Azərbaycan Hava Yolları QSC-nin rəhbərliyində dəyişiklik gözlənilsə də, bu barədə yerli KİV-də yetərincə müzakirələr açılsa da, görünəni odur ki, Cahangir Əsgərov hələ uzun müddət postunda qalacaq. DİA.AZ bildirir ki, postunda qalması bir yana, AZAL rəhbərliyi əvvəlki qaydada büdcə pullarını xırıd etməyindədir. Burada söhbət tenderlərdən gedir ki, hələ də AZAL köhnə "partnyor"ları ilə işləyir... bu isə bir faktı ortaya qoyur: DURMAQ YOX, YOLA DAVAM!
Son informasiyalardan aydın olur ki, Azərbaycan Hava Yolları QSC əməkdaşlarının 12 ay ərzində müəyyən olunmuş istiqamətlər üzrə avtonəqliyyat vasitələri ilə (avtobuslarla) gündəlik işə/işdən daşınması xidmətlərinin satınalınması üzrə tenderin qalibini açıqlayıb. Açıqlanan qalib heç də yeni birisi deyil. Cahangir müəllimin köhnə tender ortaqlarından biridir.
Belə ki, 654 000 manatlıq tenderin qalibi "Airport Gate Service" MMC-dir. DİA.AZ xəbər verir ki, tərəflər arasında satınalma müqaviləsi bağlanılıb.
Onu da qeyd edək ki, "Airport Gate Service" MMC ilə Cahangir Əsgərovun kantoru arasında bu vaxta qədər üst-üstə 100 milyon manatdan artıq müqavilələr bağlanılıb ki, bu da ortaya kifayət qədər ciddi şübhələri çıxarmaqdadır.
Dia.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Airport Gate Service” MMC 30 mart 2016-cı il tarixdə qeydiyyata alınıb. Nizamnamə kapitalı 606 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Mehbala Zeynalabdiyev küçəsi, ev 8, mənzil 28-də yerləşir. MMC-nin qanuni təmsilçisi Hüseynov Məmməd Mirzə Ağahüseyn oğludur.
Açıq mənbələrdə şirkət və onun qanuni təmsilçisi barədə hər hansı qeyd yoxdur. Araşdırmalar zamanı isə aydın olub ki, "Airport Gate Service” MMC "Silk Way Holding” MMC-yə daxildir. Mediada gedən və bu günə qədər təkzib olunmayan məlumatlara görə isə, bu şirkət AZAL-ın prezidenti Cahangir Əsgərova və ailə üzvlərinə məxsusdur.
İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...