Axtarış...

Rəşad Nəbiyev bunu bacaracaqmı? - NARAZILIQ!

Rəşad Nəbiyev bunu bacaracaqmı? - NARAZILIQ!

XXI əsr internet əsridir. Üstəgəl, pandemiya insanları internetdən daha da asılı vəziyyətə salıb. Azərbaycan isə peyk ölkəsidir. Düşmən üzərində qazandığımız möhtəşəm qələbədən sonra gücümüzlə daha da öyünür, Ulu Öndər Heydər Əliyevin “İqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir” sözlərini daha çox təkrarlayırıq. Qarşımızda duran yeni vəzifənin – işğaldan azad edilmiş ərazilərin infrastrukturunu yeniləmək, onları məskunlaşdırmaq, məcburi köçkünləri öz doğma yurdlarına qaytarmaq vəzifəmizin öhdəsindən tezliklə gələcəyimizə ümidliyik.

Azərbaycan Prezidenti cənab İlham Əliyev bir neçə gün əvvəl deyib ki, Azərbaycan rabitə və yüksək texnologiyalar sahəsində bölgədə «mərkəzi rol oynayır». O, buna sübut olaraq bu sahədə baş tutan sərgilərin Azərbaycanda keçirilməsini göstərib. Prezident qeyd edib ki, Azərbaycanda ölkə daxilində rabitə sahəsində «bütün əsas məsələlər həll olunub. İnternet istifadəçilərinin sayı 80 faizdən çoxdur. Hər kəs bilir ki, Azərbaycanda internet azaddır, heç bir senzura, heç bir məhdudiyyət yoxdur. Peyklər həm müharibə dövründə, həm müharibədən sonrakı dövrdə Azərbaycana «çox böyük üstünlük» verib. Cənab Əliyev vurğulayıb ki, azad edilmiş torpaqları «yüksək texnoloji inkişaf ərazisi» olmalıdır. O, bu ərazilərdə yaşıl enerji zonası və kənd təsərrüfatında «ən müasir texnologiyalardan» istifadə barədə tapşırıqlar verib. «Azad edilmiş ərazilərdə qurulacaq şəhərlər və kəndlər «smart-city», «smart-village», — yəni, «ağıllı şəhər», «ağıllı kənd» konsepsiyası əsasında qurulmalıdır. Bu işləri indidən planlaşdırın ki, şəhərsalma aparılarkən, layihələr icra edilərkən mütləq dünyanın ən qabaqcıl texnologiyaları orada tətbiq olunsun. Ondan sonra və bəlkə də bununla paralel olaraq, bizim digər şəhər və kəndlərimizdə buna oxşar layihələri də icra etmək lazımdır. Çünki əgər biz bunu bu gün etməsək, sabah geri qalacağıq. Biz geri qala bilmərik», — Prezident deyib.

Ancaq məlum olanda ki, məsələn, Gədəbəy rayonunun Dördlər kəndində hələ də əhali stasionar telefon xətti ilə, internetlə təmin olunmayıb, o halda yuxarıda sadaladığımız vəzifələrin öhdəsindən gələ bilməyimiz sual doğurur. Adı çəkilən kəndin 19 nəfər sakininin imzası ilə redaksiyamıza daxil olmuş ərizədə bildirilir ki, bu problemlərinin həllinə nail olmaq üçün Gədəbəy Rayon Telekommunikasiya Qovşağına dəfələrlə müraciət etsələr də, heç bir nəticə hasil olmayıb. Vəziyyət budur ki, uşaqları onlayn dərslər keçə bilmirlər.

Məsələ ilə əlaqədar Gədəbəy TKQ-nin rəisi cənab Elşad Bayramovla telefon əlaqəsi yaradıb problemin həlli ilə bağlı hansı işlərin görüldüyünü soruşduq. Rəis bildirdi ki, problem xeyli müddətdir ki mövcuddur və həllinə nail olmaq üçün lazım olan DSLM aparatı və kabelləşmə layihəsindən ötəri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət olunub, amma Nazirlik məsələnin həllini təmin etməyib. Görünür, E.Bayramov bu sözləriylə bütün nöqsan və çatışmazlıqları bir neçə gün əvvəl vəzifədən alınmış sabiq nazir Ramin Quluzadənin üstünə atmaq istəyib. Nə deyirik? Ümid edək ki, yeni nazir Rəşad Nəbiyev sələfindən miras qalmış problemlərin tezliklə həllinə nail olacaq, Gədəbəyin Dördlər kəndinin sakinləri də “Daş Dövrü”nü adlaya biləcək.
Deryaz.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz