Bakıda küçədə göyərti satmağa başlasan, dərhal adamın başının üstünü kəsdirib səyyar ticarətin qadağan olunduğunu əsas gətirərlər, çörək pulu qazanmağa peşman edərlər. Yaxud küçədə qəzet satmaq istəsən, həmin an gəlib əldə yayımın qadağan edildiyini deyib adamı cərimələyərlər.
Lakin paytaxtın hər tin başında biz açıq şəkildə qumar oynandığını, qanuniləşdirilmiş lotereya getdiyini görə bilərik. Yəqin ki çoxunuz kütləviləşən bu mənzərəyə şahid olub: “Azərlotereya” ASC küçələrdə “Poz qazan” qumarı təşkil edir.
Millitv.az anaxeber.info-ya istinadla məlumat verir ki, artıq Bakının əksər yerlərində, metro həndəvərində bu oyunlar gedir və nəticədə hər gün milyonlar dövr edir. Amma məsələ budur ki, “Azərlotereya” ASC kütləvi şəkildə əhalini aldatmaqla məşğuldur. Çünki cəmi 10-15 faiz uduş qoyur. Yəni hər 100 kupondan uzaqbaşı 3-5 ədədindən uduş çıxa bilər. Bu da lotereyanın təşkilində edilmiş böyük fırıldaqdır.
Hər gün avtobus dayanacaqlarında, lotoreya satış nöqtələrində xüsusilə kasıb təbəqədən olan vətəndaşların böyük həvəslə “Qızıl 2”, “Şans ulduzu” və “Brilliant” ani lotereyaları almasının şahidi oluruq. Və onlar sonuncu pulunu da qumara verməyə təhrik edilir.
Əslində, küçələrdə açıq şəkildə lotereya oynanması qumarı təbliğ etmək, insanları şirnikləndirmək deməkdir. “Azərlotereya” isə ən azı bunun müqabilində normal uduş kvotası da ayırmayıb ki, heç olmasa “Poz, qazan” kuponu almağa dəysin. Çünki əksər hallarda kupon alanlar uduzur, pulu gedir. “Poz Qazan” lotoreyalarında kuponların arxasında rəqəmlər var, bir-birindən fəqlənirlər və öncədən məlumdur. Ekspertlər də deyirlər ki, kuponların üzərindən rəqəmlər mütləq götürülməlidir. Birmənalı şəkildə “Poz Qazan” lotoreyasında insanları aldadırlar.
Hüquq müdafiəçisi Sahib Məmmədov bildirmişdi ki, orqanlar bu məsələni qaldırmalıdır. Bu günlərdə deputatlardan Naqif Həmzəyev, Razi Nurullayev və digərləri bildirmişdilər ki, vətəndaşlarımız müxtəlif yollarla aldadılır, onlara ümid verilir. Ümumiyyətlə, bu “mədəni qumarın” təcili küçələrdən yığışdırılmasına zərurət var. Kasıb əhali axırıncı pulunu da udmaq arzusu ilə qoyur və uduzur. Üstəlik, yollarda bu oyunların təşkili istər-istəməz həvəs oyadır, cəlb edir və çoxu aldanıb oynayır. Deyilənə görə, bu biznesin arxasında yüksək ranqlı məmur dayanır.
Sosial çətinliyin və işsizliyin olduğu bir dövrdə insanların son ümid yeri bu lotereyalardır. Təsadüfi deyil ki, bir neçə gün öncə bu lotereyadan qazanılan 200.000 manatdan sonra iki əmioğlu mübahisə edərək polis tərəfindən saxlanıldı. Demək, bu həm də ailələrdə münasibətlərin korlanmasına yol açan bəladır. Əgər cekpot 5000, 10000, 20000 manatdırsa, bu qumardır. Bunun başqa adı yoxdur. Kazinolar qadağan olunsa da, bu da qumarın ayrı növüdür.
Maraqlıdır ki, Azerlotereya rəsmi səhifəsində udulan böyük məbləğlər barədə məlumatlar versə də, çox vaxt qalib olan şəxslərin adlarını açıqlamır. Qurumun bu addımı isə əksər insanlarda şübhələr yaradır. Azerlotereyanın feysbuk səhifəsində isə komment yazan insanların böyük əksəriyyəti lotereyada uduşların çox xırda rəqəmlərdən və az olmasından şikayətçidir. Qeyd edək ki, “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Zafer Reisoğlu, maliyyə üzrə baş rəhbəri isə Osman Karakuşdur.