Saytlar hay-küylə yazır ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin (SHXÇDX) Masallı rayon şöbəsinin rəisi, polkovnik-leytenant Vəli Rzayev Türkiyədə dəyəri çox baha olan mülk alıb.
Xəbərin ardını vermək istəməsək də məsələnin mahiyyətinə görə, xəbərin ardını əlavə edirik:
“Əslində Vəli Rzayev belə bir işin olmasını istəmirdi. O, bu xəbərin nə vaxtsa yuxarılara çatacağından ehtiyatlanırdı. Çox geniş imkanının olmasını kimsənin bilməsini istəmirdi. Ancaq ailə üzvləri “biz müxtəlif ölkələrdə geniş mal-mülk sahibi olanlardan əskiyik bəyəm? Onlara olar bizə yox?”- deyərək Vəli Rzayevi məcbur ediblər. O da Türkiyədə mülk alaraq, onu yaxın qohumlarının birinin adına rəsmiləşdirib”.
Medianın sorğusuna cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ( SHXÇDX) Masallı rayon şöbəsinin rəisi Vəli Rzayev deyib:
“Bütün məlumatları xidmətin rəsmi internet saytından əldə edə bilərsiz”.
Bu 935 işarəlik xəbərdə böyük Azərbaycan həqiqəti gizlənib.
Bax, bizim cəmiyyətimizin ən böyük problemi budur.
Deməli, Masallının “voyenkomu” orduya çağırış, “neqodnu” adı altında yüz minləri mənimsəyib. Amma həmin oğurluq pulları mülkiyyətə çevirmkdən qorxur.
Yuxarıdakı qısa xəbərdən gördünüzmü…
O, bu xəbərin nə vaxtsa yuxarılara çatacağından ehtiyatlanırdı…
Bəli, Vəli Rzayevin təbirincə desək, bəzi məmurların düşüncəsinə görə bizdə qanunlardan deyil, yuxarıların qorxusu var…
Gördünüzmü, demir ki, Vəli Rzayaev qanunlardan qorxur…deyir ki, Vəli Rzayev yuxarılardan qorxur…
Vəli Rzayev çox geniş imkanının olmasını kimsənin bilməsini istəmirdi…
Bəli, heç kim xalqdan və dövlətdən oğurladığı milyonların ortaya çıxmasını istəmir…Necə deyərlər “Dərə xəlvət, o birisi bəy…”
Vəli Rzayev Türkiyədə mülk alaraq, onu yaxın qohumlarının birinin adına rəsmiləşdirib….
Bəli, bunlar başa düşür ki, nə vaxtsa bu mülklərin, bu sərvətin mənbəyini soruşan olacaq…
İndi Vəli Rzayevin əndrəbadi açıqlamasına nəzər salaq:
“Bütün məlumatları xidmətin rəsmi internet saytından əldə edə bilərsiz”.
Vallah dünyada bundan gülməli cavab ola bilməz, ay Vəli Rzayev…
İnternetin buna nə dəxli..? Sənə sual verirlər, sən də vətəndaş kimi cavab ver, ya hə de, ya da yox…
Bu məqamda yadıma nəsə sovet dövründəki bir tamaşa düşür…
Deyir gəl, arvad alaq, adı sənin olsun…dadı…
Bəli, bəzi rüşvətxor məmurlar ölkənin əxlaqını pozublar…
Lap sonu odur ki, onsuz da bütün irili-xırdalı məmurlar, nəinki Türkiyədə, hətta Avropanın başqa ölkələrində mülk, villa, hətta qəsr alırlar.
Guya Masallının “voyenkomu” Vəli Rzayev almaqla nə dəyişəcək ki..?
O boyda rayonun “voyenkomu” özünü gülünc vəziyyətə qoyur.
Vəli Rzayevdən soruşan lazımdır ki, sən bir gözü 1 FAİZ görməyəni orduya göndərəndə bilmirdin ki, bir gün sənin yaxandan yapışacaqlar..?
Bəli, mayıfı sağlam adı ilə orduya göndərən sən olmusan, cənab Vəli Rzayev…
Söhbət təkcə Masallı “Voyenkom”dan getmir ee…
Hamısı eyni vəziyyətdədir.
Bəli, “Şəhidlər başımızın tacıdır”, “Vətən sağ olsun” deməklə iş bitmir ee, cənab Vəli Rzayev…
Bəli, Masallının “voyenkomu” Vəli Rzayev xəstə çağırışçılara deyir ki, mənə çatanı ver, təsdiq edim.
Hətta, Vəli Rzayev vətəndaşa deyir ki, get hara istəyirsən şikayət elə….
Vətəndaşlar da Vəli Rzayevlə bağlı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya və Müdafiə naziri Zakir Həsənova dəfələrlə rəsmi müraciət etsə də hamısı cavabsız qalıb.
Vətəndaş tələb edir ki, bu işdə günahkar olan, vəzifəsini düzgün icra etməyən Masallı rayon hərbi komissarı Vəli Rzayev və digər şəxslər cəzalandırılsın! Amma…
Əmması odur ki, bu qədər şikayətlərə baxmayaraq Vəli Rzayev əməllərindən əl çəkmir. Hətta…
Bəli, Vəli Rzayevdən soruşan lazımdır ki, Masallı hərbi komissarlığının binasının təmiri zamanı nə qədər qabağa düşdün..?
Hətta tələbələr universitetdə təhsil aldığı ilə bağlı rəsmi sənədləri komissarlığa təqdim etsə də, Vəli Rzayev müxtəlif bəhanələrlə kağızları qəbul etmir! Və nə isə tələb edir.
Sonda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovdan soruşuruq ki, bütün bunlardan xəbəriniz yoxdurmu..?
Yazıda müxtəlif saytların materiallarından istifadə edilmişdir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //gundelik-baku.com//