İstənilən davamlı inkişaf elmi əsaslara söykənir. Çünki, elmi əsası olmayan iqtisadiyyat süquta məhkumdur. Elə isə bizdə elmlə iqtisadiyyat nə dərəcədə vəhdət təşkil edir? Məsələ ilə bağlı araşdırma apardıq. Məlum oldu ki, ölkə iqtisadiyyatına elmi dəstəyi AMEA-nın müvafiq institutları və ayrı-ayrı dövlət qurumlarının strukturuna daxil olan institut, elmi mərkəzlər və birliklər verir. Amma elmin iqtisadiyyatımıza verdiyi pay gözləntilərdən çox-çox azdır. Əslində bu gün elm iqtisadiyyatın arxasınca sürünür. Günün çağırışlarına cavab verməyən elmi-tədqiqat qurumları bir növ arabanın beşinci təkərini xatırladır.
Azərbaycanda nə qədər elmi-tədqiqat institutu və mərkəzləri var?
Ölkəmizdə fəaliyyət göstərən elmi-tədqiqat institut və mərkəzləri iki qurupa bölünür. Birinci qrupa AMEA-ının tabeçiliyində olan qurumlardır. Bunların sayı 50-dən artıqdır.
İkinci qrupa isə müvafiq dövlət qurulmlarının tabeçiliyindəki institut və elmi mərkəzlər daxildir. Bunların sayı isə 15-ə yaxındır.
Xatırladaq planlı iqtisadiyyatın mövcud olduğu Sovetlər dönəmində əksər qurumların nəzdində tədqiqat mərkəzləri və institutlar olub. O zaman bu elmi qurumlar çox səmərəli fəaliyyət göstərirdi. Hətta büdcə vəsaitlərinin ayrılmasında və xərclənməsində elmi institutlar əsas söz sahibi idi. Lakin bazar münasibətlərinə keçəndən sonra elmi institutlar iqtisadi-siyasi və sosial-mədəni həyatımızda öz vacib rollarını itirdi.
Bəzi dövlət qurumları isə tabeliklərində olan elmi-tədqiqat institutlarını ləğv etdilər. Məsələn, vaxtilə yol tikintisi ilə məşğul olan konkret elmi-tədqiqat institutları vardı. Və həyata keçirilən bütün layihələr məhz o instututun süzgəcindən keçirdi. Lakin müstəqillik illərində bu institut ləğv olundu. Ona görə də tikintisinə milyonlar xərclənən yolların qısa müddətdən sonrakı aqibəti göz önündədir.
Və yaxud vaxtilə ölkəmizdə balıqçılığı öyrənən elmi institut var idi. Bir neçə il əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən o institut qapadıldı. Bir azdan balığı ancaq import etsək təəcüblənməyin.
Prinsip etibarı ilə son dövrlər xeyli sayda elmi-tədqiqat institutları ləğv olunub. Amma bəzi strukturlarda bu institut və elmi mərkəzlər qalmaqdadır. Məsələn, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində 7, Meliorasiya və Su Təsərrüfatı ASC-nin nəzdində 4, ADNŞ-nin nəzdində 2, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyndə 3, İqtisadiyyat Nazirliyinin nəzdində 1 elmi-tədqiqat institutu və yaxud elmi mərkəz var.
Elmi-tədqiqat institutları və mərkəzləri nəyə görə fəaliyyətsizdir?
Dövlət qurumlarının tabeliyində olan elmi-tədqiqat institutları və elmi mərkəzlər hazırda demək olar ki, fəaliyyətsizdir. ARDNŞ-nin nəzdindəki elmi-tədqiqat institutu bir qədər aktivdir. Və neft sənayesində öz vacib yerini qoruyub saxlayır.
Amma digər qurumlardakı elmi-tədqiqat institutları və elmi mərkəzləri isə demək olar ki, ölkəyə fayda vermir.
Kənd Təsərrüfatı Nazirliyi nəzdində bir universitet, 6 elmi-tədqiqat institutu və elmi mərkəzləri var. Bununla belə hazırda aqrar sektor həm savadlı kadr, həm də keyfiyyətli toxum və vasitələr sarıdan ciddi korluq çəkir. Böyük şirkətlər aqronomları, zootexnikləri, baytar həkimlərini əsasən xaricdən dəvət edirlər. Kiçik fermerlər isə özləri öz başlarına çarə qılmağa çalışırlar. Toxum və digər əkin-biçin vasitələrini də hərə öz bildiyi kimi həll edir.
Və yaxud Meliorasiya və Su Təsərrüfatı ASC-nin nəzdində 4 elmi-tədqiqat institutu və elmi mərkəz var. Onların da fəaliyyəti ictimaiyyət üçün qaranlıq, iqtisadiyyatımız üçünsə səmərəsizdir. Rəsmi məlumatalara görə ölkəmizdə ötürülən suyun 40 faizi itkiyə gedir. Torpaqların şoranlaşması isə ilbəil yüksəlir. Bəs onda o elmi-tədqiqat institutları və elmi mərkəzləri nə ilə məşğuldur?
Elmi-tədqiqat institutları “Qocalar evi”ni xatırladır
Təəssüflə deməliyik ki, hazırda ayaqda qalan elmi-tədqiqat mərkəzlərindəki işçilərin böyük əksəriyyətinin yaşı 60-dan yuxarıdır. Bunun bir səbəbi bu sahələrə gənclərin az maraq göstərməsidir. Çünki, elmi-tədqiqat institutlarındakı əməkdaşı nə normal əmək haqqı, nə də ki, uğurlu perspektiv gözləyir. Ona görə də gənclər bu sahədən qaçır. İnstitutlar bir növ “Qocalar evi”ni xatırladır.
Qurum rəhbəri xoşu gəlməyən və yola getmədiyi əməkdaşı elmi-tədqiqat instituna göndərməklə bir növ onu cəzalandırır. Bu mənada institutlar bəzən “cərimə batalyonları”nı da xatırladır. Nəhayətdə dövlət üçün artıq yükə çevrilir.
Halbuki, elmi-tədqiqat mərkəzlərinə bu gün çox böyük tələbat var. Bəs, elə isə nədən başlamalı?
Bu barədə növbəti yazımızda…
Surxay Atakişiyev, Bizim.Media