Bir neçə gün əvvəl şəhid Füzuli Rzayevin anası Tovuz rayonu Hunanlar kəndində yaşayan Rzayeva Gülbahar Məcid qızının müraciətini dərc etmişdik.
G.Rzayeva deyir ki, nəvəsi Rzayev İqbal Mehman oğlu günahsız olduğu halda onun haqqında “Ultratek” MMC-nin saxta şikayəti ilə bağlı prokurorluqda cinayət işi açılıb.
Onun sözlərinə görə nəvəsi barəsində açılan cinayət işi üzrə maddi ziyanın olub-olmamasını müəyyən etmək üçün 4 dəfə ekspertiza təyin edilib və alınan bütün rəylərdə nəvəsinin günahsız olduğu göstərilib.
G.Rzayeva bu dəfə nəvəsindən şikayətçi olan “Ultratek” MMC-nin kimə məxsus olması barədə məlumat verib.
Bildirib ki, əvvəlki adı “Ultratek”, indiki adı isə “Texnomart” olan şirkət general Sabir Nağıyevin sahib olduğu “SR Group” Holdinqin tərkibindədir. “SR Group”un adı general Sabir Nağıyevin oğlanları olan Sahil və Rahilin adlarının baş hərfləridir.
Sabir Nağıyev 2020-ci ildə ləğv edilən Xüsusi Dövlət Mühafizə Xidmətinin generalı olub.
G.Rzayeva əlavə edir ki, nəvəsi İqbal Rzayev indiki adı “Texnomart” olan, daha əvvəl isə “Ultratek” MMC kimi tanınan şirkətin rəhbərliyinin göstərişi ilə mənimsəmədə ittiham olunur:
“Nəvəm şirkətin Tovuz filialında müdir olub. Onu şirkətin malını mənimsədə günahlandırırlar. Amma işlə bağlı alınmış bütün rəylərə görə hansısa ziyanın olmadığı, nəvəmin günahsız olduğu öz təsdiqini tapıb. Bunu biz yox, ekspert rəyləri sübut edir. Buna baxmayaraq, iş 1 ildən artıqdır ki, yekunlaşmır. Nəvəm İqbal müstəntiq tərəfindən 09.12.2021-ci il tarixdə İstintaq idarəsinə dəvət edilib. Müstəntiq nəvəmə istintaq idarəsinin rəisinin adından, şirkətə vurulmuş ziyanı ödəməyi tələb edib, bu haqda rəsmi xəbərdarlıq etdiyini, ziyanı ödəməyəcəyimiz təqdirdə İqbalın həbs ediləcəyini bildirir. Hətta ziyan mövcud olsaydı belə, onun ödənilməsini həbs hədəsi ilə tələb etmək qanuni deyil”.
Şəhid anası qeyd edib ki, nəvəsi rəsmi sənədlərdə şirkətin Tovuz filialının rəhbəri olsa da, cinayət işində Qazaxdakı mağazanın da rəhbəri kimi göstərilir:
“Dedikləri və tələb etdikləri məbləğ 144 min manatdır. Nəvəm nümunəvi işçi olub və hər rüb yoxlama, hesabat olub. Heç birində nöqsan olmadığı halda bu qədər zərəri necə müəyyən etdilər? Onlar desə ki, ziyan 1 milyondur, 1 milyon da yazılacaq?
İqbal mənə baxır, bütün ailəmizi, qazi oğlumu, onun xərçəng xəstəsi olan həyat yoldaşını, hamımızı dolandırır. Hamımız İqbalın himayəsindəyik.
Ailəmizdə ümumilikdə 2 şəhid var. Oğlum Rzayev Füzuli Ziyadxan oğlu və baldızım oğlu Mədətov Adil Xıdır oğlu Qarabağ uğrunda döyüşlərdə şəhid olublar. Digər oğlum İmaməddin Rzayev isə Qarabağ müharibəsi qazisidir. İqbal tək öz ailəsini deyil, məni də dolandıran yeganə şəxsdir. Bu məsələnin ədalətli araşdırılması üçün bütün rəsmi qurumlara müraciət etmişəm”.
Baş Prokurorludan isə məsələ ilə bağlı bildirilib ki, “Ultratek” MMC-nin baş ofisindən Tovuz rayon prokurorluğuna şirkətin Tovuz rayonunda yerləşən filialında baş vermiş mənimsə faktları ilə bağlı daxil olmuş müraciət əsasında araşdırma aparılaraq 22 dekabr 2020-ci il tarixində rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.1-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb, istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
Cinayət işi üzrə məhkəmə-mühasibatlıq, məhkəmə-xətşünaslıq və digər zəruri ekspertizalar təyin edilmiş, qeyd edilən filialın müdiri işləyən İqbal Rzayev və digər şəxslər şahid qismində dindirilib, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda cinayət işi üzə istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, “SR Group” Holdinq 2001-ci ildə “Autostar Kaukasus GmbH” olaraq Mercedes-Benz markasının ölkədə rəsmi distribütoru kimi fəaliyyətə başlayıb. Holdinqə daxil olan “Ultratek” MMC 2005-ci ildən “Arçelik” brendinin rəsmi nümayəndəsi kimi xidmət göstərib.
Holdinqə Bakıda fəaliyyət göstərən bir neçə “Sağlam diş” klinikaları, ölkə üzrə 30-dan çox “Texnomart” mağazaları da daxildir.
Mercedes-Benz markasının ölkədə rəsmi distribütoru olmaqla yanaşı holdinq “Şkoda”, “Changan” kimi brendləri Azərbaycanda təmsil edir.
Holdinqə daxil olan “SR Chemicals” isə məişət kimyası sahəsində məhsulların satışını həyata keçirir.
Tikinti sahəsində isə holdinqin həyata keçirdiyi ən böyük iki layihə “Teras Park” və “Əhmədli Park”dır.
Musavat.com