Bəzi icra hakimiyyəti başçıları şələ-şüləsini yığıb getməyə hazırlaşır. Onlara sentyabrdan yaxşı yol deyiləcək.
AzEuroNews.com–un xəbərinə görə, işğal edilmiş rayonların bəzi icra hakimlərinin yerinə yeni təyinatlar gözlənilir.
Qubadlı, Zəngilan, Kəlbəcər icra başçıları yenilənə bilər. Ağdamda artıq dəyişiklik olub. Göyçay, Biləsuvar, Lənkəran icra hakimləri də çamadan ovqatındadırlar.
Onların yerinə YAP fəallarının və icra strukturlarında yüksək vəzifə tutmayan gənclərin gətirilməsi planlaşdırılır.
Təxminən 20-yə yaxın icra başçısının fəaliyyətindən doğan əsaslı şikayətlər Prezident Administrasiyası tərəfindən müxtəlif yollarla araşdırılıb.
Əmin olunub ki, artıq bir sıra yerli icra hakimiyyətlərinin başçıları şikayətlərlə bağlı yuxarının özünü də düzgün məlumatlandırmırlar.
Yeni dövrün öz xarakteristikası var. Bu ondan ibarətdir ki, hökumət, yerli icra orqanları maksimum şəffaf işləməyə çalışmalı, əhali üçün əlçatan olmalı və çevik qərarlar qəbul etməlidir.
Dövlət tərəfindən müəyyən edilmiş kursu insanlara çatdırmalıdırlar. Hansısa korrupsiya və s. kimi təyinatsız, ünvansız xərcləmələrə yol verilməməlidir. Proqramın mühüm hissəsi bölgələr və icra orqanları ilə bağlıdır.
Gözlənildiyi kimi, nazirlərdən sonra icra başçıları təzələnməyə başlayıb. Bu da cəmiyyətin sosial sifarişidir.
Artıq Binəqədiyə və Tovuzda yeni icra hakimləri təyin olunub. Bakı meri, Səbail, Gədəbəy və Ağdam rayon icra başçısı postları boş qalıb.
Amma proses bu bölgələrlə məhdudlaşmayacaq. Hakimiyyətdəki mənbələrdən sızan iddialara görə, Laçın icra başçısı Aqil Nəzərli də növbəsini gözləyir.
Eynilə, Daşkəsənin icra hakimi Əhəd Abıyev, Lənkərandakı həmkarı Taleh Qaraşov, Ağcabədi icra başçısı Şahin Məmmədov səksəkədədir.
Bölgələrdə idarəetmənin refreşinə ciddi ehtiyac var idi. Görünən odur ki, xalqa xidmət etməyən icra hakimləri yola salır.
Bu baxımdan rayonlarda icra hakimiyyətləri fəaliyyətinə təzədən baxmalı, nizamlamalı olacaqlar. Çünki əvvəlki dövr deyil və vətəndaşların daha çox şikayət etdiyi əyalətlərdə dəyişikliklər qaçılmaz olacaq.
Əldə etdiyimiz xəbərlərdə iddia edilir ki, Xızının başçısı Xəzər Aslanovun da vəziyyəti ürəkaçan deyil.
Zəngilan, Biləsuvar, Astara rayon icra hakimiyyətlərində də dəyişikliklər istisna edilmir.
Prezident İlham Əliyevə son zamanlar ən çox şikayətlərin Beyləqan, Göyçay icra başçılarından getdiyi məruzə olunub.