Tanınmış ictimai fəal Bəxtiyar Hacıyev sosial şəbəkə hesabında Azətbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevi ittiham edən qeydlər yazib.
Həmin qeydləri təqdim edirik:
Hörmətli Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayev, dünən 27 yaşlı bir gənc vətəndaş mənə intihar etməmişdən əvvəl son məktubunu yazıb, intihar etdikdən sonra paylaşmağımı xahiş etmişdi. Ona zəng edərək bir müddət səbrli olmağı xahiş etdim.
Həmin gənc hərbi xidmətdə olarkən əlillik qazansa da, əlilliyi 6 il sonra təsdiqlənib, ona öz haqqı olan müavinət və sığorta haqqını verəcəyinizi qəbul zamanı şəxsən demisiniz, amma bu günə qədər ala bilmir, nazirliyinizə müraciət etsə də, məsələ həllini tapa bilmir. Nazirliyinizin şöbə müdiri Elnur Abbasov həmin gənc vətəndaşa deyib ki, bu pozuntu Səlim Müslümovun vaxtında olub, buna görə məsuliyyət daşımırıq, get, Prezident Administrasiyası qarşısında etiraz elə.
Rəhbərlik etdiyiniz nazirlikdə kifayət qədər insan çalışır, başda siz olmaqla hamısı da buna görə ən azından rəsmi maaş alırlar. Mən hələ digər məsələləri demirəm. Zəhmət olmasa, vətəndaşları dinləyin, problemlərini həll edin ki, sizin iş yükünüz və kiminsə intihar etməmişdən əvvəl yazdığı məktubu oxumaq kimi ağır bir yük düşməsin üstümüzə. Həm də dövlət və sizin üçün çox kiçik, amma vətəndaşın haqqı olan bir məbləğə görə bir insanın həyatından olmasının qarşısını alın. //gununsesi.info//