Ötən gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı "İdeal Kompani MMC"nin qurucusu və keçmiş sahibi İlqar İsmayılovun 8 il azadlıqdan məhrum edilməsini istəyib. Qeyd edək ki, 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək, 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilən İlqar İsmayılovun işi ilə bağlı proses yanvarın 31-də davam etdiriləcək.
Onu da vurğulamaq lazımdır ki, adıçəkilən iş adamı öncəki proseslərin birində "Azərbaycan Hava Yolları" QSC (AZAL) prezidenti Cahangir Əsgərovun sifarişiylə ona 8 il həbs cəzasının veriləcəyini bildirib: "Mən 2017-ci ildə olduğu kimi, yenə də eyni sifarişlə, eyni ittihamla həbsdəyəm. Məni gücü məndən qat-qat çox olan Cahangir Əsgərov həbs etdirdi. Qarşımda şərt qoydu və bütün mal-mülkümün əlimdən alınmasına razılıq sənədlərimə imza ataraq, həbsdən buraxıldım. Mənə xəbərdarlıq etdi ki, səsimi kəsim, sakit olum. Mən isə səsimi kəsmədim, yenə də əvvəlki kimi, sehrli çubuğunu qaldırıb, məni həbs etdirdi".
Bununla yanaşı, İlqar İsmayılov dəfələrlə qeyd edib ki, səhmlərinin 84,48 faizinin AZAL prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva məxsus olan "Premium Bank" (keçmiş "Silk Vey Bank" ASC-red.) saxta kredit müqaviləsi hazırlamaqla ona məxsus şirkəti zorla ələ keçirib. Belə ki, iş adamının sözlərinə görə, "Premium Bank" onun adına 5 milyon manat dəyərində saxta kredit müqaviləsi hazırlayıb və bu kredit müqaviləsini ona qarşı təzyiq vasitəsi kimi istifadə edərək, "İdeal" mağazalar şəbəkəsini əlindən alıblar. "İdeal" mağazalar şəbəkəsini 1999-cu ildə təsis etdiyini və 2011-ci ilin noyabr ayına kimi onun tək sahibi olduğunu vurğulayan İlqar İsmayılov bildirib ki, 2011-ci ilin noyabr ayında "Premium Bank"ın rəhbərliyində təmsil olunan şəxslər ona ortaqlıq təklif ediblər və bu təklifi qəbul edib, "İdeal" mağazalar şəbəkəsinin 50 faizini onlara satıb. İş adamı iddia edir ki, 2015-ci ildən başlayaraq "Premium Bank"ın rəhbərliyində olan şəxslər ona təzyiqlər edərək, şirkətdəki qalan payını da onlara satmağını istəyiblər: "2013-cü ildə bankdan götürdüyüm kreditin şərtləri məndən xəbərsiz dəyişdirilib. Manatla götürdüyüm kredit dollara çevrilib. "İdeal" mağazalar şəbəkəsindəki payımı girov olaraq göstəriblər. Bundan başqa, ödəniş qrafikini də dəyişdiriblər. Daha sonra kredit borcunu hər ay 250 min manat olmaqla 10 ay ərzində ödəməyimi tələb etdilər. Bu təzyiqlərdən sonra məcbur olub mənə məxsus olan 50 faizlik payın yarısını da onlara satdım. 2017-ci ilin fevral ayının 3-də "Premium Bank" rəhbərliyi adıma 5 milyon manatlıq saxta kredit müqaviləsi hazırlayıb və guya mən bankdan 5 milyon manat kredit götürmüşəm. Moskvaya işgüzar səfərə gedən zaman məni hava limanında təyyarədən endirdilər. Mərkəzləşmiş Kredit Reyestrinə müraciət edərək adıma kredit olub-olmadığını öyrənmək istədim. Fevralın 7-də Mərkəzləşmiş Kredit Reyestrindən cavab verildi ki, adıma kredit yoxdur. 2017-ci ilin iyun ayında məni korrupsiya ittihamı ilə həbs etdilər". İş adamının sözlərinə görə, həbsdə olduğu müddətdə "Premium Bank"ın idarə heyətinin sədri Elçin Əhmədov ona təzyiqlər edərək, "İdeal"dakı sonuncu 25 faizlik payını da onlara satmağı tələb edib və bildirib ki, əks halda buradan çıxa bilməyəcəksən. Bundan sonra İlqar İsmayılov məcburiyyət qarşısında qalıb qarşı tərəfin vəkilinə 25 faizlik pay üzrə etibarnamə verib: "Sənəddə mənə məxsus 25 faizlik payın 800 min manata "Premium bank"a satıldığı göstərilsə də, həmin vəsaitdən mənə heç nə çatmayıb".
Bu arada, nəzərinizə çatdıraq ki, yanvarın 11-də Baş Prokurorluğun qarşısında jurnalistlərə açıqlama verən İlqar ismayılovun anası Solmaz İsmayılova əgər yenə də AZAL prezidenti Cahangir Əsgərovun sifarişilə oğlu haqqında ədalətsiz hökm çıxarılarsa, ölüm aclığına başlayacağını bəyan edib. Bununla bağlı deyilir ki, Solmaz İsmayılova oğlunun heç bir sübut-dəlil olmadan Cahangir Əsgərovun sifarişilə həbs olunduğunu qeyd edib: "Bizdə məlumat var ki, Cahangir Hacıyevə söz veriblər, oğlum haqqında uzunmüddətli azadlıqdan məhrumetmə hökmü çıxarılacaq. Prokuror 9 il iş istəyəcək, məhkəmə də 8 il verəcək. Buradan deyirəm, eşitsinlər, kim rüşvət alıbsa, qaytarsın. Çünki oğlum haqqında sifarişlə ədalətsiz hökm çıxarılsa, ölənə qədər aclıq edəcəm, intihara əl atacam. İnsanın günahsız balasının həbsdə çürüməsi nə deməkdir? Onsuz da hər gün ölürəm buna görə. Prezident deyir ki, sahibkarlara mane olmayın, işləsinlər, biznes inkişaf eləsin, bunlar biznesmenin biznesini də, ailəsini də, özünü də məhv edirlər. Prezident xəbər tutmalıdır ki, Cahangir Əsgərov və həyat yoldaşı Zərifə Həmzəyeva oğlumu saxta ittihamla həbsə atdırıb, dişi-dırnağıyla qazandıqlarını ələ keçirdi. Bununla da qalmadılar. Oğlum şikayətçi olduğuna görə onu təkrar həbsə atdırıb, bir ailəni məhv edirlər".
Beləliklə, AZAL prezidenti Cahangir Əsgərovun özü, həyat yoldaşı Zərifə Həmzəyeva və digər yaxınları ilə internet resurslarında yayılan bilgiləri ümumiləşdirdikdə belə qənaətə gəlmək olar ki, Azərbaycanın milyonçu qadınları arasında Zərifə Həmzəyevanın özü ilə yanaşı, qızları Cəmilə və Məlahət Əsgərovalar da yer alıb. Belə ki, nizamnamə kapitalı 26.5 milyon manat olan "Gazelli Group" MMC Cahangir Əsgərovanın həyat yoldaşı tərəfindən təsis edilib. Zərifə Həmzəyeva həm də əvvəlki adı "Premium Bank" ASC-nin sahibidir. "İpək Yolu" Sığorta Şirkətinin iki əsas səhmdarı (hər biri 38,7 faiz paya sahibdir) arasında yer alan Cəmilə və Məlahət Əsgərovanın hər birinin 5,7 milyon manat sərvətinin olduğu bildirilir. Bundan başqa, Cahangir Əsgərovun ailə üzvlərinin ölkə daxilində və xaricində 30-dan çox şirkətə - SW Airways, INC., SW G650 VIP Jets S.A, SW CARGO, INC., SW G650 BUSINESS JETS, S.A, SW BUSINESS JETS, INC., International Handling Company Limited ( Pasea Estate, Read Town, Tortola, BVI), Silk Way Airlines (Lüksemburq), Silkway kargo taşımacılığı ve turizm limited şirketi (İstanbul), "Silk Way Holding" MMC, "Silk Way Development" MMC, "Silk Way Connect" MMC, "Silk Way West Aviaşirkəti" MMC, "Silk Way East Aviaşirkəti" MMC, "Silk Way İnvestment" MMC, "Silk Rovv Travel" MMC, "Silk Way Aviaşirkəti" MMC, "ASG Business Aviation" MMC, "ASG Servis" MMC, "ASG Helicopter Services" MMC, "Duty Free. AZ" MMC, “Hotels Qrup” MMC, “Azbiznesservis” MMC (“Garabag Resort and Spa” oteli), “İpək Yolu Sığorta” ASC, “Premium Bank” ASC, “Şüvəlan P.F.K” MMC, “Turan Air” MMC, “VIP Aviasiya Xidmətləri” MMC, “Silk Way Cargo Services FZE” (Birləşmiş Ərəb Əmirlikləri), “Silk Way Cargo UA” LLC (Ukrayna), “Cargo Hub” LLC (Ukrayna), “IEVROAZIIA” (Ukrayna) - nəzarət etdiyini də qeyd olunur. Eyni zamanda, Batumidə 31 milyon dollar dəyərində "GRAND GLORIA" hoteli, Tiflisdə dəyəri milyonlarla dollar olan "TİFLİS PALACE" hoteli, Tiflisdə bahalı "Veranda" restoranı, Batumidə bir neçə milyon dollar dəyərində GOLDEN PALACE hoteli və kazino, Naftalanda "Garabag Resort and Spa" 5-ulduzlu otel və müalicə mərkəzi, İsmayıllı rayonu, Bədo Bulağının yaxınlığında, 8 hektarlıq ərazidə "Vəhsudan düşərgəsi", Nabranda 30 ha sahədə villa, Qala qəsəbəsində 265 hektar badam bağının da AZAL prezidenti Cahangir Əsgərova məxsus olduğuna dair ciddi iddialar mövcuddur.
Heç kimə sirr deyil ki, dəyəri milyonlarla, hələ bəlkə də bir neçə milyard dollarla ölçülən bu qədər sərvəti halal yolla, ancaq əməkhaqqı, o cümlədən qanunauyğun formada biznes fəaliyyəti ilə məşğul olmaqla yığmaq mümkün deyil. Yox, əgər kimsə bu cür iddiada bulunarsa, deməli həmin şəxsin hesab-kitabdan, ədalətdən, insafdan, eyni zamanda ölkədəki real vəziyyətdən ya xəbəri yoxdur, ya da hər şeyi yaxşı bildiyi halda riyakarlıq edir. Özünüz qərar verin, Cahangir Əsgərovun AZAL prezidenti kimi maaşı nə qədər olmalıdır ki, o və yaxınları yuxarıda qeyd olunan sərvətə sahib olsun?! Deməli, ortada çox ciddi əmma, daha doğrusu külli miqdarda yeyinti, maliyyə maxinasiyası, dövlətdən alınan dotasiyaların mənimsənilməsi, həmçinin "İdeal Kompani MMC"nin qurucusu və keçmiş sahibi İlqar İsmayılovun da dediyi kimi sahibkarların, iş adamlarının müxtəlif yollarla talan edilməsi, onların bizneslərinin ələ keçirilməsi halları var. Maraqlıdır, görəsən bu qədər informasiyanın olmasına rəğmən, hüquq-mühafizə orqanları nədən AZAL prezidenti barəsində lazımı ölçü götürmürlər? Onların qarşısına sədd çəkən nə və ya kim(lər)dir? Axı, Cahangir Əsgərova toxunulmazlıq verən nə və ya kimdir? Bu və digər önəmli sualların cavabı ilə bağlı yeni bilgi əldə etdiyimiz təqdirdə həmin məlumatları oxucularımızla bölüşəcəyik.
"Hürriyyət"in Araşdırma Qrupu
P.S. Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.