Bakı şəhər, Nizami rayon sakini Günay Bəylərova həkim Mircəlal Kazımidən şikayətçidir. Günay Bəylərova Meydan TV-yə bildirib ki, anası 65 yaşlı Nuridə Bəylərova qaraciyər çatışmazlığı ilə Mərkəzi Klinik Xəstəxana yerləşdirilib, Kazımi tərəfindən ona qaraciyər köçürülüb. Həkim anası vəfat edən günə kimi onları sağalacağına inandırıb.
“Anam 4-cü dərəcəli serroz idi. Əvvəlcə analizlərini Türkiyəyə göndərdik, ancaq türkiyəli həkimlər əməliyyatı məqsədəuyğun hesab etmədilər. Kazımi isə analizlər və KT müaynəsindən sonra əməliyyat olunmağını məsləhət bildi. Dedi ki, əksinə əməliyyat olunmazsa, yaşamayacaq”,-şikayətçi söyləyib.
Günay Bəylərovanın sözlərinə görə, qardaşı donor olub. Əməliyyatın riskləri barədə məlumat verilib, onlar da əməliyyata razılıq sənədini imzalayıblar. Anası yanvarın 15-də əməliyyat edilib. Xəstəxanadan çıxandan bir neçə gün sonra vəziyyəti pisləşib və təkrar xəstəxanaya aparılıb:
“Biz onsuz da bu əməliyyatın risklərindən xəbərdar idik. Anam 5 gün komada qaldı, ümumilikdə, 27 gün klinikada yatdı. Bizim narazılığımız odur ki, sonrakı günlərdə vəziyyətinin yaxşı olmadığını, həyatı vacib orqanlarının sıradan çıxdığını bildikləri halda onu fevralın 13-dən 25-nə qədər süni nəfəs aparatında saxladılar. Çünki hər gün klinikaya pul ödəyirdik, əməliyyat üçün 42 min ödəmişdik, reanimasiyada qaldığı günlər üçün evimizi satıb 25 min manat ödədik”.
Nuridə Bəylərovanın analizlərinin cavabları. Foto: Meydan TV
Bəylərova deyir ki, fevralın 3-də anasından götürülən analizlərdə sepsis (bədənin infeksiyasına qarşı yaranan,həyati təhlükə daşıyan bir xəstəlikdir) infeksiyası aşkarlanıb. Ayın 7-si təkrar analizlərdə infeksiyanın yüksəldiyi bəlli olub:
“Əməliyyatdan əvvəl bu infeksiya aşkarlanmamışdı, deməli, palatada salınıb. Həkimdən soruşmaq istəyirəm, əgər qaraciyər fəaliyyətə başlamışdısa, niyə sepsisi müalicə etməyiblər? Təxmin edirdim ki, gözləyiblər infeksiya yüksəlsin, ölüm səbəbi kimi bunu göstərsinlər, yanılmamışam”.
Şikayətçi deyir ki, anası sağalsaydı, çəkdikləri əziyyət hədər getməzdi, evlərinin satıb çətin şəraitdə kirayədə yaşamasına da dözərdi. İndi isə həm mənəvi, həm də maddi cəhətdən çətin vəziyyətə düşüb:
“Anamı 13 gün aparatda saxladılar ki, bizdən pul alsınlar. Həkimin dediyi kimi əməliyyat uğurlu alınmayıb, böyrəkləri, ağciyəri sıradan çıxıb. Buna görə də həkimlərin cəzalandırılması üçün bütün lazimi orqanlara şikayət etmişəm”.
Mərkəzi Klinik Xəstəxanadan Meydan TV-yə həkimlə əlaqə saxlamağı məsləhət biliblər. Həkim Mircəlal Kazimi isə Meydan TV-yə bu barədə danışa bilməyəcəyini deyib və xəstəxana ilə əlaqə saxlamağı məsləhət bilib.