Qəbir ziyarəti dinimizdə çox bəyənilən əməllərdən biridir. Çünki qəbir ziyarəti insana ölümü xatırladır, məsuliyyət duyğusunu artırır. Qəbir ziyarətinin vaxtı ilə bağlı qəti əmr və qadağanlar yoxdur, mövcud göstərişlər tövsiyə xarakterlidir. Belə ki, həftənin bəzi günlərində qəbir ziyarətinə getməyin xüsusi savaba malik olduğu barədə hədislər vardır.
Millitv.Az islam.az-a istinadən bildirir ki, həftənin cümə axşamı və cümə günlərində, bayram və əlamətdar günlərdə qəbirləri ziyarət etmək daha yaxşıdır. Günün saatlarına gəlincə, qəbir ziyarətini sübh çağı yerinə yetirmək daha çox tövsiyə edilir. Rəvayətlərdə deyilir ki, sübh çağı ölülərin ruhu onların ziyarətinə gələnlərin dualarını eşidir və cavablandırır. Həmçinin, cümə axşamı günü zöhrdən sonra qəbirlərə baş çəkmək də müsbət qarşılanır. Gün batandan sonra və gecə vaxtı qəbir ziyarətinə getmək dinimizdə xoş qarşılanmır. Bir daha qeyd edirik ki, bu tövsiyələr qəti deyil və onları pozmaq günah sayılmır.