Bakı şəhəri, Qaradağ Rayonu, Sahil qəsəbəsi Ə.Gülbabayev küç. ev 18 mən. 35-də yaşayan Rzayeva Fəridə Meyli qızı doğma qardaşı Ələmov Rahim Meyli oğlu tərəfindən dələduzluğa məruz qaldığını bildirir.
Bununla bağlı “AzPolitiika.info”-ya məktub ünvanlayan F.Rzayeva yazır: “Həyat yoldaşım Rzayev İltifat Qüdrət oğlu 2012-ci ildə vəfat edib. 2013-cü ildə qardaşım həyat yoldaşımdan qalan mənzili mənim adıma özəlləşdirməyə köməklik göstərəcəyini bildirdi. Öz dəsti-xətti ilə yazdığı kirayə müqaviləsi ərizəsinə məni aldadaraq, savadsızlığımdan, yaşlılığımdan istifadə edərək imza atdırdı.”
Şikayətçi iddia edir ki, qardaşı sonradan 45 saylı Notariat Kontorunun rəisi Tofiq Şükürovla əlbir olaraq və Bakı şəhəri Mənzil Komunal Təsərrüfat Departamenti ilə iş birliyi quraraq, saxtakarlığa yol verib. Məktubdan belə anlaşılır ki, həmin mənzil Beynəlxalq Bankın Yasamal filialına girov qoyularaq, bankdan maliyyə vəsaiti çıxarılıb.Şikayətdə qeyd olunur ki, bank F.Rzayevaya heç bir məlumat vermədən, mənzilə baxmadan onun qardaşına pul ödəyib.
F.Rzayeva iddia edir ki, ona qarşı dələduzluq əməlində digər qardaşları Ələmov Yusif Meyli oğlu, Ələmov Akif Meyli oğlu, Ələmov Röşən Meyli oğlu və doğma bacısı İbadova Kamilə Meyli qızı da yaxından iştirak edib. Şikayətçi bu işdə 119 saylı “JEK”-in sabiq müdiri Vidadi Əliyevin, Sahil Qəsəbəsinin İcra Numayəndəliyi və Bələdiyyəsinin də saxtakarlığa yol verdiyini idddia edir.
F.Rzayevanın bildirdiyinə görə, bu saxtakarlıqların üstü açılandan sonra müvafiq orqanlara, Qaradağ Rayon Məhkəməsinə müraciət etsə də, heç bir nəticəəldə edə bilməyib. Sonda şikayətçi ölkə rəhbərliyinə və müvafiq dövlət qurumlarına müraciət edərək, ona qarşı törədilən cinayətin araşdırılmasını və qanun çərçivəsində tədbirlər görülməsini xahiş edir.
Məktubda adı keçən bütün şəxslərin mövqeyini dərc etməyə hazırıq.