Ağdaş rayonu sakini, şəhid ailəsi olan Zöhrab Şamilov problemlə üzləşib.
Millitv.az-ın məlumatına görə, “Yeni Sabah”a müraciətində o bildirib ki, qardaşı Sabir Şamilov Kamil oğlu 21.10.1992-ci ildə Laçın istiqamətində gedən döyüşlərdə şəhid olub. 2021-ci ildə anası Dostuxanım Şamilova Mikayıl qızına şəhid ailəsindən olduğu üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ev tikiləcəyi haqda telefon zəngi gəlir.
Elə hər şey də bundan sonra başlayır:
“Bizə dedilər ki, bütün şəhid ailələrinə ev tikilir. Siz də istəsəniz, həyətinizdə ev tikək. Biz də həyətyanı sahəmizdə şərait olmadığından bunu lazım bilmədik. Dedik ki, mümkündürsə, başqa yerdə olsun. Bizə Qarabağ Əlillər Birliyinin sədri İsmayıl bəy bu halda, başqa yerdə torpaq almağımızı sənədləşdirib, yenidən müraciət etməli olduğumuzu dedi. Mən də yaşadığım rayonun başqa hissəsindən yer aldın, sənədləşdirdim. Müraciət edəndə isə siyahı üçün lazım olan 26 nəfərin adı yazılıb və baxış üçün göndərildiyini dedilər. Gecikdiyimi, işimin həllinin gələn ilə qaldığını da xüsusi vurğuladılar”.
Şikayətçi deyir ki, özü dəfələrlə müraciət edib. Ona hər dəfə növbəlilik əsasında və il ərzində başlayacağını deyiblər. O gündən bu günə də heç bir səs yoxdur:
“Borca-xərcə girib, aldığım torpaq sahəsi boş qalıb. Hər halda mənə torpaq alınması təklif edilib ki, almışam. Deyilməsəydi, bunu etməzdim ki... Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bununla bağlı müraciət edəndə məni hər dəfə “növbəlilik əsasında” və ya “tikintiyə il ərzində başlayacaq” sözləriylə yola verirlər. 2011-ci ildən bu yana növbədəyik. İki-üç dəfə gəlib, torpaq sahəsinin kommunal sistemlə təmin olunub-olunmadığını soruşublar. Bununla da məsələ bitib. O gündən bu günə də heç bir xəbər yoxdur”-şikayətçi deyib.
Məsələ ilə əlaqədar Ağdaş rayonu, Sosial Xidmətlər Agentliyinin əməkdaşı Anar bəylə əlaqə saxladıq: “Siyahıda iyirmi altı nəfər olsa da hələ də ev tikilməsinə başlanılmayıb. Həmin vətəndaş torpağı olmayan kimi qeydiyyata düşmüşdü. Hazırda torpaqlı kimi qeydiyyata alınıb”.
Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov isə dedi ki, vətəndaşa torpaq alınmsıyla bağlı təklif edilə bilməz:
“Qanunvericiliyə əsasən, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəhid ailələri və müharibə əlillərinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mənzillərin və ya fərdi evlərin verilməsini növbəlilik prinsipi əsasında həyata keçirir. Şəhidimiz Sabir Şamilovun anası Dostuxanım Şamilova Ağdaş Rayon İcra Hakimiyyətində imtiyazlı şəxs kimi mənzil növbəsinə dayanıb. Dostuxanım Şamilova üçün fərdi evin tikintisinə növbəliliyə uyğun olaraq il ərzində başlanacaq. Vətəndaşa torpaq alınmasıyla bağlı hər hansı təklif edilə bilməz”-o bildirib.