Axtarış...

Arzu Rəhimovun Masallıdakı kadrından XƏBƏRİ VARMI? - İTTİHAM

Arzu Rəhimovun Masallıdakı kadrından XƏBƏRİ VARMI? - İTTİHAM


Məlumdur ki, bir neçə il öncə Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər hərbi komissarlıqları ləğv edildi və onların əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ( SHXÇ ) yaradıldı.
Üstəlik on illərlə fəaliyyət göstərən Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin ( keçmiş DOSAAF ) dəyəri 100 milyonlar olan maddi-texniki bazası yeni quruma verildi.
Heç kim demədi ki, DOSAAF dövlət qurumu deyil, könüllü yardım cəmiyyətidir. Yüz minlərlə insanın üzv olduğu cəmiyyəti necə dövlət qurumuna vermək olar..?
Amma PA-nın o zamankı rəhbəri Ramiz Mehdiyevin sehrli əli məsələni həll etdi.
Nə isə…keçək əsas məsələyə…
Çoxları hesab edir ki, SHXÇ Dövlət Xidməti ancaq yaşı çatan gəncləri orduya çağırmaq üçündür. Əslində isə bu Dövlət Xidmətinin əsas işi gənclərin hərbi-vətənpərvərlik RUHUNDA TƏRBİYƏSİ, hərbi xidmətə çağırışaqədərki HAZIRLIĞI, xüsusi hərbi İXTİSASLAR üzrə hazırlığı və digər məsələlərdir. Hətta qurum sürücülük vəsiqələri də verir…
Yəni qurumun işi vətəndaşa “povestka” verməklə bitmir.
Bu qurumun hər rayonda şöbəsi fəaliyyət göstərir.
Biz qurumun özündə baş verən korrupsiya halları ilə bağlı Gündəlik-Bakı olaraq kifayət qədər yazdığmız üçün bu məsələ üzərində dayanmırıq.
Əslində qurumun rəhbərliyinin və müavinlərinin qanunsuz əməlləri barədə əlimizdə kifayət qədər məlumatlar var.
Ancaq bu yazıda konkret olaraq qurumun Masallı rayon şöbəsində baş verən qanunsuzluqlardan bəhs etmək istəyirik.
Bəli, media üzərindən apardığımız araşdırma zamanı bəlli oldu ki, gənc çağırışçıları əsgəri xidmətə yola salan zaman tədbirdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Rayon Şöbəsinin rəisi, polkovnik-leytenant Vəli Rzayev vətən qarşısında borcunu yerinə yetirməyə yola düşən çağırışçıları, onların valideynlərini və yaxınlarını təbrik edərək ordu quruculuğu prosesində qazanılmış uğurlardan söz açıb. Hər bir Azərbaycan əsgər və zabitinin hərbin sirlərinə dərindən yiyələnərək şəhidlərimizin qisasını almaq üçün çalışmalı olduğunu vurğulayıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Rayon Şöbəsinin rəisi, polkovnik-leytenant Vəli Rzayev Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi tədbirlər nəticəsində Silahlı Qüvvələrimizin hazırda regionun ən güclü ordusuna çevrildiyini diqqətə çatdırıb.
Gördünüzmü, Vəli Rzayev necə vətənpərvərlikdən danışır.
İndi isə keçək real faktlara və görək, əslində Vəli Rzayev kimdir..?
Vəli Rzayevin bir gözü görməyən vətəndaşı sağlam adı ilə orduya göndərməsi barədə mediada çox yazılıb.
Görəsən bunu dövlət orqanları oxumur, görmürlər..?
Belə ki, Masallı rayon, Ərkivan qəsəbə sakini, Ağazadə Gündüz Çingiz oğlu 2019-cu ilin oktyabr ayında hərbi xidmətə çağırılıb. Hər kəsə məlumdur ki, hərbi xidmətə çağırılan qulluqçular, öncə tibbi müayinədən keçməli və əgər sağlamlıqlarında bir problem yoxdursa, hərbi xidmətə yararlı hesab olunmalıdırlar. Təəssüflər olsun ki, Gündüzün məsələsində hər şey əksinə olub. Belə ki, vətəndaş müayinədən keçdikdən sonra, onun sağ gözünün 0.01 % gördüyü məlum olmuşdur.
Gündüzün gözündəki problem sonradan olmayıb, anadangəlmədir. Yəni, bunun bir müalicəsi yoxdur!
İndi gördünüzmü, 1 faiz görməyəni orduya göndərirlər, amma yüzlərlə sağlam çağırışçı pulunu verib ordudan yayınır.
Təsəvvür edin ki, həkimlər özü də təsdiq edir ki, çağırışçının gözü 1 faiz görmür, amma rəsmi sənəd vermirlər, rüşvət istəyirlər.
Bu çağırışçı vaxtilə Rusiyanın ən nüfuzlu dövlət xəstəxanalarında müayinə olunub, əlində rəsmi sənədlər var, amma…
Əmması odur ki, Masallının “voyenkomu” Vəli Rzayev deyir ki, pulunu ver, təsdiq edim.
Hətta, Vəli Rzayev vətəndaşa deyir ki, get hara istəyirsən şikayət elə….
Eyni zamanda bu məsələ ilə bağlı vətəndaş Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya və Müdafiə naziri Zakir Həsənova dəfələrlə rəsmi müraciət etsə də hamısı cavabsız qalıb.
Vətəndaş tələb edir ki, bu işdə günahkar olan, vəzifəsini düzgün icra etməyən Masallı rayonu hərbi komissarı Vəli Rzayev və digər şəxslər cəzalandırılsın!
P.S. Növbəti yazıda Masallı hərbi komissarlığının binasının necə və neçəyə təmir olunmasını araşdırmağa çalışacağıq.
Yazıda müxtəlif saytların materiallarından istifadə edilmişdir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //gundelik-baku.com//
Text-to-Speech

DİNLƏ






Şərh yaz