Axtarış...

151 nömrəli məktəbdə illərdir ki, istilik yoxdur - NARAZILIQ!

151 nömrəli məktəbdə illərdir ki, istilik yoxdur - NARAZILIQ!


“Bakının Nəsimi rayonunda yerləşən 151 nömrəli tam orta məktəbdə illərdir ki, istilik yoxdur. Uşaqlar sinifdə qalın üst geyimləri ilə oturur, soyuq səbəbindən qış aylarında məktəbdə davamiyyət aşağı düşür”.

Bu şikayətlə “Qafqazinfo”ya övladı həmin məktəbdə təhsil alan valideynlər müraciət ediblər. Onların sözlərinə görə, aidiyyəti qurumlara şikayətləri də nəticə vermir:

“Biz 11 ildir ki, o məktəbə uşaq göndəririk, bu illər ərzində məktəbdə istilik olmayıb. Amma bildiyimizə görə, əvvəlki illərdə də vəziyyət belə olub. Aidiyyəti qurumlara, qaynar xəttə zəng edirik, söz verirlər ki, düzələcək, məktəb əsaslı təmir olunacaq. Lakin heç bir nəticə olmur”.

Şikayətçilər bildirirlər ki, əslində məktəbdə qazanxana var, ancaq qazanxanadan gələn xətlər sıradan çıxıb.

Problemlə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət etdik. İdarədən sorğumuza cavab olaraq bildirildi ki, 151 nömrəli tam orta məktəb “Azəristiliktəchizat” ASC tərəfindən mərkəzləşdirilmiş qaydada istiliklə təmin olunmalıdır. Lakin mərkəzi qazanxanadan gələn xətdə təzyiq aşağı olduğundan məktəbə istilik çatmır və nəticədə məktəb istiliklə normal təmin edilmir.

“Qeyd olunan problemin aradan qaldırılması məqsədilə “Azəristiliktəchizat” ASC qarşısında məsələ qaldırılıb. Problemin aradan qaldırılması üçün mütəxəssislər tərəfindən hazırda araşdırma aparılır. Bu kimi bütün problemlər tam nəzarətə götürülüb və həlli istiqamətində davamlı işlərin görülməsi təmin olunur”.

Qeyd edək ki, Bakının ən qədim təhsil ocaqlarından olan 151 nömrəli məktəb 1935-ci ildən fəaliyyət göstərir. Məktəbdə 1988-ci ilədək tədris yalnız rus dilində olub, həmin ildən isə Azərbaycan bölməsi də fəaliyyətə başlayıb. Hazırda təhsil müəssisəsində 602 şagird təhsil alır, 65 müəllim çalışır.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz