Mayın 5-dən Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə start veriləcək. Müsabiqənin elektron sənəd qəbulu 5-16 may tarixlərində keçiriləcək. Müsabiqədə iştirak etmək istəyən müəllimlər www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müraciət edə bilərlər. Eyni zamanda, namizədlər müəllimlərin işə qəbulu üzrə müsabiqədə və ya diaqnostik qiymətləndirmədə iki və ya daha çox sayda iştirak ediblərsə, onların üstünlük verdikləri balla müsabiqəyə qatılmaq hüququ var.
Nazirliyin məlumatında bildirilir ki, müsabiqə zamanı “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi qaydaları“nda qeyd olunan sosial amillər nəzərə alınaraq namizədlərin topladıqları bal artım əmsalına vurulacaq. Qaydalarda müəllimlərin iş yeri diaqnostik qiymətləndirmədə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi ixtisas üzrə dəyişdirilir.
Nazirlər Kabinetinin 14.04.2010-cu il tarixli 67 nömrəli qərarı ilə tənzimlənən həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu müəssisədə işləyən gənc mütəxəssislərin qərarda nəzərdə tutulmuş müddət başa çatanadək iş yerinin dəyişdirilməsinə icazə verilmir. Bu şəxslərin əri və ya arvadı hərbçi olduqda, şəhid ailəsinin üzvü olduqda və ya ailə vəziyyəti ilə bağlı problemlər olduğu hallarda məsələyə fərdi qaydada nazirlik tərəfindən baxılır. Qeyd olunur ki, vakansiyalara yerləşdirilmə zamanı müəllimlərin işə qəbulu müsabiqəsi və ya diaqnostik qiymətləndirmədə toplanılan bal əsas götürülür. Namizədlər müəllimlərin işə qəbulu üzrə müsabiqədə və ya diaqnostik qiymətləndirmədə 2 və ya daha çox sayda iştirak ediblərsə, üstünlük verdikləri balla müsabiqəyə qatıla bilərlər.
Xatırladaq ki, ötən həftə təhsil naziri Emin Əmrullayev “Facebook” hesabında müəllimlərin işə qəbulu müsabiqəsi ilə yeni qərarların qəbul edildiyini açıqlayıb. Nazir bildirib:
“Bu tədris ilindən hazırda müəllim vəzifəsində işləyən şəxslər də müsabiqədə iştirak edə bilərlər. Müsabiqənin test imtahanı mərhələsi müxtəlif regionlarda da təşkil ediləcək. Namizədlərin imtahan nəticələri bir tədris ili ərzində qüvvədə qalacaq (yəni ötən ilin nəticələri bu il qüvvədə qalmayacaq). Namizədlərin imtahan nəticələrinin eyni olması hallarında vakansiya seçimi müxtəlif meyarlar (ixtisas fənni üzrə nəticəsi, təhsil pilləsi və səviyyəsi, təhsil haqqında sənədi (adi, fərqlənmə), pedaqoji stajı, yaşayış yeri)) əsasında aparılacaq”.
Qeyd edək ki, nazirin bu postunun altına yüzlərlə şərh yazılıb və onların əksəriyyətində müəllimlərin iş yerinin dəyişdirilməsi sistemi tənqid edilib. Məsələn, Əfsanə KR niki ilə qeydiyyatdan keçmiş izləyici yazır ki, ali təhsil ocaqlarının verdiyi müəllimlik diplomunu bu qədər şübhə altına almaq doğru deyil: “Bəlkə ali təhsil ocaqlarına boylanasız? Məktəbi imtahanla bitir, ali təhsil üçün imtahan ver və sonda işləmək üçün imtahan ver…. İnsana zülm etməkdir bu!”
Aysel Məmmədova adlı izləyici isə təhsil nazirinə müraciət edərək, onu hərbçi ailələrinin düşdüyü vəziyyəti nəzərə almağa çağırır: “Cənab nazir, bizim günahımız deyil ki, ilin ortasında zabitlərin xidmət yerlərini dəyişirlər. Ailənin hər üzvü bir bölgədə qalmağa məcbur olub…”
Firuzə Quliyeva isə vakant yerlərin gizlədilməsindən şikayətlənir: “Niyə ilin ikinci yarısı və ya sonuna yaxın üzə çıxarılır? Hansı məntiqə əsasən keçid balı söhbəti edilir və kənd üçün 36, şəhər üçün 48 bal şərti qoyulur? Diaqnostik qiymətləndirmədə öz fənnindən aşağı bal yığan neçə müəllim var bu ölkədə? Niyə onlar işdən kənarlaşdırılmır? Savadlı kadrlar kənarda qalır, harda savadsız, auditoriya idarə etməyi bacarmayan, adi müraciət qaydalarından xəbərsiz var, hamısı işlə təmin edilib. Təhsil şöbəsi, direktorla əlbir olub vakant yerləri gizlədənlər, öz qohum-əqrəbasını vakant yerlərə “təyin” edənlər araşdırılsın…”
“Press Klub”a müraciət edən ingilis dili müəllimi Günel Həsənova isə deyir ki, yerdəyişmədə üzləşdiyi çətinlik ucbatından ailəsi iki yerə bölünüb:
“Həyat yoldaşım və övladlarım Bakıda, evimizdə qeydiyyatdadır. Onun iş yeri də paytaxtdadır. Amma mən 18 ildir Tovuzda kənd məktəbində müəllimə işləyirəm. İş yerimi dəyişə bilmirəm deyə, mən kənddə, onlar isə Bakıda yaşamağa məcburuq. Ötən il nazirliyə müraciət etsək də, rədd cavabı verildi. Məncə, bu, doğru deyil, insanların sosial vəziyyəti, ailə durumu nəzərə alınmalıdır və bunu tənzimləyən normal sistem hazırlanmalıdır”.
Təhsil eksperti Kamran Əsədov “Press Klub”a bildirdi ki, müsabiqəyə çıxarılan vakant yerləri təhlil edərkən bir çox hallarda vakant yerlərin gizlədildiyini və ya əsassız olaraq vakansiyaya çıxarılmadığını müşahidə edirlər:
“Çox təəssüf ki, bu tendensiya işləyən müəllimlərin yerdəyişməsi zamanı ədalət prinsipinin pozulmasına gətirib çıxarır. Çünki işləyən müəllimlər məcburən başqa vakant yerləri də tutmaq üçün müraciət edirlər. Bu zaman isə yeni işə qəbul olmaq istəyən namizədlərə haqsızlıq edilmiş olur”.
Ekspert hesab edir ki, yerdəyişmə zamanı həqiqətən həmin əraziyə yaxın yerlərdə yaşayan şəxslərə üstünlük verilməlidir.
“Çünki uzaq yerlərdən məktəbə gələn şəxslər hava şəraiti, nəqliyyat problemi və s. səbəblərdən dərslərə vaxtında qatıla bilmirlər. Yaxud, ümumiyyətlə, gəlmirlər. Ona görə də istər müəllimlərin işə qəbulu, istərsə də yerdəyişmə zamanı ən ciddi məsələ yaşayış üzrə ərazi prnsipinin nəzərə alınmasıdır. Bəzi hallarda müəllimlər bir il işləməmiş uzaq məsafədə yerləşən iş yerlərindən imtina etməyə məcbur olurlar”.
K. Əsədovun sözlərinə görə, hazırda sistemə müraciətlər daxil edildikdə kimin balı yüksəkdirsə, ona müsbət cavab verilir:
“Hesab edirəm ki, bu məsələdə sosial yanaşma əsas götürülməlidir. Hazırda hərbçi ailələrinin müraciətinə baxılır, amma vakant yerə yaxın ərazidə yaşayan müəllimlərin də ailə vəziyyətinə görə müraciətinə baxılıb, müsbət qərar verilməlidir. Çünki insanlar iş üçün günün uzun müddətini sərf edirlər, ailələrinə vaxt ayıra bilmirlər və s. Yetkinlik yaşına çatmayan uşaqlar olan ailələr üçün xüsusilə ağır vəziyyət yaranır. Ona görə də hesab edirəm ki, ilk növbədə vakant yerlərə yaxın ərazilərdə yaşayan şəxslərin müraciətinə müsbət baxılmalıdır”.