Axtarış...

Paşinyan Əliyevlə yeni sənəd imzalayacaq – Masada nələr var?

Paşinyan Əliyevlə yeni sənəd imzalayacaq – Masada nələr var?


Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan bu gün hökumətin iclasında Rusiyanın vasitəçiliyi ilə Azərbaycanla yeni üçtərəfli sənəd imzalamağa hazırlaşdığını deyib. Lakin Paşinyan sənədin məzmununu açıqlamayıb, onun hələlik işçi sənəd formasında olduğunu bildirib.

Paşinyan qeyd edib ki, hazırda Ermənistan, Rusiya və Azərbaycan arasında üçtərəfli danışıqlar aparılır. Və təklif edilən həll variantı Ermənistanın maraqlarına cavab verir. “Azərbaycan öz razılığını versə mən bu sənədi imzalayacam”,-o deyib.

Paşinyan sənəd ətrafında danışıqların hələ davam etdiyini bildirib və işçi sənədi açıqlamağın “qeyri-korrekt olacağını” deyib. Bundan əvvəl keçmiş prezident Serj Sərkisyanın kürəkəni Mikael Minasyan həmin sənəd barədə danışmışdı və daha sonra 90 faizinin üstü örtülmüş sənəd fotosu yaymışdı. Minasyan bildirirdi ki, bu sənəd Azərbaycanla Ermənistan arasında sərhədlərin demarkasiyasına dair prinsipləri razılaşdırır. Sərhədlər isə onun sözlərinə görə, sovet dövrü xəritələri, coğrafi xüsusiyyətlər və mövcud reallıqlar əsasında demarkasiya ediləcək. Minasyan Paşinyanın Qazaxın işğal edilmiş 6 kəndini və üstəlik Kərkini qaytarmağa da razılıq verdiyini bildirib, onun “növbəti xəyanətə hazırlaşdığını” irəli sürüb.

Paşinyan isə hökumətin iclasında Minasyanı “Azərbaycan təbliğatına işləməkdə” və öz cəmiyyətinə hörmətsizlikdə günahlandırıb.
Text-to-Speech

DİNLƏ






Şərh yaz