Dövlət İmtahan Mərkəzinin yeni və təcrübəsi az olan müəllimlər üçün seminar-məşğələləri yekunlaşıb.
DİM-dən verilən məlumata görə, bütün respublika ərazisini əhatə edən təlimlərə 3715 nəzarətçi‑müəllim dəvət olunub. Nəzarətçilərdən 119 nəfər seminarlarda iştirak edə bilməyib. Üzrsüz səbəblərdən məşğələlərdə iştirak edə bilməyənlər nəzarətçilərin bazasından xaric ediliblər.
Qeyd edək ki, təlimlərdə nəzarətçi-müəllimlər cari ildə keçiriləcək yeni növ test imtahanlarının texnologiyaları, imtahan materialları və qaydalar barədə ətraflı məlumatlandırılıb və onlara imtahanda idarəetmə ilə bağlı yeni metod və üsullar izah edilib.
Treninqlərdə iştirak edən müəllimlər DİM tərəfindən keçiriləcək sınaq imtahanlarına nəzarətçi kimi cəlb olunacaqlar. Bu da onların seminarlarda əldə etdikləri nəzəri bilikləri təcrübədə tətbiq etmələrinə kömək edəcək. Sınaq imtahanlarında nəzarətçi kimi özünü doğruldan müəllimlər digər imtahanlara cəlb olunacaqlar.
Xatırladaq ki, "Nəzarətçilərin elektron qeydiyyatı” sistemində, ümumilikdə 14927 nəzarətçi-müəllim haqqında məlumat var. Elektron bazada qeydiyyatda olan, əvvəlki illərdə keçirilən imtahanlarda iştirak edən və göstəriciləri yaxşı olan digər müəllimlər üçün də bu il keçiriləcək imtahanlara təyinat aldıqdan bir neçə gün əvvəl seminar məşğələlər keçiriləcək.