Naxçıvanda təqaüddə olan bir qrup hərbçiyə mənzil kirayəsini qarşılamaq üçün ödənilən konpensasiya dayandırılıb.
Millitv.az xəbər verir ki, bu haqda "Gündəlik Naxçıvan"a hərbçilərin özləri məlumat verib. Onlar deyir ki, konpensasiya heç bir xəbərdarlıq olmadan, ötən ilin oktyabr ayı kəsilib. Şikayətçilərdən Naxçıvan şəhər sakini, keçmiş gizir Natiq Kərimov deyir ki, pulun kəsilməsinin səbəbi ilə bağlı onlara dəqiq məlumat verilmir:
"Naxçıvan şəhər İcra Hakimiyyəti atır Maliyyə Nazirliyinin üstünə, onlar da deyir ki, bizlik deyil. Mən 20 il xidmət edib, 2012-ci ildən təqaüdə çıxmışam. Şəxsi mənzilim olmadığına görə, istər xidmətdə, istərsə də təqaüddə olduğum müddətində müntəzəm almışam kirayə pulunu. Oktyabra kimi 100 manat mənim özümə, 50 də həyat yoldaşıma hesablanırdı. Yəni, 150 manat ödənirdi. İndi kəsilib. Niyə, hansı səbəbə kəsilib, yazılı məlumat verilmir. Şifahi olaraq deyiblər ki, guya kifayət qədər xidmət etməmişik, vaxtından əvvəl pensiyaya çıxmışıq. Bu yalan məlumatdır. Mən şəxsən 21 il Naxçıvanda xidmət olmub,sonra təqaüdə çıxmışam. Digərlərimiz də həmçinin".
Təhlükəsizliyi baxımından adının çəkilməsini istəməyə keçmiş zabitlərdən biri isə deyir ki, kirayə pulunu öz hesabına ödəyə bilmədiyi üçün, müvəqqəti yaşadığı mənzil ailəsi ilə birlikdə tərk etməli olub:
"Məcbur qalıb, anamın kiçik evinə sığınmışıq. Mənim 200 manat kirayə pulumu kəsiblər. Vətəni qorumaq lazım olanda verirlər qabağa. Əlbəttə ki, bu bizim borcumuzdur. Ancaq, dövlət də gərək bizim haqqımızı kəsməsin. Naxçıvanda özbaşınalıqdır. Bütün problemlərin başında da bu durur. 25 il xidmət etmişəm, sonunda da belə münasibət görürəm. Normal pensiya da vermirlər ki, kirayə pulunu onunla ödəmək mümkün olsun. Onsuz da borc-xərclə dolanırıq".
Məsələyə münasibət öyrənmək üçün Naxçıvan MR Maliyyə Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin Xəzinə Şöbəsinin əməkdaşı Vüsal Məmmədov məsələdən xəbərsiz olduğunu söylədi:
"Bu şikayətlərdən xəbərimiz yoxdu. Şikayəti olan vətəndaşlar problemləri ilə bağlı nazirliyə rəsmi müraciət etsinlər".