Axtarış...

Tender elanından sonra yaranan şirkət qalib oldu - Fotofakt

Tender elanından sonra yaranan şirkət qalib oldu - Fotofakt


Ağstafa şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən keçirilən tender müsabiqələrinin (kotirovka sorğuları) qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tenderlərin qalibi “Palma-Z” MMC (VÖEN – 3601462631) olub.

Tender müsabiqəsinin şərtlərinə görə “Palma-Z” MMC Ağstafa şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinə 21 min 640 manat dəyərində nəqliyyat vasitələrinin cari təmi üçün ehtiyat hissələri satacaq.

Tender müsabiqəsinin qalibi olan “Palma-Z” MMC 05.04.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Ağstafa rayonu, Qıraq Kəsəmən kəndində yerləşən MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Məmmədova İradə Bayram qızıdır.
Qeyd edək ki, Ağstafa şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinə kotirovka sorğusunu MMC-nin dövlət qeydiyyatına alındığı gündən bir gün əvvəl – 04.04.2022-ci il tarixində elan edib.
Tender elanından sonra yaranan şirkət qalib oldu - Fotofakt

Qeyd edək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığın olması lazımdır.
Tender elan olunduğu gündən bir gün sonra yaranan şirkətin hansı təcrübəsinin olacağı aydın deyil.

Onu da qeyd edək ki, “Palma-Z” MMC Ağstafa şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən keçirilən daha 2 tender müsabiqəsinin də qalibi olub.

“Palma-Z” MMC Ağstafa şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinə 13 min 190 manat dəyərində elektrik mal-materialı, 12 min 958 manat 50 qəpik dəyərində işçi ləvazimatları və mal-materialı satacaq.
Tender elanından sonra yaranan şirkət qalib oldu - Fotofakt

Məlumat üçün bildirək ki, bu cür qeyri-adi tenderi keçirən Ağstafa şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyi Ağstafa rayon İcra Hakimiyyətinə tabedir. Hazırda Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Vaqif oğlu Orucovdur. Seymur Orucov 1984-cü il oktyabr ayının 27-də Naxçıvan MR-nın Naxçıvan şəhərində anadan olub. 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə” kafedrasına aspirant kimi qəbul olunub. 2010-cu ildə -26 yaşında iqtisad elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almaq üçün “Müasir şəraitdə dövlət büdcəsinin gəlir və xərclərinin tənzimlənməsi problemləri” mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə edib.
2006-cı ildən 2009-cu ilin iyun ayına kimi Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışıb.

2009-cu ildən 2011-ci il aprel ayınadək Universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri və 2009-cu ilin noyabr ayından (25 yaşında) 2011-ci ilin aprel ayınadək tərbiyə işləri üzrə prorektor əvəzi vəzifəsində faəliyyət göstərib.

29 yanvar 2011-ci ildə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinə, 4 aprel 2011-ci ildə isə Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifəsinə seçilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 4 iyun 2010-cu il tarixli 951 nömrəli Sərəncamı ilə “TƏRƏQQİ” medalı ilə təltif olunub.
Qeyd edək ki, Seymur Orucov Dövlət İqtisad Universitetinin sabiq rektoru, keçmiş millət vəkili Şəmsəddin Hacıyevin kürəkəni, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyevin isə bacısının oğludur. Seymur Orucovun anası Yeganə Möhbalıyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri 2 saylı Xidmət Nümayəndəliyində direktor müavini işləyir.

Yeniavaz.com
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz