sözlə heç kimə məsləhət görmürəm.
…Əgər əsəb xəstəsi olmaq istəyirsinizsə, CİTYNET-ə qoşulun. Cəmi 2 həftəyə sizi əsəb xəstəsi etsinlər. 3 gündü internet yoxdu gəlib düzəltmirlər. 30 manat kontura pul vermişəm, 50 dəfə zəng eləmişəm maraqlanan yoxdur.
Digər istifadəçi yazır ki, nə qədər şikayət etmək olar:
Mən 2 aydır ki, CityNet internetini istifadə edirəm. 2 ay ərzində 5 dəfə getmişəm ofisə. İnternet sürəti çox zəifdir və tez tez kəsilir. Test üçün başqa modem verdilər, 1 ay istifadə etdik, sürəti, işləməsi gözəl idi. Dünən dedilər ki, onu götürməliyik, təzə modem verdilər. (Bu da texniki problem olmadığı üçün, özüm getməli imişəm ofisə, getdim) Amma yenə sürət düşüb, quruyur, atır öz özünə. O qədər zəifdir ki, whatsapp mesajı belə 10-15 saniyə sonra çatır ünvana. 18 manat ödəniş edirəm, qətiyyən dəymir o pula. Xahiş edirəm, bilən varsa, mənə normal provayder təklif etsin, əvvəlcədən minnətdaram.
Bu şikayətləri N qədər uzatmaq olar. Amma birini yazmasaq olmur.
Şikayətçi deyir ki, mənə şirkətdən bildirdilər ki, küçədə lyük işləmir, ona görə internetiniz işləmir.
Şikayətçi haqlı olaraq soruşur ki, naqilsiz internetin lyükə nə dəxli var, bunu mənə başa salın.
Sözün qısası, CİTYNET-in internerindən istifadə etməyə dəyməz. Bizə qoşulun deyən şirkətə qoşulmağa dəyməz.
Məlumat üçün qeyd edək ki, CİTYNET şirkəti vaxtilə BTRİB-in sabiq rəisi olan Beytulla Hüseynova məxsus olub və sonradan NAR mobil operatoruna satılıb.
Sonda özümüz də internet istifadəçisi olaraq Rabitə nazirliyindən tələb edirik ki, bu rəzalətə son qoyun, vətəndaşları əsəb xəstəsi etməyin. //gundelik-baku.com//