Mərhum Kamran Ələsgərovun ailə üzvləri həkimlərin cəzalandırılmasını tələb edir.
“Gənc oğlum həkim məsuliyyətsizliyinin qurbanı olub. Hadisədən bir aydan çox vaxt keçib, ancaq həkimlər cəzasız qalıb, hələ də öz vəzifələrini davam etdirirlər”.
Qusar rayonu, Hil kəndinin sakini Sonaxanım Ələsgərova Meydan TV-yə danışır ki, iyunun 26-da 26 yaşlı oğlu Kamran həyətdəki ağacdan yıxılaraq xəsarət alıb. Vəziyyəti ağır olduğundan onu Bakıdakı xəstəxanalardan birinə götürərək əməliyyat ediblər. Daha sonra kəndə qaytararaq evdə müalicəsini davam etdiriblər.
“Sürücü dedi, həkim başqa xəstənin ünvanındadı”
İyulun 14-də Kamranın səhhəti yenə ağırlaşıb. Ailə üzvləri təcili yardım çağırıb. Yaşadıqları ünvana təcili yardım maşını gəlsə də, tibbi yardım göstərən həkim olmayıb. Səbəbindən Sonaxanım Ələsgərova danışır:
“Sürücü dedi ki, xəstəxanada cəmi bir həkim var, o da hazırda elə Hil kəndində başqa ünvana gəlib. Oğlumu təcili yardım maşınına qoyub rayon mərkəzi xəstəxanasına apardıq. Nəfəs ala bilmirdi, təcili yardım maşınında isə süni nəfəs aparatı yox idi. Aparat olsaydı belə, maşında o aparatın istifadə qaydasını bilən həkim yox idi. Xəstəxanada da qarşımıza heç bir həkim çıxmadı. Reanimasiya şöbəsinin qapısını döydük, açan olmadı. Kamran dəhlizin ortasında xərəkdə qalmışdı. Səs-küy saldıq, heç kim qarşıya çıxmadı. Yumruqlarımızla reanimasiya şöbəsinin qapılarını döydük, heç kimin vecinə olmadı”.
Həmin vaxt Kamranın ailə üzvləri Səhiyyə Nazirliyinin “qaynar xətt”inə də zəng vurublar. Ağır durumda olan Kamrana Qusar Rayon Mərkəzi Xəstəxanasında yardım göstərilməməsindən şikayətləniblər. Ancaq elə həmin dəqiqələrdə Kamran keçinib.
“Kamran Ələsgərov həkim məsuliyyətsizliyinin qurbanı olub”
“İstintaqdan narazıyıq”
İyulun 17-də Qusar Rayon Prokurorluğu tərəfindən mərhumun ailə üzvlərindən və xəstəxana işçilərindən izahat alınıb. Sonaxanım Ələsgərova deyir, indiyədək heç bir həkim məsuliyyətə cəlb olunmayıb. İstintaqın gedişatı barədə isə ailəyə indiyədək heç bir məlumat verilməyib:
“Biz heç müstəntiqi də tanımırıq. Prokurorluğa gedirik, qapıdan giririk, deyirlər, istintaq davam edir, lazım olanda müstəntiq özü çağıracaq. Prokurorla görüşə bilmirik. Mənim 26 yaşlı oğlum həkim məsuliyyətsizliyindən, həkim biganəliyindən ölüb, ancaq bir ana kimi mənə heç bir məlumat vermirlər. Gənc oğlumun ölümünə səbəbkar olmuş həkimlərin cəzalandırılmasını tələb edirəm”.
“Tibbi heyətin izahatı alınıb”
Qusar Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, Kamran Ələsgərov xəstəxanaya bazar günü daxil olduğundan yalnız növbətçi həkim olub. Kamran Ələsgərov beyinə qan sızması nəticəsində vəfat edib. Onun ölüm işiylə bağlı rayon prokurorluğunda araşdırma aparılır, ona görə də bu barədə geniş danışa bilməzlər. Rayon prokurorluğundan isə bildirilib ki, 26 yaşlı gəncin ölüm işiylə bağlı həm ailə üzvləri, həm də qeyd olunan tarixdə xəstəxanada iş növbəsində olan tibbi heyətin izahatları alınıb. Araşdırma davam edir, nəticəsindən asılı olaraq hüquqi addımlar atılacaq. Ailə üzvləri isə istədikləri vaxt istintaqın gedişatı ilə maraqlana, rayon prokuroru ilə görüşə bilərlər.
Ailə üzvləri deyir, Kamran Ələsgərov təzəcə ailə qurubmuş. Bir neçə gündən sonra isə övladı dünyaya gələcək.
Meydan TV