Naxçıvanda tibb işçilərini kütləvi şəkildə işdən çıxarmaqla hədələyib, onlardan rüşvət tələb edirlər.
Millitv.az xəbər verir ki, bu haqda "Gündəlik Naxçıvan"a bir qrup həkim və tibb bacısı məlumat verib. Onların dediyinə görə, işlərinə davam etmələri üçün həkimlərdən 8 min manat, tibb bacı və mamaların hər birindən 3 min manat vermələri tələb olunur.
Kəngərli Rayon Mərkəzi Xəstəxanasında çalışan tibb bacısı M. Qasımova (soyad şərtidir) deyir ki, rüşvət verməyənlər işdən çıxarılır, yerinə başqaları götürülür:
"Naxçıvanda vakant yerlərə tibb işçilərinin qəbulu üçün imtahan keçirilir. Bu yerləri əslində satırlar, imtahan boş söhbətdir. Tibb bacısı üzrə vakant yerlər üçün imtahana yazılan namizədlərin sayı hədsiz çoxdur. İndi baş həkim bizə deyir ki, ya pulunuzu verin işdə saxlayaq, ya da başqalarından pul alıb, onları götürəcəklər. Dedi ki, göstəriş birbaşa Naxçıvan Səhiyyə Nazirliyindən gəlib, onluq deyil. İndi kimi inəyini, qızılını satıb, kimi faizə girib pul götürüb, bunlar istəyən rüşvəti verir ki, işdən çıxarmasınlar. Bizim gözümüzün tikəcəyik bir danamız var idi. Onu satdıq, pul düzəlmir hələ. Gərək kredit də götürüb üstünü düzəldək ki, baş həkimə verək, məni işdən çıxarmasın. Burunlarından gəlsin".
Şərur rayon kəndlərinin birində işləyən, təhlükəsizliyi baxımından adının çəkilməsini istəməyən həkimlərdən biri deyir ki, işdə qalmaq üçün ondan da rüşvət tələb olunub:
" Hardan alacam 8 min manatı? Çıxarırlarsa, qoy çıxarsınlar. Verdikləri maaşla iki ilə çıxardaram o pulu. İki il niyə hambal kimi bunlara çalışmalıyam. Belə olur ki, həkim rüşvət alır. İmtahanda həkim vəzifələrinə yazılmış namizədlərin sayı da o qədər çox deyil. Muxtar respublika üzrə cəmi 25 nəfər. Niyə bu qədər rüşvət istəyirlər, başa düşmürəm. Deyirlər ya pulu ödə, ya da yerinə onlardan birini götürəcəyik".
Məsələyə münasibət öyrənmək üçün Naxçıvan MR Səhiyyə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq.
Xidmətin Hüseyn adlı əməkdaşı qısa danışaraq, işçilərin iddialarını rədd edib:
"İşçilər yalan danışır. Elə bir şey yoxdur"
Hazırda Naxçıvanda tibb işçilərinin işə qəbulu üzrə imtahanlar davam edir. Naxçıvan Dövlət İmtahan Mərkəzinin məlumatına görə, İmtahanlarda ümumi olaraq 214 namizəd iştirak edir. Onların 189-u orta ixtisas tibb işçisi, 25-i isə həkim vəzifələri üzrə qeydiyyatdan keçib.