Xəbər verdiyimiz kimi 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan iki qardaşlardan biri də Cavid və Çingiz qardaşlarıdır. Onların arasında iki yaş fərq var, valideynləri onlara eyni gündə toy edib. Vətən müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olublar.
Şəhid qardaşların anası Faya xanım Moderator.az-a açıqlamasında bildirib ki, iki oğlu olub və onlar da torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmancasına şəhid olublar:
“Çingiz evin kiçik oğludur, əsgərlikdən sonra müddətdən artıq hərbi qulluqçu kimi xidmətinə davam etdi. Cavid isə sonradan hərbiyə qayıtdı. Çingiz beş il Naxçıvanda qulluq etdi, daha sonra Tovuza gəldi. Tovuzda qardaşı Cavidlə birlikdə xidmət edirdi. Ordan da “Həmlə” taboruna keçdi. Onlara eyni gündə toy etmişəm. 2013-cü ildə Cavid və Çingizin toyunu etdik. Cavidin bir oğlan və bir qızı, Çingizin isə iki oğlu var”.
“Sən demə, Çingiz Cavidin şəhid olduğunu bilib və məndən söz alırmış, başa düşmədim...”
“Sentyabrın 28-də Cavid şəhid olub və Çingiz bunu dostlarından bilib. Sentyabrın 29-da zəng vurub dedi ki, “ana, Caviddən xəbərin varmı?” Dedim ki, yox, dünən danışmışam, telefonuna da zəng çatmır. Dedi ki, “yaxşı, aşağı düşürəm sonra zəng edərəm”. Sən demə, Çingiz Cavidin şəhid olduğunu bilib və məndən söz alırmış, başa düşmədim. Çingiz də döyüşə qatılıb və onu dostları israr etsə də geri qaytara bilməyiblər. Cavid sentyabrın 28-də şəhid olub və 6 gün neytralda qalandan sonra onun nəşini oktyabrın 4-də gətirib dəfn etdik. Cavid dəfn olunan gün isə Çingiz şəhid olub. Amma 78 gündən sonra Çingizin nəşini gətirib bizə verdilər. Dekabrın 18-də onun nəşini gətirdilər. Onlar 18 nəfər şəhid 78 gün səngərdə qalıblar və indi o şəhidlərin hamısının şəkilini axtarıram ki, Cavidlə Çingizin məzarının yanına vurum”.
“Mən özüm Dərələyəz mahalından qaçqınam və bəlkə də oraları uşaqlara çox danışdım...”
“Sözün düzü Çingiz özü bu peşəni seçmişdi, amma Cavidin hərbçi olmasına razı deyildim. Amma özü israr etdi. Çingiz dedi ki, “ana, ikimizin də hərbidə olması düzgün deyil, sizi düşünüb deyirəm”. Cavid kursdan kəsildi və yenidən kurslara qayıtdı. Sentyabrın 22-də ayağından əməliyyat olmalıydı, amma dedi ki, müharibədən sonra xəstəxanaya gedəcəm. Mən özüm Dərələyəz mahalından qaçqınam və bəlkə də oraları uşaqlara çox danışdım deyə belə vətənpərvər oldular”.
“Biz bu dəqiqə içməli suyu qonşudan gətiririk...”
“Mənim dövlətimizdən heç bir istəyim olmayıb. İki şəhid oğlanlarımın bir ili tamam olacaq və bir Şəhidlər bulağı tikə bilmirik. Bunun üçün artezian qazılmalıdır. Bizim Yeniabad kəndində iki artezian quyusu var və bu isə kəndin əhalisini ödəmir, heç su bizə gəlib çatmır. Biz bu dəqiqə içməli suyu qonşudan gətiririk. Ona görə dedim ki, bir artezian qazılsın orda şəhid bulağı tikək, həm də camaat sudan istifadə etsin. Bir də məktəbə uşaqların adının verilməsini istəmişəm. Bundan başqa dövlətdən heç nə istəmirəm. İcra Hakimiyyətindən deyirlər ki, hələ ki, artezian qazdırmaq layihədə yoxdur.
Allah köməyinizdə dursun. Qələm sahiblərinin şəhidlərimizə qoyduğu hörməti kaş o kresloda oturan məmurlar da qoysun. Sizlərdə olan vican onlarda olsaydı, problemlərimizi həll edərdilər”.
Qeyd edək ki, Cavid Məmmədov 1990-cı il oktyabrın 18-də Şəmkir rayon Yeniabad kəndində anadan olub. Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə ölkə başçısı tərəfindən “Vətən uğrunda, “Hərbi xidmətdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.
Çingiz Məmmədov isə 1992-cı il iyulun 9-da anadan olub. Vətən müharibəsində göstərdiyi xidmətlərə görə ölkə başçısı tərəfindən “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!