Paytaxtın ətraf qəsəbələri bir sıra problemlə üz-üzə qalmaqda davam edir
"Leqal.info" xəbər verir ki, yolların bərbad olmasından tutmuş digər çatışmazlıqlar uzun illərdir həllini tapmır. Belə problemlərdən biri də məişət tullantılarının vaxtı-vaxtında yığılmamasıdır. Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa Ramana ikinci sahə deyilən ərazidə zibillər dizə qədər aşıb-daşır. Bu barədə "Leqal.info" sözügedən problemlə məqalə dərc edib, işıqlandırmışdıq. Məqalənin işıqlandırılmasından sonra aidiyyatı qurum tərəfindən zibil yığışdırılsa da bir müddət sonra yenə problem olduğu kimi həllini tapmamış qalır. Sakinlər bildirir ki, 2 ilə yaxındır ki, zibil tullantısı üçün yer təşkil olunsa da, ancaq hələ zibil qutuları yerinə gətirilib qoyulmur. Eyni zamanda yollar da bərbad gündədir. Aidiyyatı qurumlar da heç bir tədbir görmürlər. Daha dəqiq desək, Şuşa Ramanaya düşərkən kanalı keçəndə sağdakı küçədən söhbət gedir. O küçə ki, məişət tulantıları ilə əhatə olunub. Anti-sanitariya baş alıb gedir. Ətrafa yayılan pis qoxu, həm də müxtlif xəstəliklərin də yaranmasına səbb olur. Amma di gəl ki, rayon üzrə rəhbər şəxslər bu mənzərənin aradan qaldırılmasına çalışmır. Ramana bələdiyyəsi, Ramana qəsəbə İcra Nümayəndəliyi sözün əsl mənasında kabinet məmuruna dönüblər. Başlarını oturduqları isti otaqdan çölə çıxarıb, rəhbəri olduqları qəsəbədə hansı çatışmazlıqların yaşandığını görmək istəmirlər. Ona görə də, qəsəbə sakinlərinin haqlı narazılıqları günü-gündən artmaqdadır.
Qeyd edək ki, şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisində tullantıların idarə olunmasına dair hansı tələblər var?
Şəhərlərdə və rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumlar (urnalar) arası məsafə 100 metrdən çox olmamalıdır. Şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisi müntəzəm olaraq məişət tullantılarından təmizlənməlidir. Şəhərlərin və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Nazirlər Kabinetinin 21 aprel 2005-ci il tarixli “Şəhərlər və digər şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nın 1.3-cü maddəsinə görə yaşayış əraziləri, küçə və keçidlər, mədəni-məişət obyektləri, müxtəlif müəssisələrin və təşkilatların əraziləri, parklar, meydanlar, istirahət və ictimai istifadə yerləri təmizlənmə obyektləridir. Ümid edirik ki, sözügedən qəsəbənin məlum problemi ilə əlaqədar aidiyyatı qurumlar ölçü götürərlər.
Elnurə Fərhadqızı
Xəbərin müəllifi
Leqal.info