Axtarış...

Əgər başçısı olmayan rayondan şikayət gəlmirsə... - deməli, orada ümumiyyətlə iş getmir

Əgər başçısı olmayan rayondan şikayət gəlmirsə... - deməli, orada ümumiyyətlə iş getmir


Milli Məclisin sonuncu plenar iclasında deputat Fazil Mustafa icra başçıları ilə bağlı tənqidi çıxış edib. Millət vəkili deyib ki, hansı rayonlarda icra başçısı yoxdursa, həmin rayonlardan şikayət daxil olmur. Fazil Mustafanın fikrincə, həmin rayonların icra hakimiyyətinin binaları rayonu icra başçılarından daha yaxşı idarə edirlər: “Diqqət yetirmişəm ki, hansı rayonlarda icra başçısı yoxdur, ya vəfat edib, ya həbs olunub, həmin rayonlardan şikayət gəlmir”. Parlament üzvü bildirib ki, Azərbaycanda xeyli sayda lazımsız qurum və quruluşlar var. Xatırladaq ki, hazırda icra başçısı olmayan rayonlar - Gədəbəy, Göygöl, Lerik və Göyçaydır.

Millitv.az-ın məlumatına görə, deputatın qaldırdığı məsələni “Şərq”ə dəyərləndirən AVCİYA-nın eksperti Məhərrəm Zülfüqarlı deyib ki, əsas problem bələdiyyə institutunun formal xarakter daşıması, icra hakimiyyətlərinin kölgəsində qalmasıdır. Ekspertin fikrincə, yerlərdə bələdiyyələr öz fəaliyyətini normal icra edə bilsə, səlahiyyət sahibi olsa, vətəndaşların problemləri də həllini tapar:

“İcra başçıları bələdiyyələrin bütün səlahiyyətlərini mənimsəyiblər. Bələdiyyə icra hakimiyyətlərinə tabe olan bir quruma çevrilib. Rayonlardan gələn vətəndaş şikayətlərinin azalmasına və bölgələrimizin inkişafına nail olmaq istəyiriksə, bələdiyyələrin səlahiyyətlərini özlərinə qaytarmalıyıq. İcra hakimiyyəti qətiyyən bələdiyyənin işinə qarışmamalıdır. Türkiyə modelinə keçməliyik. Qardaş ölkədə xalq bələdiyyəyə inanır və problemlərinin həllini həmin qurumdan gözləyir. Bələdiyyə seçkili orqandır, fəaliyyəti əhalini qane etməsə, gələn dəfə başqa namizədə səs verirlər. Azərbaycanda bələdiyyə “ölü doğulmuş uşaqdır”. Adı var, özü yoxdur. Ona görə də yerlərdə icra başçıları özlərini mütləq hakim hesab edirlər və istədikləri kimi “fəaliyyət” göstərirlər. Hamı bilir ki, icra hakimiyyətləri yaxşı işləmir, vətəndaşların problemlərini dinləmir, həll etmir. Fazil bəyin dediklərində həqiqət var, amma köklü islahatlar lazımdır. Ümumi prosesə bir-iki faktla qiymət vermək düzgün deyil. Səlahiyyət icra hakimiyyətində deyil, bələdiyyədə olsa, yerli sakinlərin də sosial problemləri həllini tapar. Yerlərdə təkhakimiyyətlilik olmadıqda, ictimai nəzarət gücləndikdə icra başçıları da normal işləməyə məcbur qalacaq”.

Ağ Partiyanın sədri Tural Abbaslı isə “Şərq”ə açıqlamasında məsələyə fərqli yanaşdığını deyib. Partiya rəhbəri bildirib ki, əgər başçısı olmayan rayondan şikayət gəlmirsə, deməli, orada ümumiyyətlə iş getmir:

“Rayonda başçının olmaması o deməkdir ki, deməli korrupsiya və “xidmətlərlə” bağlı konkret qiymətlər müəyyən olunmayıb. Yəni vətəndaş problemin həlli üçün kimə, nə qədər rüşvət verəcəyini bilmədiyi üçün proseslər ümumən dayanıb. İcra başçısı olmayan bir neçə rayonlarda olmuşam. Mənə yaxınlaşıb deyirdilər ki, müxtəlif məsələlərlə bağlı icra hakimiyyətlərinə üz tutsalar da, dərdlərinə çarə tapa bilmirlər.

İcra hakimiyyətlərindən deyirlər ki, başçı olmadığı üçün nəyəsə qərar vermək səlahiyyəti yoxdur. Hamıya deyilən budur ki, “gözləyin, təzə başçı gəlsin”.

Yəni proses dondurulmuş vəziyyətdədir. Amma bu o anlama gəlmir ki, həmin rayonlarda problemlər yoxdur, yaxud azdır. Əksinə, problemlər kifayət qədərdir. Sadəcə, şikayət ünvanı yoxdur deyə vətəndaş gözləmə mövqeyindədir. Düzü, inanmıram ki, yeni icra başçısı gələn kimi vətəndaşların çətinliklərini aradan qaldıracaq”.

T.Abbaslının fikrincə, rayonlara icra başçısının, xüsusi nümayəndənin, yaxud qubernatorun təyin olunması problemlərin həlli demək deyil:

“İdarəetmə sistemi məmurların şəxsi keyfiyyətinə, vicdanına buraxılmamalıdır. Vicdansız, mərhəmətsiz məmurlar da qanun qarşısında öhdəliyini, məsuliyyətini dərk etməlidir. Bilməlidir ki, istəsə də, istəməsə də onun vəzifəsi xalqa layiqli xidmət etməkdir.

Əks halda cəzalandırılacağının fərqində olmalıdır. O baxımdan yerlərdə idarəetmə sistemi, mexanizmlər dəyişməlidir. Qarşılıqlı nəzarət mexanizmləri üzərində qurulmuş yerli idarəetmə sistemləri tətbiq edilməlidir. Kim qarantiya verir ki, icra başçısını əvəzləyən xüsusi nümayəndələr rüşvət almayacaq, insanları incitməyəcək?!

Vətəndaşlarla yanaşı, müxalifət də idarəetməyə nəzarət imkanına sahib olmalıdır ki, yerli idarəçilər özlərində məsuliyyət hiss etsinlər”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz