Axtarış...

HƏM FƏLƏSTİN, HƏM DƏ QARABAĞA QARŞI TÖRƏDİLƏNLƏR AĞIR CİNAYƏTDİR

HƏM FƏLƏSTİN, HƏM DƏ QARABAĞ PROBLEMİ MÜSƏLMAN XALQLARINA QARŞI TÖRƏDİLƏN HUMANİTAR, SİYASİ, İQTİSADİ, HÜQUQİ BAXIMINDAN ƏN AĞIR CİNAYƏTLƏRDƏNDİR

HƏM FƏLƏSTİN, HƏM DƏ QARABAĞA QARŞI TÖRƏDİLƏNLƏR AĞIR CİNAYƏTDİR
11 Ayın Sultanı kimi tanınan Ramazan ayı bütün dünya müsəlmanları üçün sonsuz fəzilətlər və rəhm qapısının açılması deməkdir. Lakin bu ilki Ramazanın gəlişi Azərbaycan xalqı üçün daha əlamətdar və mühüm anlam kəsb edir. Xalqımız 30 ildən sonra bu müqəddəs bayramı məğlub kimi deyil, qalib tərəf kimi qeyd edəcək. Azərbaycanın qazandığı möhtəşəm zəfər bu ilki orucluq ayına bir başqa sevinc və izzət bəxş edib. Belə ki, Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağa məqsədyönlü şəkildə gətirilmiş muzdlu terrorçu quldur dəstələri və himayəçi dövlətlərin hərbi qüvvələrinin köməyi ilə 1991-2020-ci illər arasındakı dövrdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və bölgənin ətrafındakı 7 rayonu işğal edərək 28 il ərzində vaxtilə çiçəklənən bir diyarı "boz zonaya" çevirdi.

Azərbaycan Ordusu Ermənistanın 6 il ərzində apardığı müharibə nəticəsində işğal etdiyi torpaqların böyük bir hissəsini cəmi 44 gün ərzində işğaldan azad edərək Ermənistan silahlı qüvvələrinin "məğlubedilməzliyi haqqında mifi" darmadağın etdi, işğal dövründə yaradılmış mühəndis-istehkam qurğularının külünü göyə sovurdu, milli ordumuzun gücü və potensialını bütün dünyaya göstərdi. Tarixin ibrət dərsləri göstərdi ki, dünya müsəlmanlarının sağalmaz yarası olan Fələstin, Kəşmir, Qarabağ və digər münaqişə ocaqlarının aradan qaldırıması üçün birləşmək, güclənmək və İslam həmrəyliyinin təmin edilməsinə çalışmaq mühüm şərtdir. Həqiqətən də müsəlmanlar arasında vəhdət və həmrəylikdən başqa daha faydalı və təsirli vasitə tapmaq mümkün deyil.

Həm Qarabağda, həm də Fələstində baş verən zorakılıq, terror və sakinlərin vahiməyə salınması halları, habelə etnik təmizləmə məqsədi güdən qətllər arasında oxşarlıq təsadüfi sayıla bilməzdi. Qarabağda baş verən vəhşiliklərin çoxu Səbra və Şətilə, Deyryasin, Bəhrülbəqər və Kana hadisələrilə, bu gün İsrailin BMT-nin, Təhlükəsizlik Şurasının, Dördtərəfli komissiyanın və Avropa İttifaqının, o cümlədən, bütün dünya xalqlarının gözü qarşısında törətdiyi qətllərlə eynidir. Çünki həm Fələstin,həm də Qarabağ problemi müsəlman xalqlarına qarşı törədilən humanitar, siyasi, iqtisadi, hüquqi və ictimai normalar baxımından ən ağır və ən mənfur cinayətlərdəndir. Bu baxımdan hər iki problemlə - Fələstin və Dağlıq Qarabağla bağlı cinayətlərin kökləri çox cəhətdən oxşardırlar, hər iki xalqa–Fələstin və Azərbaycan xalqlarına qarşı törədilən cinayətlərin az qala eyni metodla törədildiyini demək olar.

İsrail Livanın cənubunu bombardman edəndən sonra 1979-cu ilin avqustunda İslam aləminin böyük mütəfəkkir və müctəhidi Seyid Ruhullah Xomeyni dünya müsəlmanlarına səslənərək mübarək Ramazan ayının son cümə gününü Fələstin xalqına dəstək olmaq üçün "Qüds" günü elan etdi. O vaxtdan bütün dünya müsəlmanları Qüds gününü izdihamlı nümayişlərlə qeyd edirlər. Bu aksiyaya qoşulanlar arasında qeyri -müsəlmanların da sayının getdikcə artması "Qüds günü" ideyasının kifayət qədər uzaqgörən, düzgün və vaxtında qəbul edilən bir qərar olduğunu təsdiqləyir.

Həzrət Peyğəmbərin (s) mövludu günlərinin “Vəhdət həftəsi” adlandırılması, müsəlmanların ilk qibləsini işğal edənlərə qarşı mübarizənin koordinasiyası məqsədilə İmam Xomeyni (r) tərəfindən mübarək Ramazan ayının son cümə gününün “Beynəlxalq Qüds günü” elan edilməsi, Həzrət Ayətullah Xamenei tərəfindən “İslam məzhəblərinin yaxınlaşdırılması assambleyası”nın yaradılması və “Beynəlxalq vəhdət həftəsi” konfranslarının müntəzəm şəkildə keçirilməsini birliyə aparan məqsədyönlü fəaliyyətlərdən hesab etmək olar.

Həzrət Ayətullah Xamenei 1997-ci il 9 dekabr tarixində İran İslam Respublikasında keçirilən İslam ölkələri rəhbərlərinin səkkizinci sammitinin açılış mərasimindəki çıxışında Qarabağ münaqişəsinə işarə edərək demişdi:“Qarabağda və dünyanın bəzi başqa yerlərində müsəlmanlar sıxıntıdadırlar. İslam Ölkələri Konfransı xüsusi komitələr vasitəsilə bu işlərə diqqət ayıra və bütün üzvlərin qatıldığı təsirli bir fəaliyyətlə problemi həll edə bilər.” Təsadüfi deyil ki, Azərbaycan Respublikasının mərhum prezidenti Heydər Əliyev 1997-ci il dekabrın 10-da Ayətullah Xamenei ilə görüşündə onun çıxışını mənalı, müdrik və iftixarlı bir çıxış kimi dəyərləndirərək Azərbaycan Respublikasını İslam dünyasının ayrılmaz hissəsi adlandırdı. Həmin tarixi görüşdə Ali dini rəhbər Azərbaycan Respublikası xalqının öz torpaqlarını təcavüzkarlar qarşısında müdafiə etməyi dini prinsip sayaraq bildirmişdi ki, Azərbaycan Respublikası əhalisi ermənilərin təcavüzünə məruz qalmışdır və Ermənistan dövləti bu hadisədə təcavüzkardır. O, ümid etdiyini bildirmişdi ki, bu müharibə tezliklə haqq cəbhəsinin qələbəsi ilə sona çatacaqdır. Bu fikirlərdən 23 il sonra dost və qardaş ölkə rəhbərinin dedikləri özünü doğrultdu və Azərbaycan Silahlı Qüvvələri Ali baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə 44 gün ərzində tarixi
ədalətsizliyə və işğala son qoydu.

Bəli, bir neçə gündür ki, hamımıza ürəyimizdəki şəhid nisgilini bir anlığıa da olsa unutduran, könlümüzü işıqlandıran Ramazan ab-havasında yaşayırıq. Qəlbimizdə bu ayın bərəkətinə inam sonsuzdur. Neçə bölgəmizdə otuna-çiçəyinə güllələr çilənən, Şəhid qanı ilə suvarlan Vətəndə bu ilki Ramazanı müxtəlif məkanlarda qarşılayırıq. Kimimiz bu gözəl ayı əlləri ulu yaradanın rəhminə uzanaraq evində-eşiyində, kimimiz ürəyində yurd həsrəti, qaçqınlıq dərdi bitib deyə, doğma ocağında, işğaldan azad olunmuş Qarabağda, kimi də əlində silah yenə Vətən sərhədlərinin keşiyində qeyd edir. Çoxumuz da evində, ailə ocağının başında orucluq ayının fəzilətli günlərini yaşayırıq.

Allahın rəhmini və lütfünü bizlərə lütf edən on bir ayın Sultanı! Gəlişinlə qəlbimizə fərəh gətirdin, dərdlərimizi unutdurdun, üzümüzü güldürdün. Allah oruc-namazımızı qəbul etsin, Amin.


HƏM FƏLƏSTİN, HƏM DƏ QARABAĞA QARŞI TÖRƏDİLƏNLƏR AĞIR CİNAYƏTDİR





Nazilə Atakişiyeva
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz