Ermənistanın “Hraparak” qəzeti yazır ki, bu gün Brüsseldə üç lider tərəfindən sənəd imzalansa, Qarabağın Rusiyaya birləşdirilməsi üçün imza toplanmasına başlanacaq. Nəşrin mənbələrə istinadən bildirdiyinə görə, Brüsseldə sənəd imzalanacağı təqdirdə, ilk saniyədən etibarən Qarabağda “respublika”nın Rusiyaya birləşməsi istiqamətində siyasi prosesə başlamaq qərara alınıb.
Qarabağın Rusiyaya birləşdirilməsinin hüquqi əsası varmı? Separatçılar bu addımı ata bilərmi? Yoxsa bu sadəcə blefdir?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Əziz Alibəyli bildirib ki, Brüssel görüşündən öncə Ermənistan tərəfindən iki blef baş verdi:
“Separatçıların və revanşistlərin açıqlaması və İrəvanda mitinqlərin keçirilməsi blefdir və bunların arxasında Paşinyanın mütləq şəkildə rolu var. Paşinyan Brüsseldə göstərmək istəyir ki, onun alternativi separatçılardır və onlar bölgədə sülhə ən böyük maneədir. Bu mənada Paşinyan Azərbaycana mesaj vermək istəyir ki, mənimlə razılaşmaq sizə daha uyğundur. Azərbaycan isə bu görüşün üstün tərəfidir. 10 noyabr bəyənatı müharibənin Azərbaycanın lehinə yekunlaşmasının təsdiqidir. Onun leqallaşdırılması sülh müqaviləsinin imzalanması ilə əsaslanmalıdır. Azərbaycan bunu istəyir. Ən böyük risklərdən biri də Zəngəzur dəhlizi idi ki, dünən İran tərəfi Azərbaycanla bağlanmış müqaviləni bir növ qanuniləşdirdi. Yəni Azərbaycan görüşə yüksək üstünlüklərlə gedir”.
Politoloq bildirib ki, görüş ərəfəsində separatçıların bu davranışları onu göstərir ki, Brüsseldən ciddi nəticələr əldə oluna bilər:
“Azərbaycan-Ermənistan tərəfi təkcə Avropa İttifaqı xətti ilə sülh danışıqlarına yaxınlaşmır. Burada Rusiyanın da xeyir-duası var. Separatçılar bir qədər preventiv davranır. Onlar görüşdə uğurlar əldə ediləcəyini təxmin edir və bu “təhlükə”ni hiss etdiyinə görə öz sonuncu bleflərini etməyə başlayıb. Lakin bunun heç bir hüquqi əsası yoxdur. Bu günə qədər istəsələr, onlar bunu edərdi. Rusiyanın adını hallandırmaqla göstərmək istəyirlər ki, onların taleyi Rusiyaya bağlıdır. Çünki separatçılar Rusiyanı da şantaj edir. Hazırda Ukrayna ilə müharibədə bütün dünyanı qarşısına almış Rusiya üçün sülh müqaviləsinin Moskvada bağlanması və bundan sonra pozitiv imic qazanmaq çox vacibdir. Qarabağın Rusiyaya birləşdirilməsi Rusiya üçün fiaskodur. Bunun heç bir hüquqi və siyasi əsası yoxdur”.