Rayonun Dəstəfur kənd sakini Məlahət Rzayeva “Gözətçi”yə bildirib ki, ağır xəstəlikdən əziyyət çəksə də, onun əlillik səbəbindən pensiyanı təyin edilməsi üçün etdiyi müraciətləri cavabsız qalıb. O, əlavə edib ki, dövlət orqanlarına 2019-cu ilin ortalarından müraciət edir.
M.Rzayeva deyir ki, xəstəliyi ucbatından əmək qabiliyyətini itirib. “Mən mədə-bağırsaq xəstəliyi olan selekiya xəstəliyinin ağır formasından əziyyət çəkirəm. Uzun müddət müalicə olunsam da, heç bir nəticəsi olmayıb. İşləyə bilmirəm, əmək qabiliyyətimi itirmişəm“.
Şikayətçi deyir ki, xəstəlik epikrizləri Daskəsən rayon Mərkəzi Xəstəxanasının həkimləri tərəfindən sistemə göndərilib. Ancaq ona imtina cavabı gəlib və səbəb kimi göndərişin natamam doldurulduğu qeyd olunub.
“Xəstəxanasının baş həkimi Mirzəkərim Tağıyevə müraciət etdim, o isə cavabında bildirdi ki, xəstəxanadan asılı heç bir səbəb yoxdur, göndərişi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bazası (TSERAS) imtina verdirir. Göndərişin natamam doldurulduğunu baş həkimə göstərsəm də, israrla səhvlərini qəbul etmədi”, – deyə Məlahət Rzayeva bildirib.
M.Rzayeva əlavə edib ki, məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) də müraciət edib. ƏƏSMN-dən isə ona bildirilib ki, sözügedən xəstəxana göndərişdə məlumatları doğru qeyd etməyib.
Məlahət Rzayeva məsələ ilə bağlı prezidentə iki dəfə rəsmi müraciət ünvanlasa da, şikayəti cabasız qalıb.
Şikayətlə bağlı Daskəsən rayon Mərkəzi Xəstəxanasının məsul əməkdaşları bildirdi ki, M.Rzayeva xəstəxanada qeydiyyatdan keçməlidir.
“Şikayətçi natamam doldurulma ilə bağlı gəlsin Mərkəzi Xəstəxanaya, qeydiyyatdan keçsin. Rəsmi ərizəsi qəbul olunsun, 11 həkim komissiyası təsdiq olunan sənədi yoxlasın və qiymətlənməsinə təminat verilsin. Xəstə canlı baxışa gəlməlidir. Bütün beş illiklərin (ikinci və üçüncü dərəcə əlillik 5 il müddətinə müəyyən edilir – red.) hamısı canlı baxışa dəvət edilir. Hamıya imtina verirlər. Son beş ildə alanlar, bir nəfərə vermirlər. Nazir tərəfindən hamı dəvət olunur ki, əlillik tam yoxlanılsın, sonra qiymətləndirilsin”.