MilliTV.az
Bakıda şagird məktəbdə yıxılmayıb, o, özünü məktəbin üçüncü mərtəbəsindən yerə atıb.
Bu barədə "Report"a hadisənin baş verdiyi 313 saylı məktəbin direktor müavini Nəcəf Bayramov deyib.
O bildirib ki, sosial şəbəkələrdə yazıldığı kimi qız 10-cu sinifdə deyil, hələ yeni tədris ilində 9-cu sinfdə təhsilini davam etdirəcək:
“Onun sinifdən-sinfə keçməsi ilə bağlı problemi olmayıb. Anası məktəbimizdə xadimə işləyir və anasının yanına gəlib, naməlum səbəbdən təhsil müəssisəsinin üçüncü mərtəbəsinə qalxıb pəncərəni açaraq özünü atıb”.
Xatırladaq ki, 313 saylı məktəb açıqlama yayaraq şagirdin özünü atmadığını, yıxıldığını bəyan etmişdi.
15:40
Bakı şəhəri, Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən 313 saylı məktəb şagirdinin intihar etməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlarla bağlı rəsmi açıqlama verilib.
Məktəbdən “Report”a bildirilib ki, təhsil müəssisəsinin 10-cu sinif şagirdi məktəbdə texniki işçi işləyən anasının arxasınca məktəbə gəlib və məktəbdə olan zaman yıxılaraq ayağından xəsarət alıb.
Qeyd olunub ki, təcili tibbi yardım çağırılıb və məktəblinin ayağında sınıq olduğu aşkar edilib:
“Həkimlər ona müvafiq tibbi yardım göstərib, zəruri tədbirlər görülüb. Hazırda məktəblinin vəziyyəti qənaətbəxşdir”.
Əlavə edilib ki, məsələ ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılacaq.
Xatırladaq ki, sosial şəbəkədə şagirdin özünü 3-cü mərtəbədən atmasına ilkin səbəb kimi direktorun onu sinifdən-sinfə keçirməməsi və məktəbdən uzaqlaşdırması göstərilib.