Axtarış...

Arif Əsgərovun baldızı oğlu axtarışa verildi, həbs ediləcək - məhkəməyə gəlmədi

Arif Əsgərovun baldızı oğlu axtarışa verildi, həbs ediləcək - məhkəməyə gəlmədi

Arif Əsgərovun baldızı oğlunun məhkəməsi davam edir. O da digər qardaşı kimi dələduzluqda ittiham edilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Rahib Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə Rahib Hüseynovun məhkəməyə gəlmədiyi məlum olub. Rahib Hüseynov son söz deməli, məhkəmə hökm çıxarmalı idi. Məhkəmə R.Hüseynov barəsində axtarış qərarı çıxarıb. O, həbs edilərək məhkəməyə gətiriləcək.

Xatırladaq ki, dövlət ittihamçısı Rahib Hüseynov barəsində polis nəzarətinə verilmə qətimkan tədbirinin dəyişdirilməsini, 10 il azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs edilməsini istəyib. Bildirək ki, Rahib Hüseynov məhkəməyə gündəlik xərcləri və görülən işlərlə bağlı ayrılan məbləğləri qeyd etdiyi kitabları təqdim edib.

Rahib Hüseynov 2013-cü ildə həbs edilmədən öncəyə qədər həmin kitablarda görülən işlərlə, alınan məbləğlərlə bağlı qeydlər yazıb. Hüseynov həmin 5 kitabda ayrı-ayrı şəxslərdən aldığı, iş üçün ayrılan milyonları qeyd edib. Həmin kitablarda xeyli sayda vəzifəli şəxslərin adının keçdiyi məlum olub. O kitablarda qeyd edilən məbləğlər 20-25 milyondur. Alınan pullarla Arif Əsgərovun oğlu dəmiryolu üçün xaricdən avadanlıqlar alaraq dövlətə baha qiymətə satıb. Qazancdan isə pul aldığı şəxslərə də faiz verib.

Məlum olub ki, kitablarda adı keçən həmin şəxslər Arif Əsgərovun oğlu Elnar Əsgərova verdikləri pullar qarşılığında xeyli qazanc əldə ediblər. Pulların alınması və aylıq faizlərin verilməsinə, "qara mühasibatlıq" işinə də R.Hüseynov nəzarət edib. Məhkəməyə əlavə şahid kimi çağırılan şəxslər adı kitablarda çəkilənlərdir.

R.Hüseynov 4 milyon 300 min manatlıq dələduzluqda ittiham edilir. Bundan başqa, R.Hüseynov vətəndaş Namiq Mehdiyevə də qarşı dələduzluq edib. Elan olunmuş ittiham üzrə R.Hüseynov özünü təqsirli bilmədiyini deyib.

Təqsirləndirilən Hüseynov deyib ki, ona qarşı irəli sürülən bütün ittihamlar əsassızdır. Çünki qeyd edilən bütün işləri Elnar Əsgərov edib. Ayrı-ayrı şəxslərdən külli miqdarda pulların alınması, onlara faizlərin verilməsi, xaricdən gətirilən malların dövlətə baha qiymətə satılması və digər işlər Elnar Əsgərovun nəzarətində olub. Rahib Hüseynov isə Elnarın "qara mühasibat"lığına nəzarət edib. Pullar bir neçə dəfə Rahib Hüseynov vasitəsi ilə alınıb. Maraqlıdır ki, Elnar şəxsən özünün aldığı pulları geri qaytarıb, amma Rahib Hüseynov vasitəsi ilə ona çatdırılan pulları ödəməkdən imtina edib. Bildirib ki, həmin pullar Rahib Hüseynov tərəfindən ələ keçirilib.

Qeyd edək ki, R.Hüseynov bir neçə nəfərdən iş görmək adı ilə külli miqdarda pul almaqda ittiham edilir. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur. Onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

R.Hüseynovun digər qardaşı Emil Hüseynov da dələduzluqda ittiham edilib və onun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə 9 il azadlıqdan məhrum edilmə cəzası çıxarılıb və məhkəmə zalında həbs edilib.

Bildirək ki, Hüseynov qardaşları Arif Əsgərovun baldızı oğullarıdır.

Arif Əsgərov 2004-2015-ci illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışıb. A.Əsgərov 2015-ci ildə prezidentin fərmanı ilə tutduğu vəzifədən azad edilib. Başqa bir fərmanla o, nəqliyyat nazirinin müavini təyin edilib. Ziya Məmmədov postunu itirən zaman o da vəzifəsiz qalıb.

Bu işdə də Arif Əsgərovun oğlu Elnar Əsgrovun adı keçir. O, bir müddət ölkəni tərk etmişdi. Lakin sonradan Bakıya qayıdaraq məhkəmə prosesində şahid kimi ifadə vermişdi. O, bu işlərdə Hüseynov qardaşlarını ittiham edərək özünü məsuliyyətdən kənara qoymağa çalışmışdır.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz