Axtarış...

“17 gündə 4 uşaq eyni həkimin əməliyyatında vəfat etdi” - GİLEY

“17 gündə 4 uşaq eyni həkimin əməliyyatında vəfat etdi” - GİLEY

Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin nəzdində fəaliyyət göstərən Uşaq Ürək Cərrahiyyəsi Mərkəzinin rəhbəri Elnur Həsənov son iki həftə ərzində əməliyyat etdiyi iki azyaşlının ölümündə ittiham olunur.

“Qafqazinfo” xəbər verir ki, bu barədə azyaşlıların valideynləri sosial şəbəkədə məlumat yayıblar. Uşaqlardan biri - 1 yaş 9 aylıq Raulun anası Nuranə Cəfərovanın sözlərinə görə, oğlu Elnur Həsənov tərəfindən sentyabrın 15-də ürək qüsuruna görə əməliyyat edilib. Bir çox həkim əməliyyat riskini, uşağın sağ çıxmama ehtimalını əsas gətirərək əməliyyatdan imtina etsə də, E. Həsənov uşağı əməliyyata götürüb. Ana iddia edir ki, övladı bütün xəstəliklərə qalib gəlib: “Raulun ciyərləri xəstə deyildi, ölüm səbəbi kimi ciyərlərini dedilər. Mənim balama nə oldu, necə öldü? Hələ də məntiqli cavab tapa bilmirəm. Biz o xəstəxanada olduğumuz 17 gündə 4 uşaq eyni həkimin əməliyyatında vəfat etdi. Sanki xəstə uşaqların üstündə sınaq aparırdı. Uşaq üçün yeməklər aldırmışdılar. Vəfatından sonra yeməkləri də qaytarmışdılar. Baxırıq ki, yeməklər heç açılmayıb. Bəs bu 17 gündə uşağa nə veriblər? Bəlkə də heç nə verilməyib. Mənim uşağım bütün xəstəliklərə qalib gəlmişdi, əgər ona reanimasiyada yaxşı baxılsaydı, o ölməzdi”.

Vəfat edən digər uşaq -1 yaşlı Səyyad Bayramov da E. Həsənov tərəfindən sentyabr ayında əməliyyat edilib və əməliyyatdan iki gün sonra vəfat edib. Valideynlərinin bildirdiyinə görə, onlar uşağı özəl klinikada əməliyyat etdirmək istəsələr də, həkim E. Həsənov onları körpənin əməliyyatdan sağ-salamat çıxacağına inandırıb. Azyaşlının atası Minar Bayramov iddia edir ki, uşaq əməliyyatdan çıxandan sonra yüksək temperaturu olub və nəfəs ala bilməyib, onların təkidi ilə reanimasiyaya aparılanda ölüb. Lakin körpənin ölüm xəbəri onlara 12 saat sonra verilib. Uşağın ölüm xəbərini eşidən babası da infarkt keçirərək vəfat edib.

Həmçinin ailə həkimin telefonunu söndürərək aradan çıxdığını, onunla əlaqə saxlamağın qeyri-mümkün olduğunu qeyd edib. Atanın sözlərinə görə, həkim əməliyyatın sığorta tərəfindən qarşılanmadığını deyərək onlardan 5300 manat məbləğində pul alıb.

“Qafqazinfo” hər iki ittihamla bağlı M.A Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə sorğu ünvanlayıb. Mərkəzdən yalnız Səyyad Bayramovun ölümü ilə bağlı ailənin ittihamlarına cavab verilib. Bildirilib ki, xəstə Bayramlı Səyyad Minar oğlunun valideynləri 24.09.21 tarixində İcbari Tibbi Sığorta Agentliyinin göndərişi əsasında anadangəlmə ürək qüsuru diaqnozu ilə mərkəzə müraciət ediblər. Aparılan exokardioqrafik müayinədə xəstədə kor triatrium və mitral qapağın kombinə olunmuş qüsuru mitral darlıq I dərəcə, mitral çatmamazlıq III dərəcə, sol qulaqcıqda membrana, sol ürək boşluqlarında kəskin genişlənmə aşkar edilib. Elektrokardioqrafik müayinədə xəstədə “Volf-parkinson-Vayt” sindromu (mədəciklərin vaxtından əvvəl oyanma sindromu) qeyd edilib:

“Xəstənin valideynlərinə qüsurun mürəkkəbliyi və müalicəsinin yalnız cərrahi yolla olması barədə həmçinin əməliyyat və əməliyyatdan sonrakı dövrdə baş verə biləcək ağırlaşmalar haqqında geniş məlumat verilib. Həmçinin valideynə xəstədə yanaşı qeyd olunan “Volf-parkinson-Vayt” sindromunun riskləri və törədə biləcəyi fəsadlar barədə ətraflı izahat verilib. Valideynlər əməliyyat və əməliyyatdan sonrakı dövrdə baş verə biləcək ağırlaşmaları anladıqlarını bildirərək əməliyyata yazılı sürətdə razılıq veriblər. Bundan sonra xəstədə əməliyyat üçün zəruri olan müayinələr aparılıb. Müayinələrin nəticələrində əməliyyata əks göstəriş qeyd olunmayıb. Aparılan reanimasyon tədbirlərə baxmayaraq ürək fəaliyyəti bərpa olunmayıb, bioloji ölüm qeydə alınıb.

Hazırda dünyada “Volf-Parkinson-Vayt” sindromuna görə baş verən qəfləti ölümlərin göstəricisi 30% civarındadır. Məhz bu xəstədə əməliyyatdan sonrakı dövrdə stabil hemodinamika fonunda həyatla bir araya sığmayan aritmiyanın yaranmasına “Volf-Parkinson-Vayt” sindromu səbəb olub. Buna baxmayaraq həkimlərimiz lazımı tədbirləri vaxtında həyata keçirərək ürək fəaliyyətini bərpa ediblər. Lakin sonrakı aritmiya zamanı bütün tədbirlərin aparılmasına baxmayaraq ürək fəaliyyəti bərpa olunmayıb. Valideynlərin həkimlər tərəfindən əməliyyat müqabilində hər hansı ödəniş istənməsi iddiası əsassızdır. Xəstənin əməliyyatı bir başa olaraq İTS agentliyinin hesabına icra edilib”.

Eyni həkimin əməliyyat etdiyi 1 yaş 9 aylıq Raulun ölümü ilə bağlı iddialara isə Elmi Cərrahiyyə Mərkəzi tərəfindən münasibət bildirilməyib.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz