Tovuzun Sinqapurla müqayisə edilən kəndi var. Amma nə ilə müqayisə - tullantıların ətraf mühitə vurduğu ziyanla bağlı. Hərçənd bu müqayisədə Sinqapur irəlidə gedir, amma baxma da adı adlarla qoşa çəkilən kəndimiz olsun.
Bu kənd Tovuz rayonunun ikinci ən böyük kəndi olan Aşağı Quşçu kəndidir.
Kənd camaatından redaksiyamıza gələn şikayətə görə, əvvəllər hər il 2 manat kommunla pulu ödəyirmişlər, kəndə zibil maşınları gəlib tullantıları toplayırmış. Bu ilin aprel ayına qədər belə davam edib. Qapı -qapı gəzib tullantıları toplayan maşınların arası kəsiləndən kənd camaatı qalıb belə. Zibili atmasalar, olmur, atsalar da, olmur. 3 aydır, maşın gəlmir, əvvəllər tullantıların toplandığı yeri də bələdiyyə qadağan edib. Deyir hara zibil atsanız, cərimələnəcəksiniz. Həyat var olduqca məişət tullantılartı da var olacaq? Bəs bu camaat nə etməlidir? Cərimə var, amma cərimə edilməmək üçün alternativ zibil atılacaq yer yoxdur. Şikayətçi demiş kənd camaatı zibilə görə “zibilə düşüb”. Sinqapurla müqayisə edirlər. Yerə zibil atmayın , cərimə tətbiqi-filan? Amma öncə bir siz də zibilləri toplayın da hörmətli başbilənlər.
Kənd bələdiyyəsi ilə əlaqə saxlamaq istəyimiz baş tutmadığına təəssüfləndik. Amma yəqin ki, bu məsələnin bir yola qoyarlar. Tullantıları ya emal edərlər, ya ondan biokütlə kimi istifadə edib , enerjiyə çevirərlər. əcnəbilər zibildən də para qazanır, bunun üzərində elmi işlər görülür, hətta Çin kimi inkişaf etmiş ölkədə tullantıların emalı zavodları zibili pulla alır, ondan xammal kimi istifadə edir.Bizdə də zibildən pul çıxır, amma sadəcə cərimə formasında. Dünya ilə ayaqlaşırıq ayaqlaşmasına, amma bunu da öz yöntəmlərimiz, öz bildiyimiz kimi edirik. //bizimyol.info//