"Sədərək Gömrük Məntəqəsindən TIR yük maşınlarında 300 litrdən artıq dizel yanacağı keçirməyə qadağa qoyulub. Yanacaq çənində bu miqdardan artıq yanacaq olan yük avtomobilləri ya sərhəddən buraxılmır, ya da onlardan əlavə hər yüz litr üçün 60 dollar rüşvət tələb olunur".
Millitv.az xəbər verir ki, bu barədə “Gündəlik Naxçıvan” məlumat yayıb.
Bakı şəhər sakini Cabbar Seyidov bildirib ki, uzun müddətdir Türkiyə ərazisindən keçərək Gürcüstandan Naxçıvana mal daşıyır:
“İndiyə kimi heç bir problem olmayıb. Mənim yük maşınım qanuni 1500 litr salyarka (dizel - red.) tutur. Sonuncu dəfə Naxçıvandan qayıdanda 1000 litr vurmuşdum ki, Bakıya gəlib çata bilim. Çünki Türkiyədə yanacaq çox bahadır. Gömrükdə dedilər ki, 300 litrdən artıq olmaz, ya çəni boşalt, ya da 700 litrə görə 420 dollar ödə. Elə qiymət qoyublar ki, Türkiyədən almaq daha sərfəlidir. Ancaq, çəni boşaltmağa yer tapmadığımdan məcbur qalıb 420 dolları ödədim. Ödədiyim pul öçün qəbz tələb edəndə, mənə güldülər. Necə olur ki, Azərbaycandan Gürcüstana keçəndə çəni yoxlamırlar, ancaq Naxçıvan yoxlayır? Qanuni qadağadırsa, qoy hər yerdə olsun”.
Adının çəkilməsini istəməyən Türkiyə vətəndaşı iddia edib ki, gömrük işçiləri ondan da rüşvət tələb ediblər:
“İstanbula mal aparmalı idim. Yük maşınının çəni 1100 litr tutur. Tam doldurmuşdum ki, yolda baha almayım. Gömrük işçiləri dedi ki, 300 litrdən artıq olmaz. Məndən 480 dollar rüşvət istədilər. Məcbur qalıb geri qayıdıb çəni tanışlardan birinin həyətinə boşaltdım. Avtomobilin standart çənidir. Buna qarışmaq ixtiyarları yoxdur. Naxçıvanda özbaşınalıqdır deyə, istədiklərini edirlər”.
Sədərək Gömrük İdarəsindən sürücülərin iddialarına cavab almaq mümkün olmayıb.