Axtarış...

Naxçıvan Xanının qəbir daşı BİZNESİ - Bu sahə də inhisar altındadır

Naxçıvan Xanının qəbir daşı BİZNESİ - Bu sahə də inhisar altındadır

Naxçıvanda qəbir daşlarının qiyməti son bir həftədə təxminən iki dəfə bahalaşıb.

Millitv.az xəbər verir ki, bu haqda "Gündəlik Naxçıvan"a yerli sakinlər məlumat verib. Naxçıvanda iki cür qəbir daşına icazə verilir - xaricdən gətirilən qara rəngli mərmərdən, bir də yerli istehsal olan ağ daşdan hazırlanan. Hər iki daşın istehsalını və topdansatışını yerli hakim ailə Talıbovlara məxsus "Gəmiqaya" Holdinq həyata keçirir.
Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun göstərişi ilə 2015-ci ildən bəri bütün qəbir daşları standart ölçülərdə buraxılır. Başdaşının eni 80, hündürlüyü isə, 50 sm. olmalıdır. Bundan əlavə, daşların üzərinə şəkil vurulması da qəti qadağan olunub.
Naxçıvandakı qəbir daşı sexlərinin birində işləyən, təhlükəsizliyi baxımından adının çəkilməsini istəməyən ustalardan biri deyir ki, "Gəmiqaya" qiymətləri qaldırdığından, onlar da daşı baha satmağa məcbur olublar:
"Əvvəl hazır kəsilmiş qara mərməri "Gəmiqaya"dan 800 manata, ağ daşı isə 250 manata alırdıq. Ora burasın düzəldib, üzərinə ad yazdıqdan sonra, hərəsinin üzərinə 50 manat da biz qoyub, satırdıq. Çünki, qiymətlər yuxarıdan təyin olunur və hər yerdə standart olmalıdı. İndi qara mərməri birdən birə 1400, ağ daşı isə 650 manat etdilər. Biz də məcburuq ki, 50 manat üstünə qoyub, sataq. İranda qiymətlər buradan 3-4 dəfə ucuzdur. İmkan vermirlər ki, özümüz gedib, gətirək, ucuz da sataq. Hər şeyə özlərinin "Gəmiqaya"sı nəzarət edir".
Usta deyir ki, Kəngərli rayonun Qarabağlar kəndində çıxarılan ağ daş əslində çox çox ucuz başa gəlir:
"İstəsələr, 150 manata da verərlər. Ancaq, gözləri doymur. Daşı Qarabağlar kəndindəki karxanadan çıxarıb, sonra qatarla Babək rayonu Tumbul kənd ərazisində, dəmir yolun dibindəki fabriklərinə gətirirlər. Sonra kəsib, hazırlayıb, bizə satırlar. Heç nəyə əlavə pul ödəmirlər. Nə qatara, nə daş karxanasında, nə elektrik enerjisinə. Tək fəhlələrə maaş verirlər ki, o da çox cüzi. Xaricdən gətirdikləri mərməri də Tumbuldakı fabrikdə hazırlayıb, bizə satırlar".
Vətəndaşların Türkiyə, yaxud İrandan hazır baş daşlar alıb gətirmələrinə də qadağa qoyulub. Şərur rayon sakini Sahib Xəlilov deyir ki, mərhum qardaşına baş daşı düzəltdirmək istəyəndə, Naxçıvanda qiymətlər kəskin bahalaşıb. Baha qiymətə almağa maddi imkanı çatmadığından, başdaşı düzəltdirmək üçün Türkiyəyə üz tutub. Lakin, geri qayıdarkən, başdaşı Sədərək gömrüyündə geri qaytarılıb:
"Burada indi 1400 manat olan başdaşını, Türkiyədə 250 manat düzəltdirmişdim. Biraz da yolpulu, hardasa 400 manata başa gəlmişdi. Həm də Naxçıvandakı standartlara uyğun düzəltdirmişdim ki, problem çıxarmasınlar. Ancaq, Sədərək gömrüyü buraxmadı. Nə qədər yalvardım, xeyri olmadı. Dedilər ki, buraxaq, yuxarıdan dərimizə saman təpərlər. Üzəri yazılmışdı deyə, geri qaytarıb, pulumu da ala bilməzdim. Məcbur olub, gömrükdə buraxıb, gəldim".
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz