XIX əsrdə geniş ərazilərdə məskunlaşan bir çox müsəlman ölkələrini işğal edən rus imperiyası əvvəlcə bu xalqları zorla xristianlaşdırmaq xətti tutdu. Lakin bu siyasət özünü doğrultmadı. Belə ki, İslam inancı daşıyan xalqlar arasında üsyanlar genişləndi, Orta Asiyada, cənubi Qafqazda və Şimali Qafqazda yaşayan müsəlmanlar qətiyyətlə buna qarşı çıxaraq sona qədər mübarizədən əl çəkmədilər.
Xüsusilə Şamil hərəkatı rusları bu addımdan geri çəkilməyə məcbur etdi. Çarizm müsəlmanların üsyanını qan içində boğsa da zorla xristianlaşdırmaq cəhdindən əl çəkməli oldu. İlk illərdə ruslar müsəlmanların həcc ziyarətinə çox da fikir vermirdilər və arzu edən hər kəs bu müqəddəs səfərə qatıla bilirdi. Lakin üsyanları yatırarkən ciddi itkilər verən İmperiya mənsubları bu ziyarətlərin güclü təsir daşıdığını başa düşdülər və ziyarət səfərlərini məhdudlaşdırmaq üçün tədbirlər görməyə başladılar. 1803-cü ildə Rusiya imperiyasının qanunvericilində həcc ziyarəti ilə bağlı ilk hüquqi akt təsdiqləndi. İmperatorun təsdiqlədiyi bu qanun Rusiyanın müstəmləkəsinə çevrilmiş Buxara əhlinə həcc ziyarəti üçün icazə versə də müəyyən qadağalar da tətbiq olunurdu.O dövrdə rusiyalı müsəlmanlar Həccə 3 marşrutla gedirdi. Zaqafqaziya və İranın Kirmanşah məntəqəsi ilə Türkiyənin sərhəd şəhəri olan Hanəkinə keçərək Bağdad istiqaməti ilə hərəkət edirdilər.
Burada şiələrin müqəddəs məkanları sayılan Qəzvin, Kərbala və Nəcəfi ziyarət edib dəvələrlə qumlu səhraları dəf edərək Məkkə və Mədinəyə çatırdılar. İkinci yolla gedənlər Özbəkistanın Səmərqənd və Buxara şəhərlərindən Əfqanıstanın Məzari-Şərif, Kabil, Peşəvər məntəqələrini ötməklə, Hindistanın Bombey şəhərinə, oradan da dəniz yolu ilə Ərabistandakı Ciddəyə çatırdılar. Üçüncü marşrut isə Qara dənizlə İstanbul və Süveyşi keçib Ciddəyə, oradan da Məkkəyə getmək idi. Birinci yoldan adətən Azərbaycandan olan şiələr daha çox istifadə edirdi. Lakin bütün məhdudlaşıdrıcı tədbirlərə baxmayaraq, çar idərəsinin statistik məlumatına görə 1917-cil oktyabr inqilabına qədər olan dövrədək Həcc ziyarətinə 12-15 min müsəlman gedə bilmişdi. Hərçənd bu ziyarətçilərin heç də hamısı Məkkəyə qədər getməmişdi. Böyük bir qrup Kərbəlanı ziyarət edərək geri qayıtmışdı. İkinci marşrutdan əsasən Orta Asiyanın müsəlman ziyarətçiləri istifadə edirdi. Üçüncü yolla isə tatarlar, sünni məzhəbinin digər daşıyıcıları və qazaxlar gedirdilər. Çar zamanında Həcc mərasiminin təşkili üçün Ciddə şəhərində fəaliyyət göstərən konsulluq böyük rol oynayıb.
Şəhərdə Rusiya imperiyasının ilk konsulu tatar Sağımurad İnrahimov olub. O, imperator tərəfindən bu vəzifəyə 1890-cı ildə təyin olunub. Konsulluğun fəaliyyətinə Birinci Dünya müharibəsinın başlanması son qoyub. Ciddədəki diplomatık idarə sovet hakimyyəti dövründə, 1924-cü ildə fəaliyyətini bərpa edib və Hicazla diplomatık əlaqə yaradaraq Ciddədə yenidən konsulluq açıb. 1926-cı ilin fevralında SSRİ Hicaz krallığının, Məcd Sutalnlığının və ona bitişik əraziləri müstəqil dövlət kimi tanıyıb. Tarixi sənədlərə görə, bu dövlətin tanınmasında sovet konsulu olan tatar Kərim Həkimovun böyük rolu olub. 1925-cil ildə Ümrə ziyarətinə gələn Həkimovun adı SSRİ-nin ilk ziyarətçisi kimi tarıxə düşür. 1917-ci ildən dayandırılmış həcc ziyarəti 10 illik fasilədən sonra yenidən bərpa edilir. 1927- ci ildə Odessa dəniz limanından ziyarətçiləri daşımağa başlayırlar və bununla da SSRİ-də müsəlmanlara həccə getmək üçün rəsmən imkan yaradılır.
Lakin bu proses cəmi bir neçə il davam edir. 20-ci illərin sonunda SSRi-də din və dindarlara qarşı başlanan amansız mübarizə, “allahsızlığın” təbliği xarıci olkələrdə, xüsusən ərəb ölkələrindən mənfi rozanans yaradır. Ciddədəki sovet konsulluğu bağlanır. Burada fəaliyyət göstərən ikinci sovet konsulu qazax Nazilr Turyakulov Həcc ziyarəti edən sonuncu diplomat olur.