Sumqayıt şəhərində yaşayan şəhid atası Əziz Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən şikayət edib.
Şəhid atası bildirib ki, ailəsi əvvəllər 4 nəfərdən ibarət idi. Böyük oğlu Əliyev Emil Əziz oğlu 6 oktyabr 2020-ci il tarixində Vətən müharibəsində şəhid olub.
Hazırda 17 kvadratmetr sahəsi olan 1 otaqlı mənzildə yaşayan ailə başçısı kömək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib.
Şəhid atası bildirib ki, onların müraciətinə nazir müavini Hidayət Abdullayev və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədr müavini Zaur İbrahimov baxıb:
“Biz Hidayət Abdullayevlə videoformatda danışdıq və 1 otaqlı mənzildə subay oğlumla birgə yaşadığımızı çatdırdım. Hidayət Abdullayev Zaur İbrahimova göstəriş verdi ki, şəhid ailəsini 2 otaqlı mənzillə təmin edin. Biz 2 ay gözlədik evdən bir xəbər gəlməyincə təkrar müraciət etdik və cavabında “sizə 2 otaq deyil, 1 otaqlı mənzil veririk” dedilər. Səbəb kimi bizə 1 otaqlı evimizin olduğunu dedilər. Biz isə Hidayət Abdullayevin 2 otaqlı mənzil barədə göstəriş verdiyini xatırlatdır. Qeyd edim ki, əksər şəhid ailələrini 2 otaqlı və ya 3 otaqlı mənzillə təmin ediblər”.
Şəhid atası bildirib ki, haqları pozulduğuna görə, Prezident Administrasiyasına teleqram vurublar.
“Prezident Administrasiyasından bizimlə əlaqə saxladılar. Problemimizi əməkdaşlara bildirdik, bizə dedilər ki, “Administrasiyadan göstəriş verəcəyik ki, probleminiz həll olunsun”".
Əziz Əliyevin sözlərinə görə, artıq 1 ildir nazirliyin Sosial Xidmətlər Agentliyi problemi həll etmir, göstərişləri qulaqardına vurur.
Məsələylə bağlı açıqlama verən açıqlama verən Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov isə bildirib ki, Vətən müharibəsindən sonra 3500-dən çox şəhid ailəsi və müharibə əlilinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzil təqdim edilib. Proses davam etməkdədir. Bu ilin sonunadək daha 1000 ailəyə mənzil və ya fərdi ev veriləcək.
Agentlik rəsmisi şikayətçi şəhid atasının narazılığını belə cavablandırıb:
“Vətən Müharibəsi şəhidi Emil Əliyevin atası Əziz Məcid oğlu Əliyev də Sumqayıt Şəhər İcra Hakimiyyətinin 04.06.2021-ci il tarixli sərəncamı ilə ailə tərkibi 3 nəfər (özü, həyat yoldaşı və oğlu) olmaqla yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınıb. Təqdim olunan sənədlərə Sosial Xidmətlər Agentliyində baxılıb və məlum olub ki, Əliyev Əziz Məcid oğlu ailə tərkibi ilə mülkiyyətində olan Sumqayıt şəhərində yerləşən 1 otaqlı mənzildə qeydiyyatdadırlar. Uçota alınmış ailənin tərkibi nəzərə alınmaqla qanunverciliyə uyğun olaraq Sumqayıt şəhərində 1 otaqlı mənzillə təmin edilməsi təklif edilib. Təəssüf ki, ailə bu təklifdən imtina edib”.
M.Həşimovun sözlərinə görə, şəhidin atasının razılığı olduğu təqdirdə ailə növbəliliklə 1 otaqlı mənzillə təmin ediləcək. //modern.az//