Aprel döyüşləri qazisi Rizvan Qarayev ona yalnış əlillik qrupunun təyin edildiyini iddia edib.
Yeniavaz.com xəbər verir ki, sosial qazinin müraciəti "Muğan tv"də yayımlanıb.
Görüntülərdə o əlillik qrupunun səbəbsiz yerə dəyişdirildiyini iddia edir:
“Ayağımın biri yoxdur. Gedirəm beş illik qrupu dəyişdirməyə, mənə deyirlər ki, heç bir dəyişiklik yoxdur. Sonra mənə üçüncü qrup verirlər. İkinci qrup idim, yoxlamasız, komissiyasız üçüncü qrup veriblər. İçəri girib soruşmağa da qoymurlar. Təaqüdümü, pensiyamı kəsiblər. Təqaüdüm əvvəl 350 manat idi, 300 ediblər. 606 manat penisyam idi, indi 3-cü qrupa görə 400 olacaq. 6 aydır ki, mən 1 qəpik də almıram. Sahil Babayevi tapa bilmirik, bizimlə görüşmək istəmir. Dövlət başçısı hospitalda şəxsən bizim yanımıza gəlib, məni avtomobillə təmin edib. Vitse-prezident bizi protezlə təmin edib. Qızları bizimlə marafonda qaçıblar. Amma biz Sahil Babayevi tapa bilmirik”.
İddialarla bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin rəsmisi Tural Qurbanov Yeniavaz.com-a bildirib ki, qaziyə yenə də əlillik təyin edilib və ona verilən sosial ödəniş də kəsilməyib:
“Rizvan Qarayev Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib.
Mərkəzi Hərbi Həkim Komissiyasının Şəhadətnaməsində olan diaqnoz üzrə qanunverciliyə uyğun olaraq ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar III dərəcə müddətsiz (ömürlük) əlillik təyin olunub.
Əlillik əvvəlki əlillik müddəti bitdiyi tarixdən götürülür. O, əliliyə görə bütün sosial ödənişlərini də həmin vaxtdan hesablanmaqla alacaq.
Bu barədə onun özünə də elə müayinədən sonra məlumat verilib.
Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də sol baldırın aşağı 1/3-i səviyyəsində amputasiyasından və reamputasiyasından sonrakı güdülü halında və digər ətraflarda və orqanlarda patofunksional pozuntular olmadıqda III dərəcə əlillik təyin edilməsi nəzərdə tutulub”.
Qeyd edək ki, bundan əvvəl qazinin müxtəlif iddilarla çıxış etdiyi digər videosu da yayılmışdı. Agentliyin sözçüsü Tural Qurbanov həmin iddialara da eyni cavabı vermişdi.
Yeniavaz.com