İyun ayından etibarən dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin mərhələli şəkildə sertifikatlaşdırılması prosesinə başlanılacaq.
Təhsilverənlərin sertifikatlaşdırılması prosesi üzrə hazırlıqlara iyun ayında, test imtahanı mərhələsinə isə avqust ayının sonlarında başlanılması nəzərdə tutulur. Qərarı təhsil naziri Emin Əmrullayev verib. Həmin müddəti yaxınlaşdıqca, müəllimlər arasında sertifikatlaşdırma ən aktual mövzuya çevrilib.
Millitv.az cebhe.info-ya istinadla xəbər verir ki, artıq bir neçə gündür ki, sosial şəbəkələrdə müəllimlər sertifikatlaşdırma prosesini müzakirə edirlər. Bir sıra müəllimlər sertifikatlaşdırmanı müsbət qarşılasa da, bu prosesə mənfi yanaşanlar da var. Bəzi müəllimlər artıq uzun müddətdir ki, çalışmalarına baxmayaraq, yenidən imtahana cəlb edilmək istəmirlər. Sosial şəbəkələrdə sertifikatlaşdırmaya etiraz edən bəzi müəllimlərin fikirləri isə belədir:
Nurlan müəllim: “Müəllimi aclığa, səfalətə sürükləyirsiz. Sonra da durub ağlınıza gələni deyirsiniz. Müəllim ordusu, qalxın ayağa, sertifikasiyaya “yox” deyin. Yoxsa ölənə kimi sertifikasiya sizin nəfəsinizi kəsəcək”.
Sevda Yaqubova: “Sertifikasiyanın bu problemlərin həllində heç bir rolu olmayacaq”.
Sevinc Muradova: “Hər kəsin sertifikasiyaya görə narahat olduğunu görürəm. Məncə, sertifikasiya ədalətli keçirilsə, yüksək bal yığanların maaşı gözlə görünən qədər artsa, onlar irəli çəkilsə, həvəsləndirilsə, niyə də olmasın? Amma tələb etməliyik ki, şəffaflıq olsun və yüksək bal yığanlara vəd olunanlar verilsin. Yoxsa diaqnostik imtahandakı kimi olsa, nə mənası? Əksər məktəblərdə pulla saat verilir, neçə yığmağından asılı olmayaraq. Sertifikasiya da elə olacaqsa, olmasa yaxşıdır. Təhsildə o qədər boşluqlar, problemlər var ki. Görəsən, niyə qarşısı alınmır?”
Taryel Qasimov: “Sertifikasiya ləğv edilsin”.
Nəcibə Xəlilova: “Müəllimin hələ sertifikasiyadan keçmək dərdi var. Keçə bilsə, nə alacağı haqda düşünər. Həmişə müəllim alıb,yeyib, geyinib, maaşda isə borcunu qaytarıb”.
Leyla İbrahimova:“Diaqnostika vaxtı da dedilər, amma hec bir fərq olmadı. Az bal yığanlar cox bal yığanlardan da yaxşı dərs saatları ilə təmin olundu, hələ o yana da keçdi”.
Göründüyü kimi, müəllimlər narazıdır və etirazlarını bildirirlər.