Naxçıvanda taksi sürücüləri Sədərək gömrüyünün şikayəti əsasında Türkiyədə "yanacaq qaçaqmalçısı" kimi həbs olunur.
Millitv.az xəbər verir ki, bu haqda "Gündəlik Naxçıvan"a sürücülər özləri məlumat verib. Onlar deyir ki, şərlənmələrinə səbəb, Naxçıvan Gömrük Komitəsinin sədr müavini Səbuhi Novruzovun yanacaq monopoliyasına tabe olmamalarıdır.
Sürücülər deyir ki, sərhədi keçən avtomobillərdən tələb olunur ki, yanacağı məhz Səbuhi müəllimin məntəqələrindən alsınlar. Orada isə qiymətlər xeyli baha olduğundan, onlar başqa ünvana üz tutur. Sürücülər deyir ki, bunun qarşısını ala bilməyən gömrük işçiləri isə, belə bir ağlasığmaz üsula əl atıblar.
Səbuhi Novruzov bir neçə aydır ki, Naxçıvan Gömrük Komitəsinə müavin təyin olunub. Ali Məclisin sədri Vasif Talıbovun yaxın qohumu olan yeni müavinin Naxçıvanda xeyli yanacaqdoldurma məntəqələrinin olduğu bildirilir. Bu məntəqələrdə biri də Şərur rayon Siyaqut kəndi yaxınlığında, Sədərək gömrüyünə gedən yolun üstündədir. Gömrükdən keçən taksilərdən tələb olunur ki, yanacağı məhz həmin məntəqədən doldursunlar. Sürücülər deyir ki, bu tələbə boyun əyməyən sürücülərə qarşı tədbir isə amansız olur. Onlar sərhədi keçəndən sonra, gömrük işçiləri Türkiyə jandarmasına zəng edib, həmin taksi sürücülərini yanacaq qaçaqmalçısı kimi təqdim edirlər. Bundan sonra Türkiyə hüquq-mühafizə orqanları qaçaqmalçı adı ilə avtomobilu və sahibin həbs edir. Sürücülər cərimə olunduqdan sonra buraxılsa da, avtomobillərə uzun müddətli həbs kəsilir. Sürücülərə əlavə olaraq, uzun müddət Türkiyəyə giriş qadağası qoyulur.
Belə sürücülərdən biri də Nurəddin Məmmədovdur. O deyir ki, bir neçə gün öncə, onu da qaçaqmalçı adı ilə Türkiyədən deportasiya ediblər:
"İğdir şəhərinə müştəri aparmışdım. Qayıdanda jandarmalar saxladı, dedi ki, Naxçıvan tərəfi ihbar edib ki, siz yanacaq daşıyıb satırsınız. Qaçaqmalçı adı ilə avtomobili əlimdən aldılar, cərimə edib Türkiyədə saxladılar. Üstəlik özümün də Türkiyəyə girişimə 5 illik qadağa qoyub, deportasiya elədilər. Yanacağı onlardan almadığım üçün, Sədərək gömrüyünün işçiləri məni şərlədilər, uşaqlarımı çörəksiz qoydular. İndi mən necə dolanacağam? Taksinin kreditini də hələ ödəyib qurtara bilməmişdim. Nə edəcəyimi bilmirəm. Tək mən deyiləm. Mənim kimi 10-larla sürücü bu cür şərlənib, deport olunublar Türkiyədən. Əslində əsl qaçaqmalçı özləridir. Səbuhi Novruzovun adamları öz yük və minik avtomobillərinə gizli çənlər yerləşdiriblər. Hər gün gömrükdən yüz tonlarla yanacağı oğurluq yolla keçirib, Türkiyədə satırlar. Onlara gözün üstə qaşın var deyən yoxdur".
Türkiyəli sürücülər də Sədərək gömrüyündə buna bənzər halla üzləşdiklərini deyirlər. İgdir-Naxçıvan-İgdir reysi üzrə işləyən, adının çəkilməsini istəməyən avtobus sürücüsü deyir ki, yanacağı başqa məntəqədən aldıqlarına görə, onları da gömrükdə incidirlər:
"Yanacağı gərək bunlar dediyi yerdən alaq, Səbuhi müəllimdən. Almayanda, gömrükdə problem çıxarırlar. Yanacaq çənini ölçürlər, deyirlər yanacağı boşalt görək neçə litirdi. Yox yerdən gecikdirirlər. Onlar dediyi yerdən alanda isə, heç bir problem olmur. Sanki bizi izləyirlər. Haradan nə qədər yanacaq aldığımız əzbər bilirlər".
Məsələyə münasibət öyrənmək üçün Naxçıvan MR Gömrük Komitəsi ilə əlaqə saxladıq. Komitədən sürücülərin iddiaları ilə bağlı suallarımızı cavablandırmaq istəmədilər.
Səbuhi Novruzov ötən ilin oktyabr ayına kimi Naxçıvan daxili işlər nazirinin müavini vəzifəsində çalışıb.