Zəngilan rayonunun Üçüncü Ağalı kəndində "Ağıllı kənd"in tikintisində çalışdıqlarını, amma aylarla əməkhaqqı almadıqlarını deyən bəzi şəxslər problemləri həll olunsa da, daha orada işləməyəcəklərini bildiriblər.
Millitv.az xəbər verir ki, bu barədə "Turan"a onların özləri danışıblar.
Ötən ilin son günlərində Zəngilan rayonunun Üçüncü Ağalı kəndində "Ağıllı kənd"də çalışdıqlarını deyən bəzi şikayətçilərin müraciətləri yayılmışdı. Orada bildirilmişdi ki, həmin tikintidə iştirak edən 300-dək işçinin iki aydır əməkhaqqısı ödənilmir, heç əmək müqaviləsi belə bağlanmayıb. Onlar həmçinin, məişət şəraitinin pis olmasından da şikayətlənmişdilər.
"Məsələ işıqlandırılandan sonra problem öz həllini tapdı. Pulumuzu ödədilər. Amma biz orada işimizi davam etdirməkdən imtina etdik", - onlardan adının çəkilməsini istəməyən biri bu gün, yanvarın 7-də vurğulayıb.
Bu deyilənlərə, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma Kənd Təsərrüfatı Nazirliyindən bir müddət öncə "Turan"a bildirilmişdi ki, yaranmış vəziyyətdə fəhlələri işə götürən və onlarla ödəniş üsulunu nizamlamayan subpodrat təşkilat günahkardır. Vurğulandığına görə, şirkət bank vasitəsilə pul ödəməyi təklif edib, lakin işçilər pulu nağd şəkildə tələb ediblər, çünki bankomat vasitəsilə almaqda çətinlik çəkirlər: "Kənd Təsərrüfatı Nazirliyi inşaatçıların əməyinin ödənilməsində iştirak etmir. Biz, sadəcə, işləri ödəyən sifarişçiyik. Kənd Təsərrüfatı Nazirliyi bu məsələni araşdırıb, fəhlələrin problemi artıq həll olunub".
Kənd Təsərrüfatı Nazirliyindən müqavilə bağlayan və subpodratçıları işə götürən baş podratçının adını açıqlaya bilməyəcəklərini bildiriblər.
Şikayətçilərin özləri də subpodratçı şirkətin adını açıqlamayıb.
2020-ci ildə Azərbaycan işğal altında olan ərazilərinin üçdə iki hissəsini ( Zəngilan rayonu daxil) azad edib. Hazırda rayonun Ağalı kəndində "Ağıllı kənd" layihəsinin həyata keçirildiyi bildirilir. Bu layihədə məqsədin çağdaş texnologiyalardan istifadə etməklə həmin kəndin idarəçiliyində ən yüksək səmərəyə çatmağın olduğu açıqlanıb. Kənddə, hələlik, məskunlaşma yoxdur.