Bir neçə gün öncə Xətai rayonu Məhəmməd Hadi 41 ünvanında yerləşən, Ressan MMC -yə məxsus 17 mərtəbəli binanın sakinləri MTK rəhbərliyinin onlara verdiyi vədləri yerinə yetirmədiyi üçün binanın həyətində etiraz üçün toplanıblar.
Sakinlərin müraciəti əsasında Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və mətbuat nümayəndələri də gəlib.
Sakinlər "Ressan" MMCnin rəhbəri İsmayılov Rauf Ağamusa oğlundan müqavilədə göstərilən şərtlərə əməl edilməsini, mənzillərinə çıxarışların verilməsini, süni olaraq qaldırılan kommunal qiymətlərin aşağı salınmasını və digər problemlərin həll olunmasını tələb ediblər.
Sakinlər bildiriblər ki, 2018-ci ildən bina istifadəyə verilib. Amma bu 5 il ərzində öz halal mənzillərinə çıxarış ala bilmirlər. Məsələ ilə bağlı MMC rəhbərliyinə müracit etdikdə rəhbərlik müxtəlif bəhanələrlə sakinləri aldadır.
Həmçinin mənzillər alınarkən müqavilə ilə sakinlərdən 3 min manat əlavə ödəniş alınıb. Bu ödəniş çıxarışın verilməsi və sayğacların qoyulması üçün nəzərdə tutulub. Amma bü günə kimi sakinlər pulunu ödəsələr belə çıxarışı ala bilməyiblər.
MMC-nin rəhbəri əraziyə gələrək sakinlərin problemlərini işıqlandıran ARB televiziyasının əməkdaşına bildirib ki, sənədləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verib. Yəni çıxarışın verilməsini əngəlləyən bu qurumdur. Amma qurumdan bildirilib ki, sözügedən MMC-dən onlara heç bir sənəd daxil olmayıb. Qısacası MTK rəhbəri yalan danışır.
Halal mənzilini satmaq istəsən 2 min manat MTK rəhbərinə verməlisən...
Daha bir problem hər hansısa sakinin öz halalca mənzilini sata bilməməsidir. Çıxarış olmadığı üçün mənzilini satmaq istəyən sakin alğı-satqı sənədini MTK-dan almalıdır. Bu sənədi vermək üçün MTK rəhbərliyi evini satmaq istəyən sakindən əlavə 2 min manat pul istəyir. Əks təqdirdə satışa icazə vermir.
Avtomobil dayanacaqları obyektə çevrildi. FHN hara baxır?
Sakinlərin daha bir narazılığı mənzilləri alarkən layihədə göstərilən binanın altındakı avtomobil dayanacağı ilə bağlıdır. Qeyd olunur ki, binanın altındakı qarajlar sakinlərin avtomobillərinin saxlanması üçün nəzərdə tutulub. Həmçinin bu dayanacaqlara sakinlərin rahatlığının təmin olunması üçün lift qapıları da açılıb. Amma sonradan MMC rəhbərliyi bu qapıları bağlayaraq dayanacağı obyekt halına salıb başqa şəxslərin istifadəsinə icarəyə verib. Nəticədə sakinlər avtomobillərini binanın qarşısında və ya yolun ortasında saxlamaq məcburiyyətində qalıb.
Narazı sakinlər bildirirlər ki, azyaşlı uşaqlar, yaşlı adamlar, əlində hansısa yük olan sakin evinə çatmaq üçün piyada uzun məsafə getməli olur. "Qaraj"ların bağlanaraq obyekt kimi istifadəyə verilməsi daha bir ciddi problemin yaranması ilə nəticələnib. Dayanacaq olmadığı üçün əksər sakinlər avtomobillərini binanın dar həyətində saxlamaq məcburiyyətində qalır. Əsasən axşam saatlarında vəziyyət daha biabırçı və təhlükəli hal alır. İşdən qayıdan sakinlər avtomobillərini harda saxlayacaqlarını bilmir, məcburiyyətdən yolu bağlayır, əlavə narazılıq yaranır, təhlükəsizlik tədbirləri pozulur, əsəblər gərilir və sairə...
Hansısa yanğın təhükəsi zamanı yanğınsöndürən avtomobillərin asanlıqla həyətə daxil olması ciddi problemlə çevrilir, bina sakinləri üçün daha təhlükəli vəziyyət hökm sürür. Həmçinin hansısa xəstə sakin evinə Təcili Tibbi Yardım xidməti çağırarsa o zaman da eyni problem yaranır. Hətta xəstəni qonşuların köməyi ilə 100 metr məsfaədə tibbi xərəkdə daşımaq lazım olur. Bir sözlə, bu bina sakinlərinin müqavilədə göstərildiyi kimi rahat həyatı yoxdur, təhlükəsizliyi isə ciddi sual altındadır.
Aidiyyatı qurumlar, təhlükəsizliyə cavabdeh olan FHN-nin ərazi üzrə nümayəndəliyi və rəhbərliyi hələ də burda yaşananlara görə, konkret addımlar atmır.
Sakinləri bildirir ki, sözgedən binada yaşayan uşaqların istirahəti, yaşlı insanların rahatlığı ümumiyyətlə, unudulub. Hansı ki, mənzilləri alarkən MTK rəhbərliyi binanın həyətində uşaqlar uçun oyun meydançasının, güllük və rahat bağ skamyalarının, yaşıllıqların salınacağını vəd verib.
Bu vədlər bina tikintisi zamanı önündə vurulan lövhədə də qeyd olunub.
Hazırda nə uşaqların əylənməsi üçün park, meydança, nə də insanların dincəməsi üçün oturacaqlar var.
Lakin məhz uşaqlar üçün oyun meydançasının tikilməsi, sakinlərin dincəlməsi üçün nəzərdə tutulan park yerini hazırda avtomobil saxlamaq üçün dayanacaq ediblər və buna görə, avtomobili burada saxlamaq istəyən sakin 30 manat ödəməlidir.
Həmçinin qapalı həyət anlayışından əsər-əlamət qalmayıb. Sakinlər bildirir ki, bu günlərdə binanın ətrafındakı qoruyucu hasarlar sökülüb, giriş hissəsi də hasarlanıb. Bu isə uşaqların həyətdə təhlükəsiz oynamasını sual altında qoyur.
Binanın ehtiyyat generatoru da yoxdur. Bu isə daha böyük təhlükədən xəbər verir. Yəni əgər binada işıqlar sönərsə, liftlər dayanır, su kəsilir və həyat donur... Hansı ki, bu məsələ MTK rəhbərliyi tərəfindən həll olunmalıdır. Amma rəhbərlik bildirir ki, generator istəyirsizsə sakinlər pul yığsın və generator alınıb quraşdırılsın. Biz sözlə, MTK rəhbərliyi sadəcə mənzilləri satmaq üçün insanları aldadaraq şirin vədlər verib. Bütün bunlar göstərir ki, MTK rəhbərliyinin məqsədi sakinlərə rahat həyat vəd etmək deyil, pul qazanmaqdır.
Polislə qorxutma, bohtan atma və...
Daha bir problem narazılıq edən sakinlərin polislə qorxudulmasıdır. MTK rəhbəri səsini çıxaran sakinləri polislə qorxudur, böhtan atır, şərləyir və bu yolla insanları susdurmağa çalışır. Eyni addım son etiraz zamanı sakinlərdən bir neçəsinə qarşı atılıb. Belə ki, narazılıq edən sakinlərdən biri Orxan Əzizov MTK rəhbəri tərəfindən şərləndiyini deyir.
Haqqını tələb edən bina sakini Orxan Əzizov Bizimxeber.az-a açıqlamasında deyib ki, bina sakinlərinin gözü qarşısında MTK rəhbəri bizi susdurmağa çalışdı, təxribata əl atdı: "Təbii ki, mən və digər bina sakinləri daha səbirli və təmkinli davranaraq haqqımızı tələb etdik. Bu zaman MTK rəhbərliyi 102 xidmətinə zəng edərək əraziyə polis nəfərləri çağırıb. MTK rəhbəri əraziyə gələn polis əməkdaşlarına bildirdi ki, guya mən və Elçin adlı sakin onu döyməyə cəhd etmişik və bizdən şikayətçidir. Hansı ki, baş verənlər bütün bina sakinlərinin gözü qarşısında baş verib və ümumiyyətlə, biz "Ressan MMC"nin rəhbəri Rauf İsmayılovun 1 metrliyinə belə yaxınlaşmamışıq. Bina sakinləri bunu müraciət ərizəsində öz imzaları ilə təsdiqləyirlər.
Bizi Post Patrul avtomobilinə mindirərək Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə apardılar və bildirdilər ki, "Ressan MMC"nin rəhbəri İsmayılov Rauf Ağamusa oğlu bizdən şikayətçidir. İzahatımızı aldılar. Bildirdik ki, "Ressan MMC"nin rəhbəri İsmayılov Rauf Ağamusa oglu haqqımızı tələb etdiyimiz üçün bizi susdurmağa və şərləməyə çalışır. İzahatımız alınandan sonra bizi sərbəst buraxdılar. Polisdə bizə qarşı heç bir kobud hərəkət edilmədi".
Bina sakini "Ressan MMC"-nin rəhbərinə qarşı şikayətçidir
Sakinin sözlərinə görə, "Ressan MMC" nin rəhbəri İsmayılov Rauf Ağamusa oglunun onu şərləməsindən, baş verənlərə hüquqi qiymət verilməsi və dəqiq araşdırılması üçün öncə 102 xidmətinə, daha sonra daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazova, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Əkbər İsmayılova müraciət edib: "Həmçinin "Ressan MMC"nin rəhbəri İsmayılov Rauf Ağamusa oğlundan şikayətçiyəm. O, bizim problemlərimizi həll etmək, müqavilədə göstərilən vədləri yerinə yetirmək, çıxarışımızı vermək əvəzinə, bizi susdurmaq üçün polislə qorxutmağa cəhd edir. İnanıram ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Əkbər İsmayılov və digər aidiyyatı qurumların rəhbərliyi baş verənləri nəzarətə götürəcək, "Ressan MMC"nin rəhbəri Rauf İsmayılovun bu şər və böhtan dolu əməllərinə hüquqi qiymət verəcək. Mən polisimə inanıram və hesab edirəm ki, polis vətəndaşların yanındadır, onların təhlükəsizliyini var gücü ilə qoruyur".
Qeyd edək ki, "Ressan MMC"nin rəhbəri Rauf İsmayılovun bina sakini Orxan Əzizova qarşı təxribatları və təzyiqləri davam edir. Belə ki, bu gün səhər saatlarında heç bir kommunal borcu olmayan Orxan Əzizovun mənzilinin elektrik enerjisi MTK rəhbərinin göstərişi ilə kəsilib. Bina sakini Orxan Əzizov heç bir kommunal borcunun olmadığını bildirsə də, ona bu göstərişin Rauf İsmayılov tərəfindən verildiyi bildirilib. Bu faktı videogörüntülər sübut edir.
Bir sözlə, "Ressan MMC"nin rəhbəri Rauf İsmayılov yaranmış məlum problemi həll etmək, sakinlərə verilən vədləri yerinə yetirmək əvəzinə bina sakinlərinə polislə hədə qorxu gəlməkdə, qanunsuz olaraq elektrik enerjisini bağlamaqda davam edir...
Hesab edirik ki, aidiyyatı qurumlar günahsız olan, haqqını tələb edən bina sakinin məlum vəziyyətini nəzarətə götürəcək, Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin rəhbərliyi baş verənləri bir tərəfli ("Ressan MMC"nin rəhbəri Rauf İsmayılovun xeyrinə) araşdırmayacaq və haqq-ədalət öz yerini tutacaq.
Ölkədə texniki təhlükəsizliyin təminatını həyata keçirməli olan Fövqəladə Hallar Nazirliyinin aidiyyatı qurumları Xətai rayonu Məhəmməd Hadi 41 ünvanında yerləşən, “Ressan” MMC -yə məxsus 17 mərtəbəli binanın təhlükəsizliyini bir daha nəzərdə keçirəcək, çatışmayan göstəriciləri MTK rəhbərliyindən həllini tələb edəcək.
Həmçinin ümid edək ki, "Ressan MMC"nin rəhbərliyi ilə bina sakinləri arasında hansısa çıxış yolu tapılacaq, problemlər həll olunacaq, vətəndaşların problemlərini öz həllini tapacaq.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq...
Bizimxeber.az