Daha bir qazi intihar edəcəyini deyib.
Millitv.az yeniavaz.com-a istinadla xəbər verir ki, bu barədə sosial şəbəkələrdə kadrlar yayılıb. Belə ki, Vətən müharibə iştirakçısı Cəfərov Qadir Habil oğlu özünü lentə alaraq ailəsinə baxa bilmədiyini və yaşadığı evin kirayə haqqını ödəyə bilmədiyini deyib. O buna görə intihar edəcəyini bildirib.
Həmin kadrları təqdim edirik:ht
Qeyd edək ki, Q. Cəfərov daha əvvəl də intihara cəhd edib. Bu il may ayının 11-də onun Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə gələrək burada özünə xəsarət yetirməsinə dair görüntü yayılıb. Buna səbəb onun əlillik təyin olunması tələbinə mənfi cavab verilməsi olub.
Sözügedən hadisə ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda bildirilirdi: “Vətən müharibəsi iştirakçısı, Ağcabədi rayon sakini Qadir Cəfərov müharibədə yaralandığına görə 550 manat birdəfəlik sığorta ödənişi ilə təmin olunub. Həmçinin ona “Müharibə veteranı” adı verilərək, Prezidentin aylıq təqaüdü təyin olunub. Amma Qadir Cəfərov müharibə əlilliyi statusu tələb edir, tez-tez bəzi qaziləri də ətrafına cəlb edərək ASAN Xidmət, Azərsığorta, ƏƏSMN və digər qurumlar qarşısında etiraz məzmunlu aksiyalar keçirir. Halbuki, onun sağlamlıq vəziyyəti ona əlillik təyin etməyə əsas vermir. Mayın 4-də Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilərkən, müəyyən olunub ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən Q.Cəfərova dair təqdim edilən şəhadətnamədə əksini tapan diaqnoz, eləcə də Q.Cəfərovun hazırkı sağlamlıq vəziyyəti ona əlillik təyin edilməsinə əsas vermir. Ona görə də əlillik təyin edilməsindən imtina qərarı verilib.
Amma göründüyü kimi, Qadir Cəfərov bu qərarla razılaşmayıb, mayın 11-də yenidən Agentliyə gələrək verilmiş qərarı dəyişmək, qurumu qeyri-qanuni qərar çıxarmağa təhrik etmək məqsədilə təhdidedici hərəkətlər edib, sonra da özünə xəsarət yetirib”.
Xatırladaq ki, iyulun 10-da 44 günlük İkinci Qarabağ müharibəsində iştirak edən, “Mauqli” ləqəbli qazi Elvin Cəfərovun Sabirabad Rayon İcra Hakimiyyətinin önündə özünü yandırdığı xəbərləri yayılıb. Respublika Yanıq Mərkəzinə yerləşdirilən 35 yaşlı qazi iyulun 11-də dünyasını dəyişib. Baş Prokurorluq isə Elvin Cəfərovun özünü yandıraraq intihar etməsi faktı ilə bağlı araşdırma aparılıdığını açıqlayıb. Həmçinin bu gün Xaçmaz rayonu Müzəffəroba kənd sakini, 1993-cü il təvəllüdlü XTQ giziri Yusif Seyfulla oğlu Əsədullayev özünü yaşadığı evdən asaraq intihara cəhd edib. Məlumata görə, onu xilas etmək mümkün olub.