Son vaxtlar ümumtəhsil məktəblərində mövcud problemlərdən biri kimi IX sinif şagirdlərinin məcburi şəkildə məktəbdən kənarlaşdırılması ilə bağlı fikirlər səslənir.
Hətta təhsil ekspertləri də bu fikri təsdiqləyirlər. Belə ki, təhsil eksperti Kamran Əsədov sosial şəbəkədə öz statusunda yazıb:
“Əziz dostlar, valideynlər: Hansı məktəbdə IX sinif şagirdinə məktəb direktoru, sinif rəhbəri desə ki, buraxılış imtahanında balın azdır, səni X sinifə götürmürəm, ərizə yaz çıx, zəhmət olmasa, o məktəbin nömrəsini, direktoru yazın. Heç bir direktorun belə bir səlahiyyəti, yəni hansısa şagirdi IX sinifdən sonra X sinifə götürməmək kimi bir səlahiyyəti, hüququ yoxdur”.
Qeyd edək ki, ekspertin bu fikrinə müxtəlif münasibət göstərilib. Maraq doğuran odur ki, bəzi müəllimlər ekspertin bu fikri ilə razılaşmır və “Savadız şagirdin XI sinifə qədər təhsil almasını heç bir əhəmiyyəti yoxdur”, yaxud “Gedib peşə təhsili alsın” kimi münasibət bildirirlər.
Bəs hazırda şagirdlərin IX sinifdən uzaqlaşdırılmasının səbəbi nədir və hansı halda onlar məktəbdən çıxarıla bilər? Dia.az-ın məlumatına görə, təhsil üzrə ekspert Kamran Əsədov Cebhe.info-ya bildirib ki, hazırda ölkənin 4432 ümumtəhsil məktəbində 1,6 milyon şagird təhsil alır və onların IX sinifdən məzun olanların sayı 130 minə qədərdir:
“Azərbaycan Konstutitusiyasına, “Təhsil haqqında” Qanuna görə, ölkədə təhsil icbaridir. İcbari təhsil o deməkdir ki, bizim şagirdlərimiz ümumi orta təhsildə I sinifdən IX sinifə qədər məcburi şəkildə təhsil prosesinə qoşulmalıdırlar. Yəni heç bir halda onların tədrisdə iştirakına heç kim mane ola və məhdudlaşdıra bilməz. Ancaq çox təəssüflər olsun ki, IX sinifdə şagirdlər buraxılış imtahanı verdikdən sonra məktəblərdə müəllimlər, direktorlar, müavinlər nəticəsi zəif olan, müəyyən qədər tədris prosesində aktiv iştirak etməyən şagirdləri təhsildən uzaqlaşdırırlar. Bilirik ki, I sinifdən IX sinifə qədər şagirdlərin sayının çox olması məktəbdə müəllimin dərs saatına, əməkhaqqına ciddi şəkildə müsbət təsir edir. Ancaq bu proses X-XI sinifdə o qədər də böyük əhəmiyyət daşımır və təcrübə göstərir ki, məktəb direktorları, müəllimlər yuxarı siniflərdə şagirdlərin təhsil almaq hüquqlarını kobud şəkildə pozur və məhdudlaşdırırlar. Hətta məhkəmənin qərarı ilə heç kimin təhsil almaq hüququ məhdudlaşdırıla bilməz. Baxmayaraq ki, I-IV siniflərdə təhsil məcburidir və X-XI sinifdə könüllüdür”.
Ekspert deyir ki, son aylar ərzində, xüsusilə aprel ayında buraxılış imtahanından sonra nəticəsi zəif olan şagirdlərə qarşı “sürgün siyasəti” həyata keçirilir:
“Bəzi müəllimlər buna haqq qazandırırlar. Deyirlər ki, zəif nəticəsi olan şagirdlər niyə X-XI sinifdə oxumalıdırlar? Yəni bu müəllimlər üçün əməkhaqqı daha vacibdir, nəinki insanların təhsil alması. Bu, dəhşətli bir yanaşmadır.
Təsəvvür edin ki, sosial şəbəkələrdə bu kimi informasiya yaydıqda müəllimlərin şagirdlər, gələcəyimiz haqqında şərhləri insanı dəhşətə salır. Bu, ancaq onların öz maraqlarına xidmət edir ki, şagirdlər getsinlər, başları sakit olsun. Onsuz da bu gün orta ümumtəhsil məktəblərində şagirdlər bilik əldə etmirlər. Onlar hazırlıq kursları, repetitor yanında bilik qazanırlar. Bugünkü nəticələrə görə biz məhz hazırlıq kursları və repetitorlara minnətdarıq. Müəllimlər isə sadəcə məktəbdə əməkhaqqı alırlar. Biz görürük ki, X-XI sinifdə şagirdlər dərslərdə iştirak etmirlər. Onlar direktora, müavinlərə pul verirlər, məktəbdən kənarda qalırlar. Bu, ciddi bir məsələdir. Prosesin ən dəhşətli hissəsi uşaqların təhsil almaq hüququnun kobud şəkildə qanunsuz olaraq məhdudlaşdırılmasıdır. Artıq bir çox məktəblərlə bağlı müraciətlər daxil olub ki, direktorlar, müavinlər, müəllimlər əsassız olaraq deyirlər ki, siz təhsili yarımçıq qoyun. Onlar nə edəcəklər, gedib narkotikə, cinayətə qurşanacaqlar. Çünki boş qalacaqlar. Peşə təhsili də effektiv deyil.
Hamı deyir ki, peşəyə getsin. Axı savadı olmayan, zəif olan uşaqdan peşədə də uğur gözləyə bilmərik. O, XI sinifi bitirib, ən azından attestatla xarici ölkələrə gedə bilər, eyni zamanda daha yetişkin şəxs olaraq cəmiyyətə qoşula bilər. Kifayət qədər insanlar var ki, məhz direktorların, müəllimlərin təzyiqi ilə təhsilini yarımçıq qoyub. Ümumilikdə şagirdlərin IX sinifdən sonra X-XI sinfə götürülməsi ilə bağlı buraxılış imtahanının nəticəsini tətbiq etmək, uşaqların XI sinifə buraxılmaması qanunsuzdur”.